Rusiya Dövlət Dumasının çərşənbə axşamı keçiriləcək iclasında Dağlıq Qarabağdakı son vəziyyətlə bağlı hərbi əməliyyatların dayandırılmasına və münaqişənin sülh yolu ilə nizamlanması üçün vasitəçilik edilməsinə dair hazırlanmış bəyanat layihəsinə baxılacaq.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bəyanat layihəsi Dumanın MDB üzrə Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr komitəsi tərəfindən hazırlanıb.
Layihədə alt palatanın deputatları tərəfindən münaqişə zonasında çoxsaylı insanların ölümünə səbəb olan vəziyyətin kəskin gərginləşməsindən ciddi narahatlıqları əks edilib, tərəflərin güc tətbiq etməsi kəskin şəkildə qınanılıb: “Dövlət Duması dərhal atəşkəsə ehtiyac olduğunu, bölgədə qarşıdurmanın artmasının qarşısının alınmasını və vəziyyətin sülh yolu ilə həllinə alternativ olmadığını elan etmək niyyətindədir. Dövlət Dumasının deputatları tərəfləri danışıqlar prosesinə ən qısa müddətdə qayıtmağa çağırır və vəziyyəti sabitləşdirmək üçün vasitəçilik göstərməyə hazırdırlar”.