• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    21:11 4 aprel 2019

Sahil Babayev Aprel döyüşləri şəhidlərinin ailə üzvləri ilə görüşüb

2016-cı ilin Aprel döyüşləri işğal olunmuş torpaqlarımıza qayıdışın başlanğıcı kimi böyük tarixi qələbəyə imza atmaqla, müasir tariximizə şərəfli bir zəfər səhifəsi kimi yazılıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq, şəhid ailələrinin, döyüş iştirakçılarının hərtərəfli qayğı ilə təmin edilməsi, onların sosial müdafiəsinin təmin olunması üçün bütün tədbirlər görülüb və bundan sonra da bu tədbirlər ildən-ilə gücləndiriləcək.

Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən ONA-ya verilən məlumata görə, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə Aprel döyüşləri şəhidlərinin ailə üzvlərinin və bu döyüşlərdə iştirak etmiş hərbi qulluqçuların bir qrupu ilə keçirilən görüşdə söyləyib.

Nazir bildirib ki, Aprel döyüşləri Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bütün sahələrdə dayanıqlı inkişaf proseslərinin getdiyi Azərbaycanın ordusunun qüdrətli ordular sırasında olduğunu bir daha dünyaya nümayiş etdirib. Ordumuz Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını nəinki uğurla aldı, yüksək hərbi məharətlə əks-hücum əməliyyatı həyata keçirərək ölkəmizin minlərlə hektar torpağını işğaldan azad edib.

S.Babayev dövlət başçısının tapşırığı ilə Aprel şəhidlərinin ailələrinin və Aprel döyüşlərində sağlamlığını itirmiş əsgər və zabitlərin mühüm sosial müdafiə tədbirləri ilə əhatə olunduqlarını, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əsgər və zabitlərin reabilitasiyasına xüsusi qayğı göstərdiyini vurğulayıb. O qeyd edib ki, şəhid ailələrinə birdəfəlik ödəmə verilməklə, onlara və Aprel döyüşlərində sağlamlıqlarını itirmiş hərbçilərə Prezidentin aylıq təqaüdləri, müavinət və ya əmək pensiyaları, habelə uşaqlarına, eləcə də əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə müavinətlər təyin edilib. Cari il fevralın 1-dən şəhid ailələrinə təqaüd 300 manata çatdırılıb, müharibə əlillərinin müavinət və təqaüdləri də 2019-cu il aprelin 1-dən 100 faizədək artırılıb. Birinci qrup əlilliyi olanlara qulluq edənlər üçün də Prezidentin aylıq təqaüdü təsis olunub.

Nazir bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı əsasında Heydər Əliyev Fondu tərəfindən “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi icra olunub. Ötən dövrdə bu layihə üzrə 100-dən çox zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunaraq yenidən fəal həyata dönüblər.

Görüşdə “Aprel-2016: Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin həmsədri Sevinc Alızadə, Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyeva, şəhid əsgər Müşfiq Orucovun anası Aygün Məmmədli, şəhid əsgər Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanov, Aprel döyüşlərinin iştirakçıları - polkovnik-leytenant Elşən Qarayev, baş leytenant Əhliyyət Mehdiyev və baş leytenant Loğman Məmmədov ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların ailələrinə, bu döyüşlərdə sağlamlıqlarını itirən hərbçilərə yüksək səviyyədə diqqət və qayğı göstərilməsindən razılıqla bəhs ediblər. Onlar buna görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Görüş şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi ilə davam edib.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR