Bu gün Şuşada IX Qlobal Bakı Forumu çərçivəsində “Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarının Yenidənqurulması və İnkişafına Baxışı” mövzusunda panel keçirilib.
APA-nın xəbərinə görə, Forumun moderatoru Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin olub.
Paneldə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib ki, Şuşada 2 mindən çox tarixi abidə var və erməni işğalı dövründə həmin abidələrin bir çoxu dağıdılıb. Aydın Kərimov bu abidələrin bir hissəsinin bərpa edilməkdə olunduğunu nəzərə çatdırıb. Şəhərdə aparılan yenidənqurma işlərindən danışan xüsusi nümayəndə qeyd edib ki, Şuşa elektrik enerjisi ilə tam təchiz olunub: “Şəhərin su təchizatının yaxşılaşdırılması, yeni su mənbələrinin tapılması istiqamətində işlər davam edir. Həmçinin şəhərin kanalizasiya sistemləri yenilənir. Şuşada yeni yollar və küçələr salınacaq”.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, hazırda azad olunmuş ərazilərin minalardan təmizlənməsi davam edir. Emin Hüseynov azad olunmuş ərazilərdə ötən dövrdə aparılan quruculuq işlərindən danışıb.
Azərbaycan Prezidentinin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev qeyd edib ki, işğaldan əvvəl Zəngilanda 31330 insan yaşayıb, 9 məktəbəqədər təhsil müəssisəsi, 19 ibtidai məktəb fəaliyyət göstərib. İşğal dövründə Zəngilanın ekosisteminə də böyük zərbə vurulub. Onun sözlərinə görə, rayon günəş enerjisi və ekoturizm üçün böyük potensiala malikdir: "Bu ilin sentyabrında Zəngilan aeroportunun tikintisi də başa çatdırılacaq".
Panel müzakirələrlə davam edib.