• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    10:38 26 noyabr 2019

Tural Gəncəliyev azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərləri barədə bəyanat verib

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərləri barədə bəyanat verib.

ONA xəbər verir ki, icmanın bəyanatında bildirilib ki, Azərbaycan və Ermənistandan, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasından olan bir qrup jurnalist bu günlərdə qarşılıqlı səfərlər edib.

Bəyanatda deyilib ki, səfəri ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun Bakı, Yerevan və Xankəndində olan nümayəndələri təşkil ediblər.

"Səfər müddətində erməni jurnalistlər azərbaycanlı həmkarları, vətəndaş cəmiyyəti nümayəndələri və tədqiqat mərkəzləri ilə görüşlər keçirib, ölkəmizdə sərbəst və sülh şəraitində fəaliyyət göstərən pravoslav rus, katolik kilsələri, yəhudi sinaqoqu ilə tanış olub, ASAN xidmət, DOST Mərkəzi, Gəncə və Quba şəhərlərində olublar. Erməni jurnalistlər Bakının mərkəzində yerləşən və erməni dilində olan kitabları ilə birlikdə qorunan erməni kilsəsi ilə də tanış olublar.

Erməni jurnalistlərlə görüşlərdə Dağlıq Qarabağın azərbaycanlı icması da iştirak edib.

Erməni jurnalistlər Azərbaycanın inkişafı, ölkəmizdə mövcud olan multikultural mühit, sülh və sabitlik, dövlətin vətəndaşa göstərdiyi xidmətlər, regionların çiçəklənməsini öz gözləri ilə görüb və tanış olublar.

Azərbaycanlı jurnalistlər isə ATƏT-in nəqliyyat vasitəsində Ermənistana və işğal altında olan Şuşa və Xankəndi şəhərinə səfər edib, Dağlıq Qarabağın erməni icması ilə görüşüb və müzakirələr aparıblar.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasından olan jurnalistin Bakı, Gəncə və Qubaya səfəri, Azərbaycan jurnalistlərinin Şuşa və Xankəndi şəhərlərinə səfəri və yerli erməni icması ilə görüşləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqa töhfədir.

Biz həmişə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında dialoqu, dinc yanaşı yaşayışı dəstəkləmişik və təşviq etmişik. Sözügedən səfər və görüşlərə də məhz bu baxımdan yanaşırıq”, - deyə bəyanatda qeyd olunub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR