• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    23:55 27 fevral 2021

Yunan jurnalist Azərbaycan Prezidentinin mətbuat konfransından reportaj hazırlayıb

Yunanıstanın “real.gr” xəbər portalının müxbiri Vana Stellou Prezident İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri qarşısında keçirdiyi mətbuat konfransından reportaj hazırlayıb.

APA-nın məlumatına görə, reportaj sözügedən portalda dərc edilib.

Bakıda mətbuat konfransında iştirak edən yunan müxbir əvvəlcə Ağdam rayonu barədə məlumat verərək buranı tarixi şəhər adlandırıb: “Tarixi Ağdam şəhəri Azərbaycanın cənub-qərbində, Dağlıq Qarabağla sərhəddə, 18-ci əsrin əvvəlində salınıb. Dağıdılmış evləri hökumətin qısa müddətdə inşa ediləcəyini deyən Azərbaycan Prezidenti İlham Əliyev Ağdamda nəqliyyat və elektrik enerjisi də daxil olmaqla, bütün iqtisadi şəbəkələrin bərpa edilməsi üçün çox çalışır. Əliyev qaçqınların geri dönəcəklərini söylədi”.

Vana Stellou daha sonra yazır: “Təxminən 5 saat davam edən mətbuat konfransında İlham Əliyev Ermənistandakı hadisələrə də toxundu. Dövlət başçısı Ermənistanda baş verən hadisələrin bölgədəki ölkələri də narahat etdiyini söylədi. Prezident Əliyev əlavə etdi ki, bu dəqiqə Ermənistan böhranla üz-üzədir: Heç bir ölkənin beynəlxalq işlərinə qarışmırıq. Ermənistandakı vəziyyətə baxmayaraq, 10 Noyabr 2020-ci il tarixli atəşkəs razılaşması icra edilir və icra edilməlidir. Ümid edirəm ki, Ermənistan 10 noyabr razılaşmasına əməl edəcək. Əks təqdirdə, daha pis vəziyyətdə olacaq. Başqa seçim yoxdur”.

Yunanıstanlı müxbir daha sonra Azərbaycan Prezidentindən sitat gətirərək vurğulayıb ki, bu gün Ermənistan dövlətin təməllərini silkələyən çətin vəziyyətdədir: “Ölkənin əvvəlki və hazırkı rəhbərliyi məsuliyyət daşıyır. Ermənistandakı mövcud siyasi böhran işğal siyasətinin nəticəsidir”.

“İlham Əliyev davam edir: “Bizim siyasətimiz Ermənistanı iqtisadi cəhətdən zəifləmək və iqtisadi layihələrdən təcrid etmək idi. Mən onlara dedim ki, torpaqlarımızı işğal etməyi dayandırın. Bizi vaxtında dinləsəydilər, indi belə pis vəziyyətdə olmazdılar”. Prezident bildirdi ki, Azərbaycan xalqının Dağlıq Qarabağ sülhməramlı missiyasının nəzarətində olan ərazilərə qayıtması 10 noyabrda imzalanan müqaviləyə daxil edilib: “Bəli, bu müddət bir az vaxt aparacaq və birgə səylər tələb edəcək. Ancaq bu qaçılmazdır, başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu başa düşməlidir. Hamı gördü ki, Azərbaycan xalqı yenilməzdir, dəmir iradəyə sahibdir”, - Stellou vurğulayıb.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR