Nazirlər Kabineti “Azərbaycan Ordusu və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının təşkil edilməsi və keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.
APA-nın məlumatına görə, bu Qayda vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının təşkili və keçirilməsi qaydasını müəyyən edir.
Xüsusi hərbi ixtisaslar Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət qulluqçuları üçün müəyyən edilmiş ixtisaslardır. Xüsusi hərbi ixtisaslar üzrə hazırlıq Azərbaycan Ordusunun və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin tələb olunan ixtisaslı mütəxəssislərlə təmin edilməsi məqsədi ilə aparılır. Xüsusi hərbi ixtisaslar üzrə hazırlıq könüllülük prinsipi əsasında həyata keçirilir. Xüsusi hərbi ixtisaslar üzrə hazırlığa aşağıdakı vətəndaşlar cəlb edilirlər:
- müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququna malik olmayan müddətli həqiqi hərbi xidmətə yararlı olan 17 yaşına çatmış kişi cinsli vətəndaşlar;
- növbəti çağırışda müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququnu itirən və müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən müddətli həqiqi hərbi xidmətə yararlı olan çağırışçılar.
Nazirlər Kabinetinin 2014-cü il 14 may tarixli qərarı ilə təsdiq edilmiş “Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin siyahısı”nda göstərilən təhsil müəssisələrində xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçən vətəndaşlar müdavim adlanır.
Vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının təşkili və keçirilməsi aşağıdakılardan ibarətdir:
- xüsusi hərbi ixtisaslar üzrə hazırlığın planlaşdırılması;
- təhsil müəssisələrinin komplektləşdirilməsi;
- xüsusi hərbi ixtisaslar üzrə hazırlığın keçirilməsi;
- xüsusi hərbi ixtisaslar üzrə hazırlığa dair tədbirlərin maliyyə təminatı.
Hazırlanmış xüsusi hərbi ixtisaslı mütəxəssislərin aidiyyəti xüsusi hərbi ixtisaslar üzrə sifariş vermiş Azərbaycan Ordusuna və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə göndərilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təmin edilir.
Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin komplektləşdirilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən aparılır.
Qaydaya əsasən, xüsusi hərbi ixtisaslar üzrə hazırlığa cəlb ediləcək vətəndaşların ilkin seçimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində 16 yaşlı kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınması zamanı aparılıb və namizədlərin siyahısı hazırlanıb. Dəyişikliyə əsasən, 16 yaş həddi 15-ə endirilib. Başqa sözlə, xüsusi hərbi ixtisaslar üzrə hazırlığa cəlb ediləcək vətəndaşların ilkin seçimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində 15 yaşlı kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınması zamanı aparılacaq və namizədlərin siyahısı hazırlanacaq.
Qeyd edək ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2018-ci il 12 oktyabr tarixli qanuna əsasən, kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınması yaşı 16-dan 15-ə endirilib. Hər il yanvar-mart ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalıdırlar. Qanuna edilən dəyişikliklə əlaqədar Nazirlər Kabineti “Azərbaycan Ordusu və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının təşkil edilməsi və keçirilməsi Qaydası”nda dəyişiklik edərək xüsusi hərbi ixtisaslar üzrə hazırlığa cəlb ediləcək vətəndaşların ilkin seçimi ilə əlaqədar yaş həddini 15-ə endirib.