"Qorxunc və qanlı Qarabağ münaqişəsi çoxsaylı günahsız insanlara ölüm və əzab gətirib, həm azərbaycanlılara, həm ermənilərə. Rusiya hər zaman bunu böyük faciə hesab edib, bundan sonra da edəcək. Mən bir daha ölkəmizin Qarabağ münaqişəsi ilə bağlı mövqeyini açıqlamaq istərdim. Bizim ölkəmiz bu münaqişənin sülh yolu ilə həllini tapmaq üçün tərəflərə yardım edəcək. Biz, bundan sonra da bu məsələyə məlum regionda xarici siyasətimiz kontekstində birinci dərəcəli diqqət göstərəcəyik".
ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Ermənistan mediasını təmsil edən jurnalistin rusiyalı deputatların Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə Bakıda keçirilən yürüşdə iştirakı ilə bağlı sualına cavab verən Rusiya XİN sözçüsü deyib: "Siz qeyd etdiniz ki, orada rusiyalı deputatlar iştirak edib. Yaxşı olardı ki, siz bu sualları onlara, həmin yürüşdə iştirak edənlərə göndərəsiniz/ Rusiya Xarici İşlər Naziriyi məlum tədbirin təsisçisi və təşəbbüskarı deyil".
Qeyd edək ki, fevralın 26-da Bakıda Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə keçirilən yürüşdə Rusiya Dövlət Dumasının deputatları Dimitri Savelyov, Oksana Puşkina və İrina Rodnina da iştirak edib. Deputatlar yürüşdən sonra ölkə başçısı İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva ilə görüşüblər.
Rusiyalı deputatların Xocalı soyqırımının ildönümü münasibəti ilə keçirilən yürüşdə iştirakı ilə bağlı Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan bəyanatla çıxış edib. O, ölkəsinin rusiyalı deputatların Bakıda anti-erməni xarakter daşıyan və regionda etimadın pozulması üçün istifadə olunan yürüşdə iştirakından narazı olduğunu bildirib. Səfir Ermənistanda deputatların Bakı ilə həmrəyliyini və Ermənistanın əleyhinə yönəlmiş tədbirdə iştirakını anlamadıqlarını vurğulayıb. Erməni diplomat rəsmi Moskvadan məlum məsələ ilə bağlı izahat tələb etməyi də unutmayıb.