• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    15:24 8 aprel 2019

Qubadlıda ermənilərin qətlə yetirdiyi Oleq Babakın Ukraynada anım mərasimi keçirilib

Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində Sovet İttifaqı Qəhrəmanı Oleq Babakın Qubadlıda ermənilər tərəfindən qətlə yetirilməsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Azərbaycanın Ukraynadakı səfirliyindən ONA-ya bildirilib ki, səfirliyin təşəbbüsü və dəstəyi ilə keçirilən anım tədbirində O. Babakın valideynləri, yerli əhali, onun adını daşıyan orta məktəbin şagirdləri, ölkəmizin Poltovadakı fəxri konsulluğu, Ukraynada Azərbaycan Ticarət Evinin nümayəndələri, Poltava Şəhər Administrasiyasının rəsmiləri və ukraynalı deputatları, eləcə də KİV nümayəndələri iştirak ediblər.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, səfirliyin hərbi attaşe aparatının əməkdaşları əvvəlcə O.Babakın yaşadığı evə gələrək onun valideynlərinə baş çəkiblər. O. Babakın valideynləri Azərbaycan dövlətinin onların problemləri ilə həmişə yaxından maraqlandığını vurğulayıblar.

Sonra tədbir iştirakçıları O.Babakın məzarını ziyarət ediblər. A. Xudiyev bildirib ki, O.Babak yerli kənd camaatı ilə birgə təxminən 70 nəfər erməni silahlısının mühasirəsinə düşüb. Ermənilərin yerli sakinləri təhvil verib, geri çəkilmək tələbinə məhəl qoymayan 24 yaşlı ukraynalı leytenant heç bir azərbaycanlının əsir düşməsinə imkan verməyərək son gülləsinə qədər vuruşaraq qəhrəmancasına həlak olub. Onun bu şücaəti nəticəsində yüzlərlə azərbaycanlının həyatı xilas olub. Səfir vurğulayıb ki, O.Babakın qəhrəmanlığı Azərbaycanda dillər əzbəridir.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR