Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsi Ermənistan Xarici İşlər Nazirliyinin təmas xəttindəki son vəziyyətlə bağlı bəyanatına münasibət bildirib.
XİN-dən ONA-ya verilən məlumata görə, Ermənistan Xarici İşlər Nazirliyinin Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki son vəziyyətlə bağlı olduqca emosional və bir o qədər ziddiyyətli bəyanatla çıxış etməsinin səbəblərini anlamaq olar.
XİN Mətbuat Xidməti İdarəsi hesab edir ki, bu, böyük ehtimal ilə Ermənistan rəhbərliyinin hazırda ölkədəki daxili vəziyyətə reaksiyasına uyğundur: "Xatırladırıq ki, Ermənistan xarici işlər nazirləri səviyyəsində növbəti görüşə razılıq verib. Reallıqlar isə dəyişilməz olaraq qalır. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş torpaqlarından çıxmalıdır. Gələcəkdə Ermənistana kimin rəhbərlik etməsindən asılı olmayaraq, bölgənin gələcək inkişafı üçün digər alternativ mövcud deyil. Ermənistan tərəfi etiraf etməlidir ki, insan itkisinin, fəlakətlərin və qarşılıqlı nifaqın səbəbi, məhz Ermənistanın təcavüzkar siyasəti və Azərbaycan ərazilərini işğal altında saxlaması və bu ərazilərdə yaşayan yerli azərbaycanlıların etnik təmizlənməsi siyasətidir. Ermənistan hər hansı digər uydurma səbəb axtarmağa vaxt sərf etməməli və beynəlxalq ictimaiyyətin də tələblərinə uyğun olaraq münaqişənin həllində nəticəyə yönəlik addımlar atmalıdır".