• TƏHLİL

    17:45 30 dekabr 2020

Azərbaycan 2021-ci ilə qalib dövlət, qalib xalq kimi gedir - TƏHLİL

2020-ci il başa çatır. Yola saldığımız il ölkəmiz üçün hansı mühüm hadisələrlə əlamətdar oldu?

COVID-19-la əlaqədar Azərbaycan hakimiyyətinin atdığı addımlar

2020-ci il ümumilikdə Azərbaycan və dünya üçün heç də asan keçmədi. İlin əvvəlindən başlayaraq COVID-19 kimi qlobal pandemiyanın dünyanı cənginə alması, bəşəriyyət qarşısında çox vacib çağırışlar yaratmışdı. Bütün dünyada olduğu kimi, Azərbaycanda da ilboyu qlobal pandemiyaya qarşı tədbirlər həyata keçirildi. Bununla əlaqədