Azərbaycan Respublikasının Birləşmiş Krallığındakı Fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə “The İndependent” qəzetində 25 may 2019-cu il tarixində Conatan Lyunun müəllifliyi ilə dərc edilmiş “Henrix Mxitaryan: Bakı və nə səbəbdən idman və siyasət bir birindən ayrıla bilməz” məqaləsinə cavab hüququndan istifadə edərək, həmin qəzetin Baş redaktoruna açıq məktub ünvanlayıb.
ONA-nın məlumatına görə, məktubda müəllifin bəzi məsələlərə “tarixi” baxımdan toxunmadan öncə, tarixi öyrənməli olduğu tövsiyə edilir, Bakıda UEFA Avropa Liqası ilə bağlı bütün idmançılara və azarkeşlərə təhlükəsizlik zəmanətinin verildiyi xatırladılır. Məktubunda səfir Ermənistanın Azərbaycana qarşı təcavüz və etnik təmizlənmə siyasətinin yürütdüyünü, Xocalı soyqırımını törətdiyini və indiyə kimi beynəlxalq ictimaiyyətinin tələblərinə məhəl qoymadığını vurğulayır və müəllifi əsl tarixi yanaşmaya dəvət edərək, BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi 4 qətnamə ilə yaxından tanış olmağa çağırır. Səfir, həmçinin müəllifi qondarma “şahidlər”ə və naməlum “sorğular”a istinad etməkdənsə, daha etibarlı mənbələrə müraciət etməsini məsləhət görür və bu xüsusda konkret nümunələr göstərir.