• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    14:08 25 fevral 2019

Prezident İlham Əliyev: “Sosial müavinətlər çox əhəmiyyətli dərəcədə artırılacaq”

“Uzun illər ərzində vətəndaşları narahat edən problemlərdən biri də vaxtilə tikilmiş və hansısa səbəblərə görə rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli mənzillərin sənədləşməsi məsələsi idi. Biz bu məsələyə də son qoyduq”.

ONA-nın məlumatına görə, bunu bu gün Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə bildirib.

Dövlət başçısı deyib ki, imzaladığı fərman əsasında artıq bu məsələ həll olunmuş hesab edilməlidir: “Yaxın gələcəkdə müvafiq dövlət orqanları bütün sənədləşmə işlərini apararaq məsələnin həllini təmin edəcəklər. Dörd yüz çoxmənzilli binada təxminən 60 minə yaxın əhali yaşayır. O vətəndaşların ailə tərkibləri təqribən toplam 300-400 min arasıdır. Yəni, bu da çox ciddi addım idi. Biz bunu da həll etdik”.

Prezident İlham Əliyev bir məsələni də qeyd etmək istədiyini söyləyib: “Artıq bir neçə aydır ki, ciddi sosial paket üzərində iş aparılır. Bu sosial paketin ilk təzahürləri haqqında mən artıq bildirdim, minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi bütün böyük sosial paketin tərkib hissəsidir. Eyni zamanda, sosial müavinətlərlə bağlı olan məsələ də öz həllini tapacaq. Sosial müavinətlər çox əhəmiyyətli dərəcədə artırılacaq. Yəni, bütün bunlar – bu çox böyük proqram 500 mindən çox əhalini əhatə edəcək. Sadaladığım bütüm bu təşəbbüsləri əgər biz təhlil etsək, o cümlədən problemli kreditlərdən əziyyət çəkən vətəndaşların da sayını müəyyən etsək, təqribən 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq. Bu, çox ciddi sosial paketdir. Bir daha demək istəyirəm ki, bu paketin reallaşması, ilk növbədə, bizim güclü siyasi iradəmizə söykənir. Çünki mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Eyni zamanda, bizim maliyyə imkanlarımız buna imkan verir. Maliyyə imkanlarımızı biz əldə etmişik, biz yaratmışıq. Məhz aparılan islahatlar nəticəsində bizim gəlirlərimiz, büdcə gəlirlərimiz artır, artacaq və artmalıdır. Ona görə bir daha demək istəyirəm ki, bizim iqtisadi inkişafımız sosial məsələlərin həlli ilə nə qədər bağlıdır. Bu da təbiidir. Bizdə güclü iradə, güclü sosial siyasət var. Eyni zamanda, elan edilmiş və icra edilən ciddi iqtisadi və sosial islahatlar bizə imkan verir ki, əlavə maliyyə resurslarını məhz vətəndaşların rifah halının yaxşılaşmasına yönəldək. Əminəm ki, 2019-cu il bütövlükdə ölkəmiz üçün uğurlu il olacaq. Azərbaycan 2019-cu ildə uğurlar və inkişaf yolu ilə gedəcək.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR