APA-nın əməkdaşları Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər edib. Əməkdaşlarımız həmin ərazilərindən “Zəfərin izi ilə” layihəsində silsilə reportajlar hazırlayıb. Bu silsilədən növbəti reportajı təqdim edirik:
Bir zabitin yolda bizə danışdıqları
Səfərimizin üçüncü günü. Yolumuz Cəbrayıl şəhərinədi. Bayaqdan rayonun neçə-neçə kəndini geridə qoysaq da, hələ də mərkəzə gedib çıxa bilməmişik. Yol uzandıqca, aşdığımız dağların, keçdiyimiz təpələrin sayı artdıqca heyrətimiz də o misildə artır: Görəsən ordumuz, əsgərimiz 44 günə bu əraziləri necə alıb? Hansı sürətlə irəliləyib? Şəhərdə isti yuvamızda oturub “tvit” həsrəti çəkəndə heç düşünürdükmü ki, bu qəsəbələr, bu kəndlər hansı gücün, hansı iradənin, hansı məhrumiyyətlərin, hansı itkilərin, hansı çətinliklərin hesabına alınır?
Keçdiyimiz kəndləri, qəsəbələri, dərələri, təpələri, düzləri, aşırımları gördükcə ordumuzun göstərdiyi şücaət qarşısında nəsə deməyə aciz qalırıq. Bütün bunlar nağıl kimi gəlir.
Postlardan birində bizə qoşulub Cəbrayılın mərkəzinə qədər yoldaşlıq edən zabitdən də bunu soruşduq: Hansı güc idi onları irəli aparan? Müharibə atəşindən çıxmış adamı sual atəşinə tutduq.
Haşiyə: Əvvəlki yazılarda qeyd etdiyimiz kimi müsahiblərimizin adını yazmırıq. Bir də axı nə fərqi var, kim danışır? Əsas danışılandı, bu müharibədə döyüşən oğullarımızın hamısı bizdən ötəri eyni dərəcədə qəhrəmandı, igiddi.
- Məzuniyyətdən gəlirsiz?
- Yox, şəhid yasından gəlirdim.
- Yəqin döyüşlərdə iştirak etmisiz?
- Bəli.
- Haralarda vuruşmusuz?
- Cəbrayılın hər yerində.
- Bu dağları, dərələri necə aşırdız, kəndləri, qəsəbələri necə keçib gedirdiz?
- And olsun Allaha, bu döyüşən uşaqlarda canavar ürəyi var idi. Ölümün üstünə dik gedirdilər ki, torpağımız alınmalıdır, vəssalam.
- Bir kəndi alandan sonra dərhal növbəti kəndi almağa keçirdiz, yoxsa gözləyirdiz?
- Bir kəndi aldınsa, orda mövqelənirsən, əmin olursan ki, kənd düşməndən təmizləndi. Ondan sonra növbəti hücum başlayır.
- Bəs döyüşlər zamanı əsgərlər harda yatır, harda dincəlirdilər? Çünki ermənilər kəndləri, şəhərləri dağıdıb, daldalanmağa elə bir yer gözə dəymir.
- Yatmaq heç yadımıza düşmürdü. Məsələn qabaqda dağ var, o dağ alınmalıdır. Daha əsgər yatmağı, dincəlməyi düşünmürdü, hərə yüngülvari də olsa, gözünün acısını alırdı, vəssalam, “Allah, Məhəmməd ya Əli” deyib hücuma keçirdik. Daha yatmaq nəydi!
- Yağışda, soyuqda nə edirdiz?
- Vecimizə də deyildi. İnanırsız, yağış yağıb, paltarım əynimdə islanıb. Sonra necə quruyub heç bilməmişəm. Mənim canıma azarlıqmı, xəstəlikmi, heç nə keçməyib. Bir yol varımızdı. Torpaqlar alınmalıdır, vəssalam.
- Yanınızda əsgər çox ölüb?
