"Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağla bağlı son bəyanatları siyasi avantürizmdir. Bu bəyanatlar ictimaiyyətin diqqətini Paşinyan hakimiyyətinin buraxdığı səhvlərdən yayındırmaq məqsədi daşıyır". Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiyanın hərbi eksperti, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko deyib.
"Paşinyan məqsədli şəkildə hərbi ritorikadan istifadə edir"
Onun sözlərinə görə, Paşinyanın Qarabağla bağlı son bəyanatları onun müvəqqəti məntiqlə hərəkət etdiyini göstərir: "Onun ölkə ictimaiyyəti qarşısında əsas məsuliyyəti iqtisadi rifahı yüksəltməkdir. Paşinyan ölkə iqtisadiyyatını inkişaf etdirməli, maaşları artırlmalı, əhalinin yaşayış səviyyəsini yüksəltməli idi. Lakin indiyə kimi o bunu edə bilməyib. Buna görə də ictimaiyyətin diqqətini özünün buraxdığı səhvlərdən yayındırmaq üçün Qarabağ münaqişəsi ilə bağlı hərbi ritorikadan istifadə edir, müharibə şüarları səsləndirir. Paşinyan gözəl başa düşür ki, onu hakimiyyətə gətirən küçə kütləsi, eyni ilə onun hakimiyyətini yıxa bilər. Onun məntiqi müvəqqəti məntiqdir. Bu cür bəyanatlar verərək vəziyyəti gərginləşdirmək istəyir. Paşinyanın bəyanatları populizmdən başqa bir şey deyil. Fikrimcə, 6 aydan, maksimum 1 ildən sonra onun bu cür populist bəyanatları daha Ermənistan ictimaiyyətinə təsir edə bilməyəcək. Ermənistan cəmiyyəti çörək istəyir, güllə deyil. Əgər Paşinyan bu cəmiyyətə istədiyi çörəyi verməsə, bu, onun sonu olacaq".
"Gec-tez Ermənistan qoşunlarını Dağlıq Qarabağdan çıxarmalı olacaq"
İ. Korotçenko Ermənistan siyasi rəhbərliyinin Qarabağla bağlı məsuliyyətsiz bəyanatlarının uzun illərdir, aparılan danışıqlar prosesinə də böyük ziyan vurduğunu söyləyib: "Bu, uzaqgörən siyasət deyil. Çünki diplomatik yolla aparılan danışıqları pozur. Gec-tez Ermənistan Azərbaycan torpaqlarından qoşunlarını çıxarmalı olacaq. Heç olmasa, ilkin olaraq ətraf 7 rayonu boşaltmalıdırlar. Doğma yurdlarından, evlərindən qovulan azərbaycanlı əhali Dağlıq Qarabağa qayıtmalıdır. Bütün bunlardan sonra Dağlıq Qarabağda referendum keçirilməsi mümkündür. Bu referendum isə Dağlıq Qarabağa xüsusi statusun verilməsi ilə bağlı keçirilə bilər. Dağlıq Qarabağın mübahisəsiz Azərbaycanın ərazisi hüdudlarında olması şərti ilə bu regiona xüsusi status verilməsi mümkündür. Bütün bunlardan sonra Azərbaycan Dağlıq Qarabağa investisiya yatıra bilər. Əminəm ki, Azərbaycanın tərkibində olan Dağlıq Qarabağda yaşayacaq ermənilər Ermənistanda yaşayan ermənilərdən daha yaxşı həyat səviyyəsinə malik olarlar. Fikrimcə, Paşinyan bunu yaxşı başa düşür. Ona görə də, onun səsləndirdiyi bəyanatları siyasi populizm deyil, daha çox siyasi avantürizm adlandırardım".
"Azərbaycan həmsədrlərə təsir etmək üçün beynəlxalq ekspert qrupları ilə işləməlidir"
Rusiyalı hərbi ekspert beynəlxalq ictimaiyyətin, o cümlədən münaqişənin nizamlanmasında vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin bu tip bəyanatlara susqun qalmasına da münasibət bildirib. İ. Korotçenkonun qənaətincə, Azərbaycan bu məsələdə daha çox beynəlxalq ekspert qrupları ilə işləməlidir: "Anlaşılandır ki, həmsədrlər bu cür bəyanatları "iqnor" edirlər. Ona görə də beynəlxalq ictimaiyyətə güclü təsir edə biləcək ekspert qrupları həmsədrlərə təsir etməlidir. Həmin ekspert qrupları həmsədrlərdən belə bəyanatlar səslənən zaman niyə susduqlarını soruşmalı, onlardan reaksiya verməyi tələb etməlidirlər. Bunun üçün güclü ekspert dəstəyi lazımdır. Azərbaycan tərəfi beynəlxalq ekspert cəmiyyətinin potensialı barədə düşünməlidir. Məhz bunun köməyi ilə Ermənistan rəhbərliyin bu cür bəyanatlarına rəsmi səviyyədə reaksiya verilə bilər".