“Azərbaycan Respublikasının suveren ərazilərində hər hansı tədbiri təşkil etməsi və bu tədbirdə beynəlxalq nümayəndələrin iştirakı Ermənistanın kompetensiyasına aid bir məsələ deyil”.
ONA-nın xəbərinə görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bunu Azərbaycanın Şuşa şəhərində keçirilmiş konfransda BMT nümayəndəsinin iştirakı ilə bağlı Ermənistan XİN-in etiraz bildirməsinə dair KİV-in sualını cavablandırarkən bildirib.
Qeyd edək ki, Ermənistan XİN-in yaydığı məlumata əsasən, bu ilin 18 mart tarixində Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş konfransda BMT nümayəndəsinin iştirakı ilə bağlı BMT-nin Ermənistandakı nümayəndəsi XİN-ə çağırılıb və ona etiraz bildirilib.
L. Abdullayeva isə deyib ki, Ermənistanın digər dövlətin daxili işlərinə qarışması əsassız və yolverilməzdir: “Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi bu ölkənin 44 günlük müharibədən doğru nəticə çıxarmadığını nümayiş etdirir. Ermənistan XİN-in bu mövqeyi Azərbaycanın beynəlxalq ictimaiyyətin aparıcı üzvləri ilə birgə bölgədə sülh quruculuğu səylərinə maneə törətmək cəhdindən başqa bir şey deyildir. Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, Şuşa Azərbaycanın əzəli ərazisidir. Azərbaycanın mədəniyyət beşiyi olan bu şəhər, digər ərazilərimizlə yanaşı 2020-ci ildə azad edilib və ərazi bütövlüyümüz bərpa olunub. BMT heç vaxt keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı neytral mövqe sərgiləməyib, əksinə, Baş Assambleya və Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bu xüsusda, Ermənistan XİN-in hansı “neytral statusu” bərpa etməyə çağırması aydın deyil. Yekunda, bir daha təkrar etmək istərdik ki, Ermənistan bölgədəki post-münaqişə reallıqlarını nə qədər tez qəbul edərsə, bu ölkə üçün bir o qədər faydalı olar.