“Uzun illər Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyətin tələblərini yerinə yetirməklə bağlı xoş niyyət nümayiş etdirməyib və bu da nəticədə Ermənistanın genişmiqyaslı regional əməkdaşlıqdan təcrid olunmasına və ölkədə dərin sosial-siyasi böhrana gətirib çıxarıb”.
ONA-nın məlumatına görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov “Kommersant” qəzetinə müsahibəsində deyib. Nazir bildirib ki, hazırda Azərbaycan yeni rəhbərliyin sağlam düşüncə nümayiş etdirməsinə ümid edir: “Ümid edirik, onlar anlayacaqlar ki, Azərbaycanla münasibətlər tənzimlənmədən, genişmiqyaslı regional əməkdaşlığa inteqrasiya olunmadan Ermənistanı təcavüzkar və işğal siyasəti yeridərək özünü saldığı dalandan çıxarmaq mümkün deyil. Öz tərəfimizdən biz müəyyən zaman fasiləsi verdik ki, Ermənistanın yeni rəhbərliyi danışıqlar prosesinin detalları ilə tanış olsun. Bu keçid dövrü başa çatıb, danışıqlar həm iki ölkənin lideri, həm də xarici siyasət idarələrinin rəhbərləri səviyyəsində bərpa olunub. Bu il ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşkilatçılığı ilə mən ermənistanlı həmkarımla yanvarda Parisdə və apreldə Rusiya xarici işlər nazirinin iştirakı ilə Moskvada görüşdüm. Dialoq mövcud format çərçivəsində gedir, mövcud gündəlik əsasında aparılır və bu da müəyyən optimizm yaradır”.
Nazir əlavə edib ki, bununla yanaşı danışıqlar prosesində aparılan görüşlərlə paralel olaraq Ermənistan tərəfdən birmənalı olmayan, bütün siyasi tənzimləmənin quruluşuna kölgə salan bəyanatlar səsləndirilir: “Bu əlbəttə ki, narahatlıq yaradır. Buna görə də deyə bilərəm ki, ötən il kifayət qədər dolğun və mübahisəli keçdi. İndi danışıqlar prosesini irəli aparmaq üçün Ermənistan rəhbərliyinin siyasi iradə nümayiş etdirməsinə ehtiyac var”.