“Keçən ilin yay aylarında Avropa İttifaqı ilə tərəfdaşlıq prioritetləri sənədi paraflandı. Bu, çox önəmli sənəddir. Xüsusilə nəzərə alsaq ki, orada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı ilə bağlı xüsusi paraqraflar var, xüsusi fikirlər əks olunub. Bu, əlbəttə ki, çox önəmli məsələdir, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bunun çox böyük əhəmiyyəti var”.
ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində əksini tapıb.
Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyinin dəyişməz olaraq qaldığını vurğulayıb: “Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ bizim tarixi diyarımızdır və münaqişənin tezliklə həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında olmalıdır. Ermənistan tərəfi danışıqlar formatının dəyişdirilməsi ilə bağlı məsələlər qaldırıb. Ancaq təbii ki, Azərbaycan bunu qəbul edə bilməz. Eyni zamanda, Minsk qrupunun həmsədr ölkələrinin səfirləri - Amerika, Fransa, Rusiyanın nümayəndələri ciddi bəyanat verərək bildirdilər ki, format dəyişməz olaraq qalmalıdır. Həmçinin Avropa İttifaqının yüksək vəzifəli şəxsləri oxşar bəyanatla çıxış etmişlər. Yəni, bu, Ermənistana birmənalı ciddi siqnaldır, eyni zamanda, onu göstərir ki, Azərbaycanın mövqeyi daha da böyük dəstək qazanır”.
Prezident İlham Əliyev bildirib ki, münaqişənin həlli regionda sülhün, sabitliyin təmin olunmasına gətirib çıxaracaq: “Əlbəttə, Azərbaycan çalışır və çalışacaq ki, bu məsələ tezliklə ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapsın. Biz bununla bərabər, əlbəttə ki, öz hərbi gücümüzü artırırıq. Ötən il keçirilmiş iki hərbi parad bizim hərbi gücümüzü bütün dünyaya nümayiş etdirib. Bu il və bundan sonrakı illərdə biz ordu quruculuğu üçün nə lazımsa onu da edəcəyik. Bizim hərbi hissələrimizin demək olar ki, mütləq əksəriyyəti yenidən qurulub. Azərbaycan Ordusu ən müasir texnika ilə təchiz edilir və döyüş qabiliyyətimiz gündən-günə artır. Bu gün Novruz bayramını, o cümlədən Cocuq Mərcanlıda qeyd edirlər. Cocuq Mərcanlının qurulması, bərpası, yenidən oraya həyatın qayıtması bizim tarixi nailiyyətimizdir. Cocuq Mərcanlı bu gün Azərbaycan xalqının əyilməz ruhunun təzahürüdür”.