Bu gün səhər Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobilləri Ağdam-Xankəndi yolu ilə Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli sakinlərə ərzaq və tibbi ləvazimatlar aparıb.
Bu, başqa sözlə Ağdam-Xankəndi yolunun açılması deməkdir.
Uzun müddət idi ki, Azərbaycan Ağdam-Xankəndi yolunun açılmasının, yüklərin bu yolla Xankəndiyə çatdırılmasının vacibliyi və əlverişli olması barədə danışırdı.
Son 3 ay ərzində isə Azərbaycan bu yolun əhəmiyyətini həm Ermənistana, həm beynəlxalq ictimaiyyətə anlatmaq üçün ciddi addımlar atır, Laçın-Xankəndi marşrutuna paralel olaraq Ağdam-Xankəndi yolunun işləməsinə razı olduğunu bildirirdi.
Sentyabrın 17-də Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından eyni zamanda istifadə ilə bağlı açıqlamasında da bildirmişdi ki, Azərbaycanla əlaqələndirilmiş şəkildə Laçın-Xankəndi və Ağdam-Xankəndi yollarından paralel istifadə edilməsi təklifi uzun müddətdir ki, Azərbaycan tərəfindən irəlilədilir və müxtəlif səviyyələrdə geniş müzakirə olunurdu.
“Təəssüf ki, əldə edilmiş razılıqlara və beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, Ermənistan və onun tərəfindən Qarabağ bölgəsində yaradılmış qondarma rejim belə keçidin təşkilinə mane olurdu. Bu gün BQXK Azərbaycan tərəfinə müraciət edərək qarşı tərəfin 18 sentyabr tarixində Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel olaraq yüklərin qəbuluna razı olduğu barədə ilkin məlumat verib. Əvvəllər də qeyd edildiyi kimi, Azərbaycan tərəfi ölkəmizin qanunvericiliyinin tələblərinə riayət olunmaqla, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel istifadənin təşkilinə hazırdır”, - deyə XİN sözçüsü qeyd etmişdi.
Xatırlatmaq yerinə düşər ki, əslində, Azərbaycan və Ermənistan tərəfinin ABŞ-da keçirilmiş son görüşdə sentyabrın 1-dən paralel şəkildə yolların işə salınacağı razılaşdırılmışdı. Lakın Qarabağdakı separatçı qalıqları bu razılaşmanı pozur, Ermənistan, onların xaricdəki havadarları, lobbiləri razılaşmanın baş tutmaması üçün əllərindən gələni edirdilər. ABŞ, Fransa kimi ölkələr isə razılaşmanın tələblərinin yerinə yetirilməsinə səy göstərmək əvəzinə, Azərbaycana çox ciddi təzyiqlərə əl atır, müxtəlif səviyyələrdə yersiz bəyanatlar səsləndirir, yalnız Laçın yolunun açılmasını tələb kimi irəli sürürdü.
Lakin Azərbaycan prinsipial mövqeyindən çəkilməyərək, hər iki marşrutun paralel olaraq işləməsi təklifində israr elədi və istəyinə nail oldu.
Bir neçə gün əvvəl Rusiyanın Qızıl Xaç Cəmiyyətinin, bu gün isə Beynəlxalq Qızıl Xaç Komitəsinin yüklərinin Ağdam yolu ilə Xankəndiyə keçməsi ilə Azərbaycan növbəti dəfə doğru yolda olduğunu, ona təzyiqlərin nəticəsizliyini bütün dünyaya göstərdi.
Yüklərin Ağdan-Xankəndi yolu ilə çatdırılması ilə bu yolun funksional olması barədə Azərbaycanın uzun müddətdir dedikləri bu gün əksini tapdı. Əslində, bu, Azərbaycanın növbəti qələbəsidir.
Azərbaycan bir daha sübut etdi ki, humanitar məsələlərdə daim üzərinə düşəni edir, Qarabağda yaşayan erməni əsilli vətəndaşlarına münasibətdə də heç bir ayrı-seçkiliyə yol vermir. Separatçı qalıqlarının, eləcə də Ermənistan və onun dəstəkçilərinin humanitar məsələni siyasiləşdirib, bundan Azərbaycan təzyiq kimi istifadə etmək niyyəti isə perspektivsizdir.
Ağdam-Xankəndi yolu artıq açıqdır, fəaliyyət göstərir. Azərbaycan bununla prinsipial və ədalətli mövqe ortaya qoydu.
Bütün dünya, beynəlxalq ictimaiyyət bir daha şahidi oldu ki, Azərbaycan heç bir ərazini blokadada saxlamır, humanitar yüklərin çatdırılmasına heç bir maneə yaratmır.
Qarabağda blokada adına heç nə olmayıb. Separatçı qalıqları, Ermənistan, xaricdəki erməni lobbi qrupları, Qərbdəki bəzi korrupsioner siyasətçilər və qərəzli KİV manipulyasiyaya yol verərək, dünyanı çaşdırmaq, humanitar məsələləri siyasiləşdirmək cəhdləri edirdi, lakin Azərbaycan qəti duruşu ilə bu niyyətləri puça çıxartdı.
Azərbaycan ilk gündən Laçın-Xankəndi və Ağdam-Xankəndi yolunun paralel işləməsinə razılıq vermişdi, təəssüf ki yuxarıda sadalanan səbəblərdən bu, yalnız aylar sonra mümkün oldu.
Azərbaycan istəyinə çatdı, Ağdam-Xankəndi yolunun açılması ilə həm yerdə, həm də diplomatiyada növbəti qələbəsini qazandı.
ABŞ, Fransa və bu sırada olan digər ölkələrə isə tutduqları qeyri-konstruktiv mövqeyə görə ancaq utanmaq qalır.
APA Analytics