“Deyirlər ki, Türkiyə Azərbaycana hərbi yardım edir. Bilirsiniz, Türkiyə bizim qardaşımızdır. Bizim qardaşlıq münasibətlərimiz artıq böyük sınaqlardan çıxıbdır. Biz Türkiyədən hərbi texnika alırıq, ancaq biz başqa ölkələrdən də alırıq. Biz Rusiyadan, İsraildən, Belarusdan, İrandan, Ukraynadan, Şərqi Avropa ölkələrindən, o cümlədən Türkiyədən alırıq. Türkiyənin indi inkişaf etmiş hərbi sənaye kompleksi var. Niyə almayaq?”
ONA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində deyib.
“İndi baxın, Ermənistan nə edir? Biz pulla alırıq. Məndə tam siyahı var, o, sonra dərc ediləcək. Amma bir neçə məsələyə diqqətinizi çəkmək istəyirəm. Bu iki həftə ərzində Ermənistanın 200-dən çox tankı məhv edildi, 33 tank qənimət götürüldü. Yəni, 233 erməni tankı bizdədir. Ondan sonra iki S-300 qurğusu məhv edildi. Hər birinin qiymətini hər kəs bilir. Ondan sonra hava hücumundan müdafiə sistemləri - OSA-35 məhv edildi. TOR, KUB, KRUQ, karqo avtomaşınları, tank əleyhinə silahlar. Əgər hamısını hesablasan, ancaq məhv edilən və qənimət götürülən texnika 1-2 milyard dollar dəyərindədir. Sual olunur, kasıb Ermənistan, sən bu pulu haradan tapdın? Sən bunu pulla aldınmı? Xeyr. Sənə verdilər. Kim verdi, onu hər kəs bilir. Verirlər və davam edir”, - deyə dövlət başçısı qeyd edib.