Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən qondarma "Dağlıq Qarabağ Respublikası"nın keçmiş "müdafiə naziri" Samvel Babayanın ofisi "Mərkəzi Seçki Komissiyası"nın qərarı ilə bağlı müraciət yayıb.
ONA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, müraciətdə deyilir ki, "Konstitusiya"ya dəyişikliklərin edilməsi ilə əlaqədar imza toplanması proseduru barədə S. Babayanın təklifi qondarma qurumun rəhbərliyini narahat edib.
Qeyd edək ki, "Mərkəzi Seçki Komissiyası"nın qərarına əsasən, xüsusi təşəbbüs qrupu tərəfindən imza toplama kampaniyası qrup qeydiyyatdan keçəndən sonra 45 gün müddətində aparılmalıdır.
S. Babayan 40 min əhalisi olan Xankəndində 45 gün ərzində imza toplamanın çətinliyinə diqqət çəkib. “Bu o deməkdir ki, imza vermək üçün hər gün 1000 nəfərdən ibarət növbə yaranmalıdır”, - deyə o bildirib.
Bunu insan hüquqlarının pozulması kimi qiymətləndirən S. Babayan qondarma qurumun rəhbərliyini qanun çərçivəsində işləməyə, insanlara qarşı yönələn şiddəti dayandırmağa çağırıb.
"Əks halda, siz xalqı inqilaba vadar edəcəksiniz. Bunun bütün məsuliyyəti isə sizin üzərinizdə qalacaq”, - deyə müraciətdə vurğulanır.