Azərbaycan və Ermənistan arasında müharibənin getdiyi bir vaxtda işğalçı dövlət xaricdəki erməni lobbisinin maliyyə hesabına ötən həftəsonu Almaniyadan bir qrup deputatı qeyri-qanuni yolla Xankəndinə gətirərək, bu yolla öz aləmlərində qondarma “Dağlıq Qarabağ Respublikası”nı legitimləşdirmək yolunda addım atdıqlarını fərz edirlər. Almaniya parlamentində nasistləri təmsil edən "Almaniya üçün alternativ” Partiyasının 3 üzvü - Şteffen Kotre, Andreas Kalbitz və Andreas Qalao Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazilərinə qanunsuz səfər ediblər.
“AfD”çilər işğal altındakı torpaqlarımıza qanunsuz səfərlərini, eləcə də işğalçı rejimlə əlaqələrini Dağlıq Qarabağın guya xristian mədəniyyətinin tərkib hissəsi olması ilə əsaslandırmağa çalışırlar. Məsələn, Baden-Vürttemberq Landtaqının üzvü kimi hələ 2017-ci ildə Dağlıq Qarabağa qanunsuz səfər etmiş, hazırda Avropa Parlamentinin deputatı olan Lars Patrik Berq (Lars Patrick Berg) Ermənistana səfəri zamanı armenpress.am saytına verdiyi müsahibəsində Dağlıq Qarabağı "xristianlığın beşiyi” və "xristian inancının qalası” adlandırıb.
“Almaniya üçün alternativ” Partiyası Almaniyada olduqca mənfi imicə sahibdir. Partiyanın əsas mövzuları, o cümlədən Almaniyanı islamlaşmaqdan xilas etmək, inteqrasiya olunmayan miqrantları sıxışdırmaqdan ibarətdir. AfD ölkədə məscidlərin inşasına vəsaitin ayrılmamasını, hicabın qadağan olunmasını, məktəblərdə islam dərslərinin alman dilində tədrisini tələb edir.
Məsələn, partiyanın həmsədrlərindən biri ALeksandr Qauland öz nitqlərindən birində alman əsgərlərinin İkinci Dünya Müharibəsində göstərdikləri "qəhrəmanlıqları" qiymətləndirməyə və onlarla “fəxr etməyə” çağırmışdı.
Alman nasistlərinin Dağlıq Qarabağa gəlişi göstərir ki, bu gün Ermənistan və işğal olunmuş ərazilərdə qurulmuş rejimin bütün ümidi nasist-faşist ideologiyasının daşıyıcılarına və terrorçulara qalıb. Suriya və Livandan PKK, YPG terror dəstələrinin üzvlərinin muzdlu kimi bölgəyə gətirən Ermənistan Avropada nasist ideologiya daşıyıcılarının dəstəyinə ümid edir.
İrəvanın mərkəzində faşist cəlladı Qareqin Njdeyə heykəl qoyan Ermənistanın faşizmə rəğbət bəsləyən "Almaniya üçün alternativ" partiyasının nümayəndələrini işğal olunmuş Qarabağa dəvət etməsi bu ölkənin xisləti üçün təbii bir hal kimi görünür.
Lakin nə fayda. Avropada kifayət qədər mənfi reytinqli və heç bir söz sahibi olmayan müxtəlif siyasi partiyaların nümayəndələrinin, jurnalistlərinin və blogerlərinin maddi qarşılıq əsasında Qarabağa qeyri-qanuni səfərləri Ermənistana heç bir siyasi divident qazandırmayacaq. İşğal altındakı torpaqlarda ciddi məğlubiyyətlə və çıxılmaz vəziyyətlə üzləşən Ermənistan yaxşı olar ki, bu cür mənasız addımlara əl atmaqdansa, ağlına başına yığsın, əks təqdirdə Ermənistanın fəlakəti qaçılmazdır.
Humanitar atəşkəslə bağlı razılıqlara baxmayaraq, əldə edilmiş razılıqları pozaraq Azərbaycan ordusuna və mülki əhalisinə qarşı təxribatlar törədən Ermənistanın hərbi-siyasi rəhbərliyi bu kimi addımları ilə sülhə və danışıqlara razı olmadığını bir daha sübut edir. Düşmən ölkənin əsas niyyəti Qarabağda baş verənlərə dini don geyindirərək lokal münaqişəni beynəlxalq münaqişəyə çevirmək və öz ambisiyalarını həyata keçirmək yolunda hətta Cənubi Qafqazı ikinci Suriya, İraqa çevirməkdir.
Lakin İrəvanın heç bir istəyi baş tutmayacaq. Dünya artıq kimin kim olduğunu çox yaxşı bilir. Dünya onu da yaxşı bilir ki, beynəlxalq hüquq Azərbaycanın yanındadır və rəsmi Bakı öz torpaqlarında beynəlxalq hüquq əsasında hərbi əməliyyatlar aparmaqla işğalçı qüvvələri sülhə vadar etməklə məşğuldur.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov