• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    15:07 18 mart 2021

Şuşa Qala divarının bərpasının ilk mərhələsi yekunlaşıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Azərbaycanın xüsusi tarixi, mədəni və strateji əhəmiyyətə malik olan şəhəri – Şuşanın bərpası və yenidən qurulması, şəhərə yenidən həyatın qaytarılması və onun gələcək inkişafının təmin edilməsi məqsədilə zəruri planlaşdırma və layihələndirmə işlərinə başlanıb.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkənin mədəniyyət paytaxtı elan olunmuş Şuşanın hazırlanacaq baş planının əsas prioritetlərindən biri şəhərin olduqca zəngin tarixi-memarlıq irsinin, əsrlərlə formalaşmış tarixi simasının qorunub saxlanmasıdır. Bu istiqamətdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ilin əvvəlindən aidiyyəti qurumlarla, yerli və xarici ekspertlərlə əməkdaşlıq edərək təşkil etdiyi önəmli layihələrdən biri Şuşanın Qala divarlarının bərpası və konservasiyası layihəsidir.

Bu layihənin birinci mərhələsi – Şuşanın XVIII əsr ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi olan Gəncə qapısının konservasiyası və Qala divarlarının işğal nəticəsində dağılmış və əhəmiyyətli dərəcədə zədələnmiş, Gəncə qapısının ətrafındakı hissəsinin bərpası və konservasiyası uğurla başa çatdırılıb.

Şuşanın Qala divarlarının və Gəncə qapısının bərpası layihəsinə Komitə tərəfindən məsləhətçi qismində Avstriyanın dünyaca məşhur restavrasiya şirkəti olan və 2010-cu ildən etibarən Azərbaycanda Qız Qalası, Məhəmməd Məscidi və bir sıra digər dünya və ölkə əhəmiyyətli abidələrin bərpa və konservasiyasını həyata keçirmiş "Atelier Erich Pummer GmbH" şirkətinin rəhbəri Erix Pumer cəlb edilmişdir. Bərpa və konservasiya layihəsi bu sahədə ixtisaslaşmış yerli “Conco” (Konko) QSC tərəfindən həyata keçirilir. Görülən işlər abidənin arxiv materiallarına uyğun olaraq orijinal görünüşünün bərpa olunması üçün müvafiq texnologiyalar və materiallardan istifadə olunaraq aparılıb. Həmçinin, layihənin növbəti mərhələsinə hazırlıq işləri çərçivəsində müasir texnologiyalardan istifadə edilərək Şuşa Qala divarlarının üçölçülü (3D) modelinin yaradılması üçün lazer skaner cihazı ilə çəkilişlər və müayinə aparılmışdır ki, hazırlanan model layihələndirmə və bərpa prosesinin daha səmərəli və yüksək dəqiqliklə aparılmasına imkan verir.

Bərpa işlərinin başa çatmış birinci mərhələsində Qala divarlarının və yüksək memarlıq xüsusiyyətləri ilə seçilən Gəncə qapısının daşları son illər ərzində tətbiq edilmiş yad sement-qum tərkibli suvaq qatından təmizlənmiş, beynəlxalq konservasiya standartlarına uyğun olaraq daşların tikişlər əhəng-qum məhlulu ilə doldurulmuşdur. Qapının xarici tağının yuxarı səmti, həmçinin, Qala divarlarının dörd zədələnmiş hissəsi, kontrforsun dağıdılmış tərəfi, Qala divarlarının fasad hissəsində müdafiə məqsədilə tüfəng atəşi üçün nəzərdə tutulmuş 9 mazğal bərpa edilmişdir. Eyni zamanda, Qala divarlarının gözətçi qülləsinin altındakı zirzəminin divarları və köməkçi otağı da sement-qum suvağından təmizlənərək əhəng-qum məhlulu ilə doldurulmuş, iki gözətçi qülləsi arasındakı divarın bütün perimetri üzrə yuxarı ətəyinə eyni səviyyə verilmiş, divar üzərində yad yazılar təmizlənmişdir. Tarixi abidənin xarici və daxili həyətlərində mövcud olan yad metal elementlər də demontaj edilib, əsgər yolunun bir hissəsi təmizlənərək bərpa olunub.

“Bununla yanaşı, Şuşa şəhərinin Qala divarları üzərində vaxtilə mövcud olmuş, lakin Ermənistan Silahlı qüvvələri tərəfindən işğal dövründə sökülmüş məşhur “Şuşa” yazısı da yenidən bərpa edilmişdir. Bu məqsədlə Komitənin tabeliyində fəaliyyət göstərən Bakı Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən yüngül metal konstruksiya əsaslı və Qala divarlarına hər hansı təhlükə və xələl gətirməmək şərti ilə layihələndirilmiş və alüminiumdan istehsal olunmuş "Şuşa" yazısı tarixi yerində quraşdırılıb”, - komitədən bildirilib.

APA-Economics

ONA

Teqlər:

SON XƏBƏRLƏR