- Çox. Mənim doğma əmim oğlu yaralandı. Onu döyüş bölgəsindən çıxaranda bilirsiz nə dedi? Həmin vaxt ondan da pis vəziyyətdə yaralımız vardı. Ayağının biri getmişdi. Mən əmim oğlunu qucağıma aldım ki, çıxarım, dedi, məni at yerə, güllə mənim qarnımdan dəyib, ayağım üstümdədi, sürünə-sürünə də olsa, gəlib özümü çatdıracam, sən ayağı olmayan həmin əsgəri çıxar.
- Siz də çıxardız?
- Hə, mən də çıxardım.
- Sağ qaldı?
- Hə, sağ ayağı gedib, amma yaşayır.
- Ən çox minadan ölürdü əsgərlərimiz?
- Mina yox, ən çox minomyot mərmilərindən. Mənim iyirmi ilə yaxın xidmətim var, amma bu əraziləri tanımıram. Bölükdəki uşaqların 99 faizi məndən kiçikdir. Yəni mən hələ bu qədər təcrübəylə bu əraziləri tanımıramsa, 18-22 yaşlı uşaqlar necə tanısınlar? Amma ərazini tanımaya-tanımaya döyüşə dik gedirdilər, fikirləşmirdilər ki, birdən nəsə olar.
- Qoşunlar necə hərəkət edirdi? Kinolardakı kimi sıra ilə, yoxsa?
- Kinolardakı kimi hücum eləsək, bir qarış da ala bilməzdik.
- Başınızın üstündə “Harop”u , “Bayraqar”ı görəndə nə hiss keçirirdiniz?
- Tutalım düşmən hardansa bizi vururdu də, düzdür? İnanırsan, onun səsini eşidəndə elə bil qurbağa gölünə daş atmısan.
- Qaçırdılar?
- İt kimi qaçırdılar.
- Bizim əsgərsə onun səsini eşidəndə daha da ürəklənərdi.
- Bəli-bəli, dronlar böyük kömək göstərdi. Tapşırıq olur ki, gedirsən, iki sata yerinə yetirməlisən, amma uzanır də, “Bayraqdar”ın səsini eşidəndə isə istər-istəməz toxdayırsan.
- Cəbrayıl döyüşlərinə kim rəhbərlik edirdi?
- Cəbrayıla rəhbərlik edirdi Bərxudarov. Mayis Bərxudarov tam başqa adam idi. Əsgərlər ondan ötrü ölümə dik gedirdi. Qabaqda döyüşürdü. Əsgər də generalın hamıdan qabaqda döyüşdüyünü görüb ürəklənirdi. Milli Qəhrəman Şükür Həmidov da elə idi. O adam dayanmırdı. O adam çörək yemirdi. O adamın fikri-xəyalı yalnız o idi ki, torpaq alınmalıdır. Allaha qurban olum, hər adamı bir cür yaradıb. Birini hündür yaradıb, birini balacaboy yaradıb. Belə götürəndə Şükür Həmidovun nə elə çəkisi vardı, nə də boy-buxunu. Amma elə cəsarət sahibi idi ki, dəhşət. Otururdu mənim “BMP”-mə, deyirdi sür. Allah ona rəhmət eləsin. Döyünən ürək olub Şükür Həmidov. Əsgərdə ruh yüksəkliyi yaradırdı. Milli Qəhrəman qabaqda gedib döyüşürsə, mən, ya əsgər necə gedib döyüşməsin? Deyirəm də, zabitli-əsgərli bizim bircə düşüncəmiz var idi, nə qədər mümkündür, qabağa gedək torpaqlarımızı alaq.
- Yemək təchizatınız necə idi?
- Yaxşı idi. Mülki əhalimiz də sağ olsun. Bizə çox kömək edirdilər. Bu 44 gündə əsgərlərimizi korluq çəkməyə qoymayıblar, maşın-maşın ərzaq yollayırdılar.
