“Dünən Azıxdan çıxdıq Şuşaya gəldik. Yollar hələ ki, çox bərbad vəziyyətdədir, çünki yol yoxdur, Zəfər yolu ilə gəlmişdik. Hələlik ancaq torpaq yoludur, çünki havalar soyuq keçir, asfalt döşəmək mümkün deyil. Palçıq idi və güclü duman var idi. Ona görə Azıxdan Şuşaya 1 saat 45 dəqiqəyə gəldik. Gecə Şuşada qaldıq. Səhər saat 9-da çıxmışıq və gedirik, bir neçə tədbir var. Hava açıqdır, ancaq yenə də buludlar şəhərin üstündədir”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə martın 16-da Şuşa şəhərinə gedərkən deyib.
Prezident bildirib: “Keçən dəfə yanvar ayında gəlmişdik. Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini Şuşaya qaytardıq. Bu gün bir daha Şuşaya gəlmək insana böyük zövq verir. Sol tərəfdə Şuşanın qarlı, dumanlı dağlarıdır.
Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq. Məqbərənin əvvəlki görkəmi bərpa ediləcək. Bu gün bərpa işlərinə start veriləcək.
Məscidlərin bərpası ilə bağlı artıq müvafiq göstərişlər verildi. İlkin araşdırmalar başlanıldı və yaxın gələcəkdə layihə təqdim ediləcək.
Şuşa bütün mövsümlərdə gözəldir.
Bulaqları da bərpa edəcəyik. Otuz il ərzində ermənilər bütün bulaqlarımızı qurudublar. Görün şəhər nə gündədir, düşmən Şuşanı nə günə salıb.
Vaqifin məqbərəsinə yaxınlaşırıq. Artıq işlərə start verilib. Layihəyə baxmışam. Bax, burada fotoşəkillər də var. Ulu öndər Heydər Əliyev burada olarkən həm açılışda, həm də Vaqif poeziya günündə iştirak edib. Tarixi bərpa edirik. Bu layihəni Heydər Əliyev Fondu öz vəsaiti hesabına icra edəcək, Heydər Əliyev Fonduna xas olan zövqlə, Mehriban xanımın rəhbərliyi ilə”.