“Azərbaycan ən çox məcburi köçkünə sahib olan ölkələrdən biridir”.
ONA-nın məlumatına görə, bu sözləri Bakıda keçirilən “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Miqrasiya, yerdəyişmə və insan təhlükəsizliyi" mövzusunda panel müzakirəsi zamanı Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov deyib.
O bildirib ki, bu məsələ ilə bağlı bir sıra sənədlər və qətnamələr qəbul olunub, lakin məcburi köçkünlər geri qayıtmayıb: “Bu problemlə bağlı vahid yanaşma yoxdur. Azərbaycan hər zaman beynəlxalq öhdəliyinə sadiqdir. Miqrasiya ilə bağlı da bütün müvafiq sənədləri imzalayıb”.
Xidmət rəisi deyib ki, Azərbaycan miqrantlar üçün populyar ölkəyə çevrilib, burada təhlükəsiz mühit və multikultural siyasət hökm sürür: “Rəqəmlər də bunu göstərir. Miqrantlar Azərbaycanı məskunlaşmanın mümkün məkanı kimi qəbul edirlər”.