- Şuşa alınanda nə hisslər keçirdiz?
- Mənim bir qonşum var, Şuşanın Malıbəyli kəndindəndi. Müəlliməm olub. Şuşa alınanda ən birinci ona zəng edib muştuluqlamışam. Burdan gedəndə o da qapıda mənə bir qurban kəsdi. Arzusu idi ki, tələbələrindən biri ona Şuşa xəbərini versin, həmişə dərsdə deyirdi. Mən də zəng elədim, dedim, müəllimə, gözün aydın olsun. Ağladı, bildi ki, ona yalan söz demərəm. Mənim zəngimdən iki gün sonra da rəsmi təsdiq olundu.
Söhbətləşə-söhbətləşə gəlib çıxırıq Cəbrayılın mərkəzinə. Burdan sonra yolumuz ayrılır, zabitimiz hərbi hissəsinə, biz isə Cəbrayıl Rayon Polis İdarəsində bizi gözləyən müşayiətçi polislərimizə (iki nəfərdirlər) qoşulub şəhəri çəkməyə gedirik.
Qara daş ziyarətgahı və donuz saxlanan hamam
Qara daş ziyarətgahı cəbrayıllıların müqəddəs ocaqlarından sayılıb həmişə. Kəbə evindəki qara daş kimi bu daşın da səmadan endiyi düşünülür. Onun üçün də əsrlər boyu bu nəhəng daş parçasına ehtiram göstərilib, inanclı insanlar dilək tutub, bu daşa nəzirlər deyiblər. Cəbrayıl şəhərinin hər yeri kimi, bu ziyarətgah da ermənilərin vəhşiliyindən nəsibini alıb. Amma yenə də dağıntıların arasında özünün forması, rəngilə seçilir.
Diləyimizi tutub, dağılmış evlərin, həyətlərin yanından keçib gedirik. Bura nə vaxtsa Cəbrayılın mərkəzi küçəsi olub. Mozaika işləməli dağılmış dayanacaqlar az da olsa firavan günlərin gözəlliyini özündə saxlayıb.
XIX əsrdə tikilmiş Sultan Allahverdi hamamının qarşısında dayanırıq. Hamamın qabağı dəmir torla çəpərlənib. Ermənilər bu tarixi abidənin içində donuz saxlayırmış. Hamamın qabağından keçən yolun qırağında qalıb iylənən donuz leşi də buranın tövlə kimi istifadə edildiyini deyir. Yəqin heyvanını özü ilə apara bilməyən hansısa erməni öldürüb donuzu. Çıxanda evini yandıran heyvanı da öldürər. Amma orası da var ki, deyirlər Cəbrayıla hücum vaxtı buradakı zabitlər binasında yaşayan ermənilər sobada çörəklərini, stolun üstündə yeməklərini, qədəhdə araqlarını qoyub çıxıblar.
Hamamın günbəzli əsas hissəsi dağılıb, bir neçə hücrəsindən başqa heç nə qalmayıb. Təəssüf ki, hamamın tarixi haqqında geniş məlumat tapa bilməmişik.
- Sultan Allahverdi hamamının yaxınlığında bir vaxtlar bazar, internat olub,- o biri bələdçimiz deyir – Bizim evimiz isə burdan aşağıda, Aşıq Pəri küçəsində yerləşirdi.
- Gedib baxmısız?
- Hə, gedib baxmışam, bünövrə daşlarından başqa heç nə qalmayıb. Qaldığımız zabitlər binasının balkonundan da evimiz görünür, arada ordan da baxıram.
- Evinizi o cür görəndə nə hiss keçirdiz?
- Mənim uşaqlığım o evdə keçib. Buraları o qədər gəzmişik. Bəzi şeylər - Qara daş, hamam, kəhriz yadımdadı.
- Qaqa, - o biri bələdçidi - bura Cəbrayılda doğulub-böyümüş, ömrünün çoxu burada keçmiş adamlar gəlir, heç haranı tanımır. Biz necə tanıyaq?
