• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    01:47 26 fevral 2019

Xocalı soyqırımı Moskvada anılıb - FOTOSESSİYA

Rusiyanın paytaxtında, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib.

ONA-nın Moskva bürosunun verdiyi məlumata görə, Heydər Əliyev Fondu, Azərbaycanın Rusiyadakı səfirliyi və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) təşkilatçılığı ilə keçirilən tədbirdə Rusiyanın tanınmış ictimai və siyasi xadimləri, bir sıra xarici ölkələrin hərbi attaşeləri və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində rejissor Vaqif Mustafayevin "Dərdimi çəkirəm" adlı sənədli filmi nümayiş olunub. Film Xocalı faciəsini lentə alan tanınmış hərbi operator Seyidağa Mövsumovun 27 il bundan qabaq baş verən dəhşətli hadisənin şahidi kimi gördüklərindən bəhs edir.

Anım mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Xocalı soyqırımı haqqında danışıb. Səfir Xocalı faciəsinin xüsusi qəddarlıqla törədilən əsl soyqırım olduğunu söyləyib: "Dərdimi çəkirəm" filmində göstərilən kadrlar bu cinayətin günahkarları məsuliyyətə cəlb olunanda sübut kimi istifadə olunacaq. Xocalı qurbanlarının bir çoxu diri-diri yandırılıb, bir çoxunun isə başını kəsiblər, gözlərini çıxarıblar. Xocalı yerlə bir edilib. Hələ ki bu soyqırımını törədənlər həbs olunmayıb, biz hamımız Xocalılıyıq".

Diplomat daha sonra Leyla Əliyevanın rəhbərliyi ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində keçirilən tədbirlərdən danışıb. Xocalı faciəsinin dünyanın 16 ölkəsinin parlamenti, ABŞ-ın 19 ştatı tərəfindən soyqırımı aktı kimi tanındığını vurğulayıb. Bu gün Xocalı soyqırımının ildönümü mərasiminin Yəhudi muzeyi və tolerantlıq Mərkəzində keçirilməsinin əhəmiyyətindən danışan səfir bildirib ki: “Yəhudi xalqı ilə Azərbaycan xalqının dərdini yaxşı anlayıram. Çünki, yəhudi xalqı da soyqırıma məruz qalıb".

Tədbirdə çıxış edən Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov ötən həftə İsraildə səfərdə olduğunu və yəhudi xalqının Xocalı soyqırımını azərbaycanlılarla birgə qeyd etdiyi söyləyib.

Rusiya Dövlət Humanitar Universitetinin fəxri prezidenti, tarixçi alim Yefim Pivovar 27 il bundan qabaq Azərbaycan şəhəri olan Xocalıda baş verənləri əsl soyqırım aktı olduğunu qeyd edib.

Milli Məclis Aparatının Hüquq şöbəsinin müdiri, BMT-nin cinayətkarlıq üzrə Vyana İdarəsinin eksperti, hüquq elmləri doktoru Nizami Səfərov isə çıxışında Xocalı faciəsinin beynəlxalq ictimaiyyət tərəfindən soyqırımı aktı kimi tanınmasının vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən digər natiqlər Xocalı soyqırımına beynəlxalq ictimaiyyət tərəfindən lazımi qiymətin verilməsini, bəşəri cinayətin günahkarlarının məlum olmasına baxmayaraq hələ də məsuliyyətə cəlb olunmamalarını qeyd ediblər.

Teqlər:

SON XƏBƏRLƏR