“Azərbaycanda karantin tədbirlərinin yumşaldılması ilə insanlarda sanki arxayınlaşma yaranıb. İnsanlar hesab edir ki, artıq karantin yumşaldılırsa, demək koronavirus təhlükəsi keçib”.
Bunu APA-ya açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib.
Onun sözlərinə görə, əslində belə deyil, ölkədə hələ də xəstəliyə kifayət qədər yoluxma aşkar olunur: “Ölkəmizdə hazırda gündəlik təxminən 30-35, 40-45 yoluxma halı qeydə alınır. Doğrudur, xəstələnmə halı aşkarlansa da, sağalma da çoxdur. Sağalma artıq xəstələnənlərinin 70 faizindən çoxunu əhatə edir. Bu da böyük ümid verir. Bunlar görülən tədbirlərin nəticəsi olaraq meydana çıxıb. Ancaq karantinin yumşaldılması o demək deyil ki, necə gəldi hərəkət edə bilərik. Əksinə, bu dövrdə daha ciddi olmalıyıq, yəni tədbirlər sistemi davam etdirilməlidir. Bizdən tələb olunan qaydalara riayət etməliyik ki, xəstəlik yenidən yayılmasın, mərhələli keçid qalıcı olsun, nəhayət, virusun qarşısı tamamilə alınsın.
Ona görə də maskadan istifadə, gigiyena qaydalarına əməl edilməsi, sosial təcrid, insanların kütləvi toplaşmaması, məsafə saxlanması - ümumilikdə hansı tövsiyələr varsa, onlara mütləq şəkildə əməl edilməsi vacibdir. Səhiyyə orqanlarının, müvafiq dövlət qurumlarının apardığı tədbirlər nəticəsində ölkəmizdə stabillik əldə olunub. Bu stabilliyin qorunması üçün vətəndaşlardan çox şey asılıdır. Karantində yumşalma olubsa, insanlar bundan sui-istifadə etməməlidir, vacib olmadığı təqdirdə evdən çıxmaq, harasa getmək məsləhət görülmür, sosial tədric davam etməlidir”.
C. İsayev deyib ki, virusun hava-damcı ilə yayılmasında bütün bunlar vacib rol oynayır: “Digər vasitələrlə, qidalanma, təmas və s. yollarla yayılma halları da olur, amma hava-damcı yolu ilə yayılma xəstəliyin kütləvi hal almasında əsas faktorlardan biridir. Özümüz də bilmədən xəstəliyi çox yüngül formada keçirərək də yaya bilərik. Ona görə də qaydaları gözləmək çox vacibdir.
Bu tədbirləri həyata keçirməklə virusun ölkədə geniş yayılmasının qarşısı ala bildik, virus bizim ölkəmizi o qədər də təhdid edə bilmədi. Düzdür, yayıldı, amma o qədər də ciddi təhlükə yarada bilmədi. Qaydalara əməl etsək, ikinci dalğanın yayılma ehtimalı da birinci kimi olar. Yəni yayılma ehtimalı bu cür aşağı düşər, hətta tədbirlərimizi davam etdirsək, yumşalmanı mərhələ-mərhələ axıra çatdırıb xəstəlikdən xilas ola bilərik. Bütün bunlar bizdən asılıdır. Hansı ölkələrdə bu tədbirlər həyata keçirilməyəcək, onlarda ikinci dalğanın olması ehtimalı var. Necə ki, əvvəldən bəzi dövlətlər bu cür tədbirləri həyata keçirməkdə gecikdi, onlarda xəstəliyin yayılması baş alıb getdi. Hətta həmin ölkələrdə koronavirusdan ölüm 10-13%-dən çox oldu. Qaydalara əməl edilsə, ölkəmizdə ikinci dalğanın olmasını ehtimal etmirəm”.
Baş infeksionist qeyd edib ki, karantin rejiminin nə vaxt tam ləğv edilməsi də özümüzdən asılıdır: “Əgər biz bu qaydalara əməl etsək, çox güman ki, iyun ayına qədər xəstəliyə yoluxmanı minimuma endirə biləcəyik. Bildiyiniz kimi, koronavirus SARS virusundan törəmədir. SARS virusu 2002-2003-cü ildə yayıldı, o vaxtdan indiyə qədər bu virusdan xəstələnmə olmurdu. Burada 2 ehtimal var, ola bilər ki, bu virus SARS kimi dünya səhiyyəsindən çəkilsin və bir daha özünü göstərməsin.
İkinci ehtimal odur ki, virus, adi respirator virusu kimi, mövsümü xəstəlik kimi hər il baş qaldırsın və bizi təhdid eləsin. Buna qarşı da mübarizə tədbirləri aparası olaq. Amma güman etmirəm ki, virus ikinci dəfə qalxanda bu cür kütləvilik olsun. İnsanların bir qismi artıq xəstələnməklə immunitet qazanıb, onların yenidən xəstələnməsi çox güman ki, baş verməyəcək. Bir xəstəliyə qarşı peyvənd hazırlanması üzərində də işlər gedir. Ümid edirik ki, o vaxta qədər peyvənd məsələsi də həll oluna bilər”.