"Qarabağda baş vermiş hadisələrlə bağlı 305 şəxs barəsində cinayət işi başlanıb və beynəlxalq axtarışa verilib. Onlardan 39-u Xocalıda törədilmiş cinayətlə əlaqəli şəxsdir".
ONA-nın məlumatına görə, bunu Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev bu gün Xarici İşlər Nazirliyində Xocalı soyqırımına həsr olunmuş brifinqdə deyib.
Onun sözlərinə görə, həmin şəxslər barəsində materiallar İnterpolun Azərbaycandakı bürosuna və Daxili İşlər Nazirliyinə göndərilib: "Onların arasında Rusiya və Azərbaycan vətəndaşları da var".
E. Tağıyev onu da bildirib ki, İnterpol soyqırımla bağlı cinayətlərdə siyasi motivlərin olduğunu əsas gətirərək, həmin şəxslərin Azərbaycana verilməsindən imtina edib, digər müraciətlər isə nəticəsiz qalıb.