APA-nın əməkdaşları Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər edib. Əməkdaşlarımız həmin ərazilərindən “Zəfərin izi ilə” layihəsində silsilə reportajlar hazırlayıb. Bu silsilədən növbəti reportajı təqdim edirik:
Xudafərin yollarında
Araz gəlir daşınnan,
Suyu qalxır başınnan.
Əzəli dumduruydu,
Bulandı göz yaşınnan.
Arazın o tayı ilə bu tayını birləşdirən, əsrlər əvvəl hərbi və ticarət məqsədləri ilə tikilən Xudafərin körpüləri son 200 ildə bizim üçün tarixi abidədən ziyadə mənəvi missiya daşıyıcısına çevrilib.
Arazın ikiyə ayırdığı xalqın - qardaşların-bacıların, ataların-oğulların, anaların-balaların - könüllərini birləşdirən mənəvi tel olub Xudafərin.
Hər dəfə o körpülərə baxanda bu taydakılar o tayı, o taydakılar bu tayı deyib ağlayıb. Azərbaycanlı o körpülərdə xalqın ağrısını, əzabını görüb. Əsrlər boyu parçalana-parçalana kiçilmiş ölkənin Araz boyda yarası üzərində məlhəm olub Xudafərin.
Xalqımızın çəkdiyi ağrıların, yaşadığı məhrumiyyətlərin simvolu olub Xudafərin.
***
Tarixin min bir tufanını, fırtınasını görən, neçə-neçə hökmdarların, sərdarların, padşahların istilalarına şahidlik edən Xudafərin son 27 ildə yeni bir yükü də öz çiyinlərinə götürmüşdü. Yeni bir dərd də asılıb qalmışdı boynundan - Qarabağ dərdi.
Son 27 ildə hər dəfə Xudafərin deyəndə, təkcə o tayı, güneyimizi xatırlamırdıq, həm də Qarabağı xatırlayırdıq, işğal altındakı torpaqları düşünürdük. Yeri gələndə, düşmən əlində girova çevrilmiş bu tarixi abidənin də halına acıyırdıq.
Nəhayət 27 illik nisgilimiz, sarsıntımız da bitdi.
27 illik dərd, azar çıxdı canımızdan.
Rəşadətli ordumuz Xudafərinə Azərbaycan bayrağını sancdı. Azərbaycan Prezidenti İlham Əliyev isə Birinci xanım Mehriban Əliyeva ilə birgə işğaldan azad edilmiş torpaqlara başlanan silsilə səfərlərinin əvvəlində Xudafərini ziyarət etdi. Körpünün üstündə Azərbaycan bayrağını qaldırdı, Arazın narahat sularında yuyundu, Qarabağ müjdəsi ilə salamladı Xan Arazı, gözaydınlığı verdi Xudafərinə.
Xudafərinin “çiyinlərindən” bir yük də belə götürülmüş oldu, bir ağrısı da beləcə azalmış oldu.
***
O taydan gələn alqış sədaları
Azərbaycan Ordusunun qazandığı bu uca zəfəri addımbaddım izləyən çəkiliş qrupumuzun yolu indi də Xudafərin körpülərinədir.
Soltanlı kəndinə qədər yolda bizi ermənilərin saldıqları nar, üzüm bağları müşayiət eləyib. Sonra isə Soltanlı kəndinin girişindəki Böyük Vətən müharibəsi abidəsinin indiki acınacaqlı durumunu lentə köçürüb, quru divarları qalmış evlərin tuşu ilə Xudafərinə üz tutmuşuq.
Sağımız məhv edilmiş kəndlər, solumuz Xan Araz. Arazın qırağında isə Vətən sərhədlərini qoruyan məğrur sərhədçilərimiz.
Daha Arazın suları bu düzlərdən-dağlardan keçəndə düşmən əsgərlərini görüb qəzəbdən bulanmayacaq, əl edib salamlayacaq bizim əsgərləri. Gümüşü suları daha gur axacaq, sahillərini bəzəyən qamışlar daha şən oxuyacaq nəğmələrini, quşları sevincdən daha gen açacaq qanadlarını, göy üzünü qucaqlayırmış kimi...
Arazın bu tayı dağılmış, viran qalmış kəndlərdirsə, o tayı bizdən nigaran, nisgilli soydaşlarımızın yurdudur. Bu 27 ildə onlar da bizim kimi narahat olublar. Arazın bu tayında hər dəfə qardaşlarını yox, düşmən əsgərlərini gördükdə ürəklərindəki ağrı qövr edib daha dərindən sızıldayıb. Onun üçün indi o taydan keçən maşınlar bu tayda bizi görəndə siqnal verib uşaq kimi sevinirlər. Çayın sahilinə balıq tutmağa, dincəlməyə gələn soydaşlarımız əl sallayıb bu taydakı qardaşlarını haraylayırlar. “Yaşasın”, “Gözümüz aydın”, “Qarabağ Azərbaycandır”, “Allah şəhidlərimizi rəhmət eləsin” nidaları Arazın sularına qarışır. Sevincimizin həddi-hüdudu yoxdur. Daha ziyadə danışa bilmirik. Amma sözsüz də oxuyur qardaş qardaşın qəlbini.
Bu alqışlar həm də nəhayət Qarabağı işğaldan azad etdiyimiz üçündür. Daha güneyli soydaşlarımız o taydan baxanda burada düşmən əsgərlərini, dağılmış evləri, ocağı sönmüş yurdları görməyəcəklər.
Bir-birimizlə olan bu bağ, bu sevgi Arazla uzanıb Xudafərində düyünlənir, Xudafərində bəndlənir. Bu baxımdan Xudafərin həm də güneyin quzeyə, quzeyin güneyə sevgisinin, məhəbbətinin möhürüdür.
...beləcə qarışıq hisslərin burulğanında, bir vaxtlar Naxçıvana gedən qatar yolunun üstü ilə, Arazın gümüşü suları ilə danışa-danışa gəlib çıxırıq Xudafərinə.
Bu da Xudafərin körpüsü...
Körpünün üstündə məğrur-məğrur dalğalanan Azərbaycan bayrağı.
Ana-bala kimi sığınıblar bir-birlərinə.
Tarixlərə meydan oxuyan məğrur duruşu ilə qarşılayır bizi Xudafərin. Daşı ilə, otu ilə, Arazın şaqraq axan suları ilə salamlayır bizi.
Kəbə evini ziyarət edirmiş ki, sağını-solunu dolanırıq, müqəddəs daşlarını sığalladıqca təpər tapırıq, zəm-zəm sularına toxunduqca təzələnirik. Əlimizi göylərə açıb bizi bu günlərə qovuşduran Tanrıya şükür edirik.
***
Elə bilirəm, bu məqamda Xudafərin körpülərinin tarixinə də nəzər yetirmək yerinə düşər. Görək qəlbimizdəki yeri ilə bahəm tarixdəki əhəmiyyəti nədir Xudafərinin?
AMEA Elm Tarixi İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev Xudafərin körpülərinin Araz çayının iki sahilini birləşdirmək üçün inşa olunduğunu söyləyir: “Körpülərdən biri haqqında (dəqiq demək çətindir ikisindən hansı) Hamdullah Mustoufi Qəzvini “Nüzhətül-qülub” adlı əsərində yazır ki, bu körpü təxminən 639-cu ildə Birinci Rəşidi Xəlifəsi Hz. Əbubəkr bin Abdullah tərəfindən tikdirilib. Lakin ərəb ordusunun bu dönəmdə yenicə Azərbaycana daxil olduğunu nəzərə alaraq bu fikrin doğru olduğuna inanmaq çətindir. Orta əsr tarixçiləri şəxsləri və abidələri İslam böyüklərinə bağlamağı üstün tuturdular. Ümumiyyətlə, ərəb memarlığında körpü tikmə ənənəsi o qədər də geniş yayılmayıb. Körpü və qala tikmə ənənəsi ən çox Səlcuqlu memarlığında özünü büruzə verir ki, Xudafərin körpülərinin memarlıq üslubu Türk-Oğuz memarlığına olduqca yaxındır. Körpülərin aşırımlarının özülü təbii özül, yəni qayalıq üzərində qurulub. Bu da körpülərin indiyə qədər dayanıqlı qalmasına səbəb olub. Körpülərin inşası zamanı yumurta sarısından istifadə olunması haqqında söyləntilər də mövcuddur. Orta əsr memarlığında bu üsuldan istifadə olması hallarına rast gəlinir. Körpülər bişmiş kərpic və çay daşlarından istifadə olunaraq inşa olunub. On beş aşırımlı körpünün uzunluğu 200 metrdir. On bir aşırımlı körpü isə Elxanilər zamanında inşa olunub. Bu körpünün sadəcə üç aşırımı salamat olaraq dövrümüzə gəlib çatıb. Körpünün digər aşırımları Azərbaycan Sovetlər Birliyi tərəfindən işğal olunandan sonra dağıdılıb. Uzunluğu 130 metrdir. Xudafərin kəndində yerləşən bu körpülər şimallı və cənublu vahid Azərbaycanın ayrılıq simvoludur”.
Zəruri qeyd: Artıq Mədəniyyət Nazirliyi Xudafərin körpüləri haqqında ilkin sənədləri hazırlayaraq UNESCO-ya təqdim edib. Gələcək illərdə Xudafərin körpülərinin UNESCO-nun Dünya İrs Siyahısına salınması üçün bütün gərəkli addımlar atılacaq. Və bu min illik tarixi abidə dünya da öz lazımi dəyərini almış olacaq.
Qasımlı bulağının suyu
Bu yerlərdə, körpülərin qonşuluğunda bir Xudafərin kəndi də vardı. Qatarlar yanından keçib Naxçıvana gedərdi. Qarabağın işğal olunmuş bütün şəhərləri, qəsəbələri, kəndləri kimi indi bu kənd də tar-mar edilib. Evləri yıxılıb, bağları-bağçaları məhv edilib, bulaqları qurudulub.
İndi bu dağılmış kəndin evləri də Xudafərinə qoşularaq tarixin bir parçasına çevrilib.
Kənddə bir Qasımlı bulağı da olub ki, işğal illərində suyu quruyubmuş, daha doğrusu, ermənilər dağıdıbmış. Sərhədçiləriniz Xudafərində mənzil tutandan sonra Qasımlı bulağı yenidən şırıltıyla axmağa başlayıb. Bunları bizə Xudafərində vətəni qoruyan sərhədçilərimiz deyirlər. Hələ üstəlik Qasımlı bulağının suyundan dəmlənmiş çaya da qonaq edirlər.
***
Xudafərində işimizi yekunlaşdırıb geri qayıdırıq. Düşmən işğalından azad edilmiş daha neçə abidələr intizarla yolumuzu gözləyir...
Görüşənədək deyirik, Xudafərin.
Biz getmirik. Sənə doğru gəlirik. 200 ildir gəldiyimiz kimi.
Foto - İlkin Nəbiyev © APA GROUP