Türkiyənin milli müdafiə naziri Hulusi Akar noyabrın 25-də Fransa Senatında “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamənin qəbul edilməsinə münasibət bildirib.
APA-nın yerli bürosunun “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, H. Akar Fransa Senatının qəbul etdiyi qətnaməni pisləyib.
“Fransa Senatının qəbul etdiyi qətnamə Qarabağ probleminin niyə 30 ildir həllini tapmadığını açıq göstəricisidir. Fransa ATƏT-in Minsk qrupunun həmsədri olaraq bitərəf olmalıdır. Bu qətnamə isə bunun belə olmadığını, Senatın qəbul etdiyi qətnamə ilə Fransanın Dağlıq Qarabağ məsələsində həllin yox, problemin bir parçası olduğunu bir daha göstərdi”, - deyə nazir vurğulayıb.