- Sizin küçədə Aşıq Pərinin heykəli də olmalıdır, bir də kəhrizin yanında Cəmil Əhmədovun heykəli.
- Biz burada heykəl görməmişik. Ermənilər hamısını dağıdıb. İndi kəhrizin yanına gedəcəyik, görəcəksiz. Orda bir “krujka” vardı, o “krujka”nın suyunu axıracan içmək olmurdu, o qədər soyuq idi su. Qurudublar suyunu, vicdansızlar.
Görmədim Cəmilin tunc heykəlini
Gəlirik kəhrizin üstünə. Burda nə kəhriz qalıb, nə də onun başında yüksələn uca çinar. Elə bil ermənilər bu yerlərin cəbrayıllılar üçün əziz olduğunu bildiklərinə görə qəsdən dağıdıblar, yoxsa ağacın, kəhrizin nə günahı?! Sanki təkcə insanlarla düşmənçilik etməyiblər, ağaclardan, dağlardan, dərələrdən də qisas alıblar.
Ermənilər beton plitələrlə kəhrizin üstünü bağlayıb, borularla bir vaxtlar zabitlərin qaldığı şəhərciyə su çəkiblər. Kəhrizin qalıqlarından aralıda isə betondan ürək formasında bir abidə də görürük. Lakin bələdçilərimiz işğaldan qabaq burada “ürək abidəsi” olub-olmadığını xatırlaya bilmirlər.
Səhv etmirəmsə, kəhrizin yaxınlığında mərhum xalq yazıçımız Sabir Əhmədlinin qardaşı, Sovet İttifaqı qəhrəmanı Cəmil Əhmədovun büstü olan abidə də ucalırdı. Sabir Əhmədlinin heykəlin önündə şəkli də var, Əli Kərimin Cəmil Əhmədovun xatirəsinə yazdığı şeir də...
Gördüm Cəmili
tunc geyimli,
heykəlliyində də
qayğıkeş,
cəsur,
sadə.
Sinəsini döndərmişdir,
həyatla
ölüm arasındakı səddə.
Kədərliydi bir qədər;
üç addımlıqdakı evlərinə
düşüb gedə bilmirdi
əbədiyyət kürsüsündən...
Cəmil Əhmədov Böyük Vətən müharibəsində qəhrəmanca döyüşmüş, 44-cü ildə Polşada həlak olmuşdu. Sabir Əhmədli ömür boyu mərhum qardaşının xatirəsini qəlbində yaşatdı, ölənəcən onun nisgilini ürəyində daşıdı, bu nisgil bir çox əsərlərinə sirayət elədi. Ömrünün sonlarında isə bir oğul nisgili də qəlbində özünə yuva qurdu. Oğlu Məhəmməd Əhmədov 1994-cü il fevral ayının 12-də, ad günündə Murovda şəhid oldu.
İndi Cəmil Əhmədovun tuncdan heykəli də yoxdur, vandallar Cəbrayıldakı başqa tikililər kimi onu da dağıdıb, talan ediblər.
Amma yenə də inanıram ki, doğma yurd-yuvası əsirlikdən, düşmən tapdağından xilas olan Sabir Əhmədlinin ruhu indi şaddır.
Yanmış pikap, qorxaq ermənilər
Sonra Böyük Vətən Müharibəsində həlak olanların şərəfinə ucaldılmış qartal abidəsini çəkməyə gedirik. Orada, dağın zirvəsində əzəmətli qartal heykəli də varmış nə vaxtsa. İndi o qartal yoxdur. Təkcə “1941-1945” yazısı qalır. Şəhərin digər səmtindəki naməlum əsgər abidəsini də eyni acınacaqlı durumda görürük.
Bura qədər gəlmişkən “Dostluq bulağı”nı da görüb, onun suyunu içməsək olmaz. Amma əvvəl bulağa qalxan yolun üstündə - erməni hərbçilərinin yanmış pikapının yanında dayanıb, çəkiliş edirik. Dayandığımız bu yer də Cəbrayıl uğrunda ciddi döyüşlər getdiyi nöqtələrdəndir.
“Bax, bu pikapdan aşağı, yol boyu erməni əsgərlərinin meyiti səpələnmişdi. Nə qədər idi! - Bələdçimizin biri fəxrlə danışır, o biri əlavə edir - “Qırmızı xaç” apardı, onlarla gələn ermənilər bizim əsgərlərin qorxusundan başlarını qaldırıb baxa bilmirdilər – Gülə-gülə danışır – Ruslara yalvarırmışlar ki, azərbaycanlı əsgərlərə deyin bizə elə baxmasınlar, ruslar da deyirmiş, siz Allah, ermənilərə tərəf baxmayın, qorxurlar.
Cəbrayıl şəhərində çəkə biləcəyimiz abidələrin indiki durumunu görəndən sonra bu səmimi, gülərüz bələdçilərimizlə xudahafizləşib “Mahmudlunun kruqu” deyilən yerdəki posta üz tuturuq. Orada bizi qarşılayan bələdçimizin müşayiəti ilə xalqımızın birlik, bütövlük rəmzi sayılan Xudafərin körpüsünə gedəcəyik.
Pianonu nağara kimi çalan əsgərlə tanışlıq
Hələlik isə “Mahmudlunun kruqu”ndayıq. Burada xeyli əsgər də var. Yeni bələdçimizi gözləyənə qədər onlarla söhbət edir, döyüş macəralarını dinləmək istəyirik.
Bir əsgər odun doğrayır. Balta kəsmir, ya odun çox bərkdir, hər nədirsə kötük yarılmır.
Deyirəm icazə ver, sənə kömək edim.
- Yox e, əziyyət çəkmə.
- Nə əziyyəti? Ver mən də yoxlayım – Nə yalan deyim, həm mənə əmi deyib qocaldan bu oğullara “biz də əsgər olmuşuq” janrında özümü göstərmək, həm də onlara bir faydam toxunsun istəyirəm.
- Baltanın başı çıxır deyəsən?
- Yox, çıxmır.
Baltanı qaldırıb zərblə kötüyə endirirəm, tərs adamlar kimi üzümə qayıdır. Bu dəfə baltanın sapından daha möhkəm yapışıram. İkinci zərbə. Üçüncü. Dördüncü.
- Daş kimidi – Pərtliyimi gizlətmək üçün deyirəm. Və baltanı son gücümlə oduna endirirəm. Axır ki, kötüyün qırağından bir yarmaça qopara bilirəm.
Amma təngnəfəs olmuşam.
Əsgər qardaşımın deyəsən mənə rəhmi gəlir, yaxınlaşıb baltanı alır.
- Baltan da pisdir e, qaqa - bəhanə tapıram.
- Hə, yaxşı kəsmir.
- Dayan baxım - baltanın alıb baş barmağımı ağzında gəzdirirəm - Həqiqətən kütdür. Bu bəhanəmdən möhkəm yapışıram, heç baltanın sapını bayaq belə möhkəm tutmamışdım.
- Bülöv daşı yoxunuzdur? Bunu itiləyin də. Olsaydı, mən itiləyərdim.
Guya odunu fərli yardım, qalmışdı baltanı itiləmək. Əlimin içi açıldı.
Yaxşı ki, fotoqrafımız İlkin məni bu həngamədən xilas edir:
- Mirmehdi, pianonu nağara kimi çalan əsgər var idi, o burdadı.
- Hanı?
- Odey.
Yaxınlaşıb həmin əsgərlə görüşürük.
- O videodakı sən idin də?
- Hə.
- Nə vaxtdan burdasan?
- Elə döyüşlər başlayandan.
- Videonu harda çəkmişdin?
- Hadrutda.
- Ev idi, ya musiqi məktəbi falan?
- Ev idi.
- Pianoda ifa eləyə bilmirsən?
- (gülür) Yoox. Ancaq “Cücələrim”i çalıram.
- Elə mən də. Sizin videolar Bakıda yaman trend olur.
Gülür yenə.
- Məşhurlaşmısan. Xəbərin var?
- Yox. Burda internetimiz yaxşı olmur.
- Müharibədən nə danışa bilərsən, bir epizod, bir səhnə.
- Nə danışım? - Gülür yenə. Bircə onu deyə bilərəm ki, ermənilər bizi görəndə siçovul kimi gizlənirdilər. Gözlərini elə qorxutmuşuq ki, bir də o hünərləri olmayacaq bizə hücum eləsinlər. Biz onlara sübut elədik ki, Azərbaycan xalqı qeyrətli xalqdır, lazım olanda torpağını ən qısa müddətə alır.
- Çətinlikləriniz çox idi?
- Çətinlik də olurdu. Mühasirəyə də düşmüşük, mühasirədə neçə gün ac da qalmışıq, susuz da qalmışıq, ən yaxın dostumuzu, əsgər yoldaşımızı da itirmişik, amma ruhdan düşməmişik. Çünki bilirdik ki, torpaqlarımızı azad eləməliyik, azad da etdik.
Mən yenə sual vermək istəyirəm. Amma deyir ki, indi ətraflı danışa bilməyəcək: “Allah qoysa, tərxis olaq, sonra geniş müsahibə verərəm”.
Sözləşib ayrılırıq. Elə bu vaxt bizi Xudafərində müşayiət edəcək bələdçimiz də gəlib çıxır.
Bəh-bəhli “Ohanyan səddi”nin keçilməsi
Xudafərin ayrı yazının mövzusudur, deyə indi ondan bəhs etməyəcəyik. Amma gəlin, mən sizə qayıdanbaş gördüyümüz, ermənilərin bəh-bəhlə təriflədikləri, bizimkilərin ilk həmləsindəcə yerlə-yeksan olan, sözdə keçilməz “Ohanyan səddi”ndən danışım.
Cəbrayılda bizim hərbi birləşmələrin aldıqları ilk yer “Ohanyan səddi” olub.
“Ohanyan səddi” ermənilərlə təmas xəttimizin arasında, bəndin arxasında, beton dirəklərin basdırıldığı və araları məftillərlə hörülü, minalı yer olub. Ermənilər hesab edirmişlər ki, bu səddi keçmək mümkün deyil. Çünki qarşıdakı dağın təpəsində quraşdırılmış antenalar vasitəsilə termal kameralarla da müşahidə aparırmışlar. “Ohanyan xətti”nə yaxınlaşan olan kimi görürmüşlər.
Yəni ermənilər “Ohanyan səddi”ni texnika və tikanlı məftillərin gücü ilə öz aləmlərində keçilməz qalaya döndərmişdilər. Belə hesab edirdilər ordumuz heç vaxt bu səddi yarıb hücuma keçə bilməz. Lakin sentyabrın 27-də hərbi əməliyyatlar başlayan kimi ilk növbədə həmin antena olan məntəqə məhv edilib. Qısa müddət ərzində də alınan ilk post bura olub. Beləcə, özlərindən uydurduqları digər mifləri kimi “Ohanyan səddi” mifi də sabun köpüyü kimi birdən partlayıb.
Bəs sonrası? Sonrası da məlum... Mənim bu yazımla anlatmaqla bitməyəcək, adına dastanlar qoşulacaq, romanlar yazılacaq bir “məlum”.
Mütləq yazılacaq.
(ardı var)
Davamında oxuya bilərsiniz: Xudafərinə aparan yol, O taydan salamlar, Qasımlı bulağının suyundan dəmlənən çay.
Foto - İlkin Nəbiyev © APA GROUP