"Qatillər və qətliama göz yumanlar Srebrenitsada olduğu kimi mühakimə edilməlidirlər".
ONA xəbər verir ki, bu barədə Türk Dünyası Parlamentarlar Birliyinin (TPB) bu gün Xocalı soyqırımının 27 – ci ildönümü ilə bağlı təşkil etdiyi mətbuat konfransında qurumun rəhbəri Nail Çələbi bildirib. O deyib ki, beynəlxalq ictimaiyyət ikili standartları ləğv etməli və Xocalı qırğını lənətləməlidir: "Azərbaycan ərazilərinin 20 faizinin hələ də erməni işğalı altındadır, Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi dörd qətnaməyə baxmayaraq işğal davam edir. Azərbaycan öz ərazisini azad etmək gücünə malikdir. ATƏT-in Minsk Qrupu münaqişənin həlli üçün dərhal addımlar atmalı, ya da bu format ləğv edilməlidir. Beynəlxalq ictimaiyyət, ATƏT və BMT bölgədə yeni problemlərin yaşanmasını istəmirsə, Ermənistanı Azərbaycan torpaqlarında çıxmağın vacibliyinə inandırmalıdır".
Daha sonra Xocalı faciəsi ilə bağlı sənədli film nümayiş olunub və azərbaycanlı jurnalist Ülkər Piriyeva "Xocalı" şerini oxuyub.
Xatırladaq ki, Türk Dünyası Parlamentarlar Birliyi (TPB) Türkiyənin müxtəlif siyasi partiyalarının təmsilçiləri olan keçmiş və hazırki millət vəkillərini özündə birləşdirən qurumdur.