• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    15:24 24 may 2019

Ziyafət Əsgərov: "Dağlıq Qarabağ məsələsində beynəlxalq hüquq işləmir"

“Dağlıq Qarabağ münaqişəsinin indiyə qədər həll olunmaması ikili standartlarla bağlıdır”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri ilə görüşdə “Azərbaycanda təhlükəsizlik sistemi. Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları” mövzusunda çıxış edən Mili Məclis sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Z. Əsgərov deyib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində erməni qoşunların işğal olunmuş torpaqlardan dərhal çıxarılması tələb olunur: “Bəs indiyə qədər bu qoşunlar niyə çıxmır? BMT Təhlükəsizlik Şurasının qətnamələri başqa hallarda dərhal icra olunur, Azərbaycana gələndə isə indiyə qədər məsələnin həlli uzanıb. Təəssüf ki, bu gün beynəlxalq hüquq işləmir. Kimin gücü var, beynəlxalq hüquq onun tərəfindədir”.

I vitse-spiker nəzərə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu 1993-cü ildən məşğul olur: “Avropa Şurası, digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır, ancaq hələ münaqişə həll olunmayıb. Bizə deyirlər ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mexanizm yoxdur. Bizimlə söhbətdə onu da deyirlər ki, münaqişəni sülh yolu ilə həll edin. Bəs Azərbaycan nə etməlidir?”

Z. Əsgərov qeyd edib ki, Azərbaycan getdikcə güclənir: “Azərbaycan nə qədər güclənir, inkişaf edir, Dağlıq Qarabağ münaqişəsinin həlli yaxınlaşır. Bu gün dünya güc dünyasıdır”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR