• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    18:38 24 aprel 2019

Umud Mirzəyev: “Alternativ hesabat forması hazırlayıb, BMT-nin saytında yerləşdirməliyik”

“Ermənistan hökumətinin 2018-ci il üzrə BMT İnsan Hüquqları Şurasına təqdim etdiyi qondarma “Dağlıq Qarabağ Respublikası”nın hesabatının BMT-nin rəsmi saytında yerləşdirilməsi ilə bağlı Beynəlxalq Avrasiya Mətbuat Fondu araşdırma aparır".

Bunu ONA-ya açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev (Rəhimoğlu) deyib.

U.Mirzəyev bildirib ki, hesabat regionla bağlı məlumatı olmayan, regionu yaxşı tanımayan insanları çaşdıra biləcək şəkildə hazırlanmış son dərəcə əsassız sənəddir: "Təsəvvür edin ki, Azərbaycanın işğal olunmuş əraziləri yanlış bir şəkildə beynəlxalq camiyənin diqqətinə çatdırılıb. Bu sənəddə göstərilir ki, 1918-ci ildə Bakıda 30 mindən çox ermənini biz qanına qəltan etmişik. Həmçinin həmin sənəddə Sumqayıt, Xocalı hadisələri və Qarabağda baş verənlərin hamısı Azərbaycanın əleyhinə uyğunlaşdırılaraq, beynəlxalq ictimaiyyətə təqdim olunub. Bundan əlavə, 67 səhifəlik sənəddə 1 abzas belə obyektivliyə söykənməyib. Bizi narahat edən əsas məqam da odur ki, bu, bizim hazırkı yaşadığımız vaxtda baş verib”.

U.Mirzəyev deyib ki, BMT-nin rəsmi saytında yerləşdirilən qondarma “Dağlıq Qarabağ Respublikası”nın hesabatı ilə bağlı BMT-nin baş katibi Antoniu Quttereşə bu gün müraciət göndəriləcək: “Müraciət artıq hazırdır. Biz BMT-nin Baş Assambleyasına ünvanlayacağımız müraciətdə bütün faktları açıqlayacağıq. Amma hesab edirəm ki, BMT-nin rəsmi saytında yerləşdirilən hesabatla bağlı işçi qrup yaradılmalı və ciddi şəkildə araşdırılmalıdır. Bundan sonra isə alternativ hesabat forması hazırlayıb, BMT-nin rəsmi saytında yerləşdirilməsinə çalışmalıyıq. Biz artıq bu istiqamətdə də fəaliyyətə başlamışıq. İşçi qrupunun formalaşması üçün müəyyən qurumlarla danışıqlar aparırıq”.

Qeyd edək ki, hesabat BMT-nin saytında 6 dildə “Artsax”ın sənədi kimi yerləşdirilib.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR