“Bütün müharibələrdə satqınlardan, vətənini, millətini hansısa öz şəxsi maraqlarına satanlardan istifadə edirlər. Onların əlacı ancaq bu işlərə əl atmağa qalıb”.
ONA xəbər verir ki, bunu müdafiə naziri Zakir Həsənov AzTV-yə müsahibəsində deyib.
Nazir bildirib ki, bunun da nəticəsi olmayacaq: “Biz satqınları üzə çıxartdıq. Satqınlar istisna olmaqla, bir bir əsgər, bir bir zabit, bir bir general tərəddüd etmədən döyüşə qalxdı. Hər əsgər əmrlə döyüşə qalxdı və hücuma keçdi. Mən özüm hücum başlayanda Lələtəpə istiqamətində idim. Komanda məntəqəm o istiqamətdə idi. Bütün bunları öz gözümlə görmüşəm. Yerimi Talış yüksəkliyi istiqamətində dəyişirdim. Yolda gördüm ki, bizim xeyli sayda gəncimiz könüllü döyüşə gəlib. Amma onlara ehtiyacımız olmadı”.
Z.Həsənov xatırladıb ki, aprel döyüşlərindən öncə də ermənilərlə toqquşmalar olub, bu toqquşmalar zamanı da ermənilər böyük itkilər veriblər: “Ermənilər 2016-cı ildə bu təxribata əl atdılar. Mən hərdən soruşurlar ki, buna kim əmr vermişdi. Mən istəyirəm deyəm ki, bu necə baş verib. Biz düşmənin hər bir hərəkətinə hazır olmalıyıq. Bu planlar qabaqcadan işlənir, təsdiqlənir. Bütün planlar vəzifəli şəxslərə paylanılır. Onlardan soruşmadan da bu plandan istifadə edilir. Yəni təxribatın qarşısı necə alınmalıdır, hərbçilərimiz bunu qabacadan bilirdilər, ümumi plan Ali Baş Komandan tərəfindən təsdiq olunub. Təbii ki, bu təxribat başlayanda komandirlər öz planlarına baxdılar, necə deyərlər, fəaliyyətə başladılar. Ümumi əmr çoxdan verilmişdi. Ona görə ki, müharibə gedir”.