• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    11:48 2 aprel 2019

Rusiyalı hərbi ekspertlər: "Aprel müharibəsi nəticəsində uzun illər Ermənistanı idarə edənlər hakimiyyətdən getdi”

"Aprel müharibəsi göstərdi ki, Azərbaycan silahlı qüvvələri 90-cı illərin ordusu deyil, çox dəyişib. Dörd günlük müharibə ermənilər və Ermənistan rəhbərliyi üçün çox gözlənilməz oldu".

Bunu ONA-nın Moskva müxbirinə müsahibəsində rusiyalı hərbi ekspert, "Novoya qazeta"nın hərbi şərhçisi Pavel Felgenhauer bildirib.

Onun sözlərinə görə, aprel müharibəsi özlüyündə Ermənistanda siyasi rəhbərliyin dəyişməsinə gətirib çıxardı: "Məhz o müharibənin nəticəsi idi ki, Ermənistanda hakim partiya nüfuzunu itirdi və uzun illər ölkəni idarə edənlər hakimiyyətdən getməli oldu. Aprel müharibəsinin nəticələri bu gün də davam etməkdədir. Regionda qüvvələr balansı dəyişib. Bundan sonra baş verəcək proseslərin inkişaf perspektivləri üçün bu, çox ciddi məsələdir. Bu gün Ermənistanda ölkənin imicinin bu müharibədən sonra aşağı səviyyədə olduğunu qəbul edirlər. Erməni tərəfi aprel müharibəsinə cavab vermək istəsə də bunu bacarmır. Çünki onların buna maddi gücü də çatmır. Ermənistanın Azərbaycan kimi Türkiyə və İsraildən silah almaq imkanı yoxdur. İrəvanın imkanı yalnız Rusiyadan silah almaqla məhdudlaşır. Rusiyada isə Türkiyə və İsraildə olan silahlar yoxdur. Ona görə də təmas xəttində gərginlik davam edir. Ermənistanda siyasi rəhbərliyin dəyişməsinə baxmayaraq hələ ki, münaqişənin həlli ilə bağlı siyasi qərar əldə edilməyib. Ona görə də, aprel müharibəsinin təkrarlanma, ciddi qarşıdurmanın olması təhlükəsi olduqca yüksəkdir".

Digər tanınmış hərbi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru, ehtiyatda olan polkovnik İqor Korotçenko isə bildirib ki, aprel müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin yüksək səviyyədə olduğunu göstərdi: "Xalqın təhlükəsiz şəraitdə yaşamasının və dövlətin suverenliyinin əsasını ordu təşkil edir. Bu gün Azərbaycan ordusu vəzifəsinin öhdəsindən layiqincə gəlir. Hesab edirəm ki, burada hər şeydən əvvəl Azərbaycanın ali baş komandanı, prezident İlham Əliyevin xidmətləri böyükdür. Bu insan qarşısına dəqiq məqsədlər qoyur və hədəfinə çatmağa nail olur. O, Azərbaycanın ordusunun güclənməsi üçün çox şeylər edir. Biz hərbi ekspertlər olaraq Cənubi Qafqazda hərbi sahədə quruculuq proseslərini analiz edirik. Deyə bilərəm ki, yüksək səviyyədə təmin olunan Azərbaycan ordusunda nizam-intizam hökm sürür. Azərbaycan ordusu böyük hərbi gücə malikdir. Bütün növ kəşfiyyat, ordunun radioelektron təminatı yüksək səviyyədədir. Bir müddət öncə baş tutan geniş miqyaslı hərbi təlimləri onu göstərir ki, Azərbaycan xalqı öz ordusu ilə fəxr edə bilər. Bu gün Azərbaycan silahlı qüvvələri postsovet məkanında ən yaxşılarından biridir. Fikrimcə, müasir silahların alınmasına dair müqavilələr Azərbaycan orudusunun döyüş potensialını daha da artıracaq".

Aprel müharibəsinin təkrarlanmaq ehtimalının yüksək olduğunu söyləyən hərbi ekspert bildirib ki, ən yaxşı variant kimi Ermənistan tərəfi ilkin olaraq Dağlıq Qarabağ ətrafındakı beş rayonu qaytarmalıdır: "Bu baş verəndən sonra aprel müharibəsinin təkrarlanmaq ehtimalı sıfıra bərabər olar. Nə qədər ki, Ermənistan tərəfindən bu addım atılmayıb, 2016-cı ilin aprelində baş verənlərin təkrarlanma ehtimalı hər zaman yüksək olacaq".

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR