Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə, əvvəllər Dağlıq Qarabağın inzibati ərazisi olmuş Şıxarx qəsəbəsində 2016-cı ilin Aprel döyüşlərində Talış yüksəkliyi istiqamətindəki döyüşlərdə şəhid olmuş hərbçilərin şərəfinə ağacəkmə aksiyası keçirilib.
ONA-nn məlumatına görə, bu məqsədlə ayrılmış torpaq sahəsində ağac tingləri ay-ulduz formasında əkilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Sabir Əhmədov, Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Qarabağ müharibəsinin veteranı, Azərbaycanın Milli Qəhrəmanı Mövsüm Məmmədov, keçmiş Tərtər özünümüdafiə batalyonunun komandiri Pənah Məmmədov və şəhid ailələri tədbirdə çıxış edərək torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edən igid hərbçilərimizin xatirəsinin xalqımız üçün əziz olduğunu, dövlətimizin şəhidlərə böyük ehtiram, onların ailələrinə xüsusi diqqət və qayğı göstərdiklərini bildiriblər.
Qeyd edilib ki, üç il əvvəl Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğalçı qüvvələrə ağır, sarsıdıcı zərbə vurub. Torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm bir addım atılıb. Prezident İlham Əliyev Aprel döyüşlərini dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən şanlı hərbi qələbə kimi dəyərləndirib.
Tədbirdə iştirak edən şəhid ailələrinin üzvləri dövlət qurumlarının burada olan nümayəndələri və hərbçilərlə birlikdə ərazidə ağac tingləri əkdilər. Üstünə Azərbaycan bayrağı bərkidilmiş hər tingin qarşısında bir şəhidin şəklinin və bioqrafik məlumatlarının əks olunduğu lövhə yerləşdirilib.
Sonra tədbir iştirakçıları Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün salınmış qəsəbədəki klub-icma mərkəzində şəhidlərimizə ehtiram əlaməti olaraq verilən ehsan məclisində iştirak ediblər.
Eyni məqsədlə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində də ağacəkmə aksiyası keçirilib. Yuxarıda adıçəkilən dövlət qurumları və Cəbrayıl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən aksiyada Lələtəpə yüksəkliyi istiqamətində ordumuzun uğurlu əks-həmlə əməliyyatları zamanı qəhrəmancasına həlak olmuş şəhidlərin ailə üzvləri, döyüş yoldaşları, həmin ərazilərdə hərbi xidmət keçən gənc əsgərlər, Cocuq Mərcanlı kəndinin sakinləri iştirak ediblər. Lələtəpə uğrunda döyüşlərdə həlak olmuş 22 şəhidin hər birinin adına kəndin girişində yolun kənarında çinar ağacı əkilib, onların yanında xüsusi məlumat lövhəsi yerləşdirilib və üzərinə Azərbaycan bayrağı bərkidilib.