“Xocalıda dinc xalqa qorxunc hücum olub. Xocalı faciəsi mahiyyətcə soyqırımıdır. Bu formula heç vaxt yumşalmayacaq. Çünki buna başqa ad vermək mümkün deyil”.
Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər üzrə komitəsinin sədri Leonid Slutski deyib.
O, ürəyi Azərbaycanla döyünən hər bir insanda, habelə gələcək nəsillərin yaddaşında Xocalı faciəsinin qorxunc tarixi məqam kimi qalacağını bildirib: “Əlbəttə ki, biz bu gün tarixi ədalətin bərpa olunmasını qeyd edirik. Qarabağ evinə qayıdıb. Qarşıda uzun müddət kədər içində olan bu torpağın əziyyətli dirçəlişi dayanır. Əminəm ki, bir zaman yoxsulluqla mübarizədə qalib gələn, qaçqın və məcburi köçkünləri məskunlaşdıran, enerji nəhənginə çevrilən Azərbaycan bu işin öhdəsindən də uğurla gələcək. Qarabağ dünyanın ən çiçəklənən ərazilərindən biri olacaq, informasiya texnologiyaları tətbiq olunacaq, insanların rifah və rahat şəkildə yaşamaları təmin ediləcək. İnsanlar bura yaşamağa, istirahət etməyə gələcəklər. Çünki Qarabağ münbit təbiəti olan torpaqdır”.
L. Slutski bütün bunların qarşıdakı illər ərzində baş verəcəyini qeyd edib: “İndi isə biz Xocalıda həlak olan insanların qarşısında baş əyirik. Biz bu vəhşi cinayəti, soyqırımını xatırlayırıq. Hər il fevralın 26-da Xocalı qurbanlarının xatirəsini yad edirik. Xocalı soyqırımı bu cür faciələrin təkrarlanmaması üçün təkcə Azərbaycan xalqının deyil, həqiqi tarixi çatdırmaq istəyənlərin, bizim arxamızca gələnlərin yaddaşından heç vaxt silinməyəcək. Qarabağın qaytarılmasından sonra heç nə, özünü dəfələrlə doğruldan heç bir pafos belə bu vəhşi cinayəti bizim yaddaşımızdan silə bilməz. Xocalı faciəsi Xocalıda həlak olanlar arasında yaxın və ya uzaq qohumu olmayan insanlar üçün belə faciədir. Yer üzündə belə hadisələr baş verməməlidir. Xocalıda həlak olanların xatirəsi yaşasın! Azərbaycanın milli suverenliyi və ərazi bütövlüyünü hər zaman qoruyan qəhrəmanların xatirəsi yaşasın!”