• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    15:16 28 iyul 2020

Rusiyalı ekspert: "İndiki halda Ermənistana təzyiqlər sərtləşdirilməlidir"

"Məsələ ondadır ki, Türkiyə Azərbaycana Ermənistanla sərhəddə gərginlik baş verən zaman mənəvi-siyasi dəstək oldu. Bu halda söhbət ancaq siyasi analizdən gedir. Rusiya və Türkiyə liderləri məhz bu məsələ ətrafında fikir mübadiləsi aparıblar".

Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında baş tutan telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının müzakirə olunmasını şərh edən rusiyalı hərbi-siyasi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət nisbətən nizamlanıb: "Əsas məsələ Dağlıq Qarabağ münaqişəsini həll etməkdir. Fikrimcə, qarşıda duran əsas tapşırıq da məhz budur. Nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi həllini tapmayıb, Azərbaycanla Ermənistan arasında hərbi toqquşmalar hər yerdə, hər an başlaya bilər. Hesab edirəm ki, burada Rusiya diplomatiyası Ermənistanı danışıqlar masasına oturmağa məcbur etməlidir. Rusiya XİN rəsmi İrəvanı uzun illər məşğul olduğu demaqogiya ilə deyil, predmetli danışıqlara başlamağa məcbur etməlidir. İlkin mərhələdə ən azı beş rayon Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Bu, münaqişənin nizamlanmasında ilk addım olmalıdır. Nə qədər ki, bu baş verməyib, region gərginlik və müharibə gözləntisi vəziyyətində qalacaq. Mənə elə gəlir ki, bu gün bu istiqamətdə hərəkət etmək lazımdır. İrəvana təzyiq edərək mövcud reallığı qəbul etməyə məcbur etmək lazımdır".

Rusiyalı ekspert Ermənistanın əvvəlki rəhbərliyinin münaqişənin nizamlanmasında ilk addım kimi beş rayonu Azərbaycana qaytarmağa hazır olduğunu söyləyib: "Sarkisyan Dağlıq Qarabağ ətrafında işğal olunmuş beş rayonu ilk addım kimi Azərbaycanın nəzarətinə qaytarmağa hazır idi. Ona görə də bu gün ATƏT-in Minsk Qrupunun bütün üzvləri Dağlıq Qarabağ münaqişəsinin həllinə aktiv maraq göstərməlidir. Biz bu gün təkcə Rusiya və Türkiyə tərəfindən bu aktivliyi, marağı görürük. Qalan üzvlər isə passivlik göstərir, öz imkanlarından istifadə etmir. Bu gün yeni reallıq şəraitində İrəvana həm siyasi, həm də iqtisadi təzyiq göstərilməlidir. Çünki 30 il müstəqil ölkənin ərazisini işğal altında saxlamaq olmaz. Hamının səbri tükənib. Əgər İrəvan bu reallığı dərk etmirsə, onda bundan sonra baş verə biləcək hadisələr onun öz problemidir. Azərbaycanı başa düşmək olar. Uzun illər danışıqlar aparasan və bu danışıqlardan heç nə əldə etməyəsən. Təbii ki, bu danışıqların lazımsızlığı haqqında rəsmi Bakıda suallar yaranır. Ona görə də Azərbaycanın hərbi gücündən istifadə edib torpaqlarını qaytarmaq istəməsi başa düşüləndir. Bu, yeni reallıqdır. Bir daha təkrar edirəm ki, yeni şərtlərdə Ermənistanın sonsuz demaqogiyası, Paşinyanın riyakar siyasəti hamını bezdirib. İndiki halda Ermənistana təzyiqlər sərtləşdirilməlidir. Aqressoru sonsuza qədər dilə tutmaq olmaz. Əvvəl axır onu məcbur etmək lazımdır. Ermənistan danışıqlar masasına oturdulub, konkret nəticələr əldə etməyə məcbur edilməlidir".

ONA

Teqlər:

SON XƏBƏRLƏR