"Azərbaycan danışıqlar prosesində daha aktiv və konstruktivdir".
Bunu ONA-ya açıqlamasında Avropa İttifaqının Brüsseldə fəaliyyət göstərən nüfuzlu “beyin mərkəzləri”ndən biri olan Avropa Siyasət Mərkəzinin siyasi analitiki Amanda Paul deyib.
"Hesab edirəm ki, son bir neçə ay ərzində xarici işlər nazirləri, eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüşlərdən sonra yeni pozitiv ab-hava yaranıb", - deyə siyasi analitik bildirib.
O, hər iki tərəfdə irəliləmək üçün müsbət dinamika olduğunu düşündüyünü qeyd edib: "Hazırda bu, danışıqlardan və çox vacib olan etimad yaradan tədbirlərdən ibarətdir. Ancaq əsl sınaq həqiqi sülh razılaşmasının tapılması və təqdim edilməsi zamanı meydana çıxacaq. Biz hələ ki, bu mərhələyə çatmamışıq, ümid edirəm ki, bu baş verəcək. Düşünürəm ki, Azərbaycan danışıqlar prosesində müsbət rol oynayır, çox proaktiv və konstruktivdir. Belə ki, bu gün etibarı ilə hadisələr çox pozitiv görünür, həqiqətən çətin olan məsələlərin həllini gözləyək".
Avropa Ittifaqının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə toxunan xanım Paul bildirib ki, Aİ danışıqlar prosesində iştirak etməyən, əsasən təşəbbüslər vasitəsilə sülh quruculuğunda inam yaradılması tədbirlərinə dəstək verən kənar oyunçudur: "Aİ, həqiqətən də, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasını istəyir, çünki bu, regiona sülh və sabitlik gətirəcək, həmçinin bunların Aİ-yə də təsiri var".
Amanda Paul əlavə edib ki, Aİ münaqişənin həllinin bütün Cənubi Qafqaz xalqlarına firavanlıq gətirməsini istəyir, buna görə də bu istiqamətdə atılan addımlara müsbət yanaşır.