"Ermənistan 30 ildən çoxdur ki, Azərbaycana qarşı hərbi təcavüz siyasəti yürüdür, ərazilərimizin 20 faizini işğal altında saxlamağa davam edir".
ONA-nın məlumatına görə, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada 28 may - Respublika günü və Azərbaycan diplomatik orqanlarının 100 illiyinə həsr olunan qəbulda deyib.
O bildirib ki, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamələrinə, Minsk qrupu ölkə başçılarının bəyanatlarına baxmayaraq, Ermənistan işğal latındakı ərazilərdə status-kvo-nu qorunub saxlanılması üçün tədbirlər görməyə davam edir: "Ermənistan dünya ictimaiyyəti tərəfindən hərbi təcavüzün nəticələrinin legitimliyinin heç vaxt tanınmayacağını anlamalıdır. Silahlı münaqişələrin ərazi bütövlüyü və dövlətlərin sərhədlərinin pozulmaması əsasında tezliklə nizamlanması etimad mühitinin yaranması, sosial inkişafın təminatı və hərtərəfli sərfəli əməkdaşlıq üçün başlıca şərtdir. Prezident İlham Əliyev bizim proses xətrinə danışıqların imitasiyasına deyil, bu prosesi ölü nöqtədən tərpədə biləcək real danışıqlara hazır olduğumuzu bildirib. Bu prosesdə Rusiyanın vacib rolunu qeyd etmək lazımdır, hansı ki, bu rol ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri ilə birlikdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağa münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həllində mühüm rol oyanaya bilər".