• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    12:06 28 mart 2019

Sergey Markov: "Məncə, Ermənistanın baş naziri işğal olunmuş torpaqları qaytarmağa hazırdır"

"Dağlıq Qarabağın azərbaycanlı icması danışıqlarda iştirak edə bilər. Bu, həm də Azərbaycan icmasının Dağlıq Qarabağa siyasi subyekt kimi qayıdışı olacaq".

Bunu ONA-nın Moskva müxbirinə müsahibəsində Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov deyib.

Azərbaycan və Ermənistan rəhbərlərinin Vyanada keçiriləcək görüşü barədə danışan rusiyalı siyasi ekspert bu görüşün yaxşı perspektivinin olduğunu söyləyib: "Bir çoxları kimi biz də bu görüşdə danışıqlar prosesində irəliləyiş olacağına, tərəflərin qarşılıqlı güzəştlərə hazır olduqlarını bəyan edəcəyinə ümid edirik. Əslində qarşılıqlı güzəştlər öz əksini artıq Madrid prinsiplərində tapıb. Bu Kazan formulu əsasında münaqişənin nizamlanması deməkdir. Bu formul hər kəsə məlumdur. İlk olaraq torpaqlar işğaldan azad olunmalı, məcburi köçkünlər öz ərazilərinə qayıtmalı, Ermənistan və Dağlıq Qarabağ iqtisadı blokadadan çıxarılmalıdır. Bütün bunlardan sonra isə Dağlıq Qarabağın mümkün statusu barədə sakit zəmində danışıqlara başlanılmalıdır. Bütün bunların baş verməsi üçün şans var. Nikol Paşinyan Ermənistanda iqtisadi inqilab etmək istəyir. Bunun üçün isə N. Paşinyana Ermənistanın olduğu iqtisadi blokadanı aradan götürmək lazımdır. Ona görə də, Ermənistan ərazi məsələsində Azərbaycana güzəştə getməlidir. İşğal etdiyi əraziləri geri qaytarmalıdır. Məncə, Ermənistan baş naziri buna hazırdır. Digər tərəfdən isə o, bu addımı atmaqdan həm də qorxur. Düşünür ki, onu siyasi arenadan silib atarlar, erməni radikallarının hədəfinə çevrilər. Lakin Ermənistan lideri siyasi cəhətdən hələlik o qədər cəsur deyil ki, bu addımı atsın. Nəzərə alsaq ki, bu ilk rəsmi görüşdür, ona görə də, ehtimal var ki, bu görüşdə sadaladığım məsələlərlə bağlı razılıq əldə edilməsin".

S. Markov bütün hallarda Vyanada danışıqların baş tutacağını söyləyib: "Əvvəl-axır Paşinyan hansısa yolla bir arqument tapacaq ki, həm hakimiyyətini itirməsin, həm də böyük tarixi güzəştə getsin. Niyə görə Paşinyan Dağlıq Qarabağın erməni icmasının danışıqlarda iştirakını təkid edir? Məncə, o, Ermənistan əhalisinin gözündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ediləcək güzəştin siyasi məsuliyyətini erməni icması ilə bölüşdüyünü göstərmək istəyir. Lakin bu zaman Qarabağın Azərbaycan icmasını da danışıqlara cəlb etmək lazım olacaq. Əgər bütün bunlar baş verməsə, yəni, Vyana danışıqlarından bir şey çıxmasa, o zaman 2016-cı ilin dördgünlük aprel müharibəsinin idarə olunan variantının təkrarlanmasının ehtimalı böyükdür. Bu ehtimal baş versə, baş nazir Ermənistan cəmiyyətinə Qarabağ danışıqları ilə bağlı real mənzərəni anlada bilər. Deyə bilər ki, hər kəs, o cümlədən beynəlxalq vasitəçilər də Ermənistanı güzəştə getməyə çağırır".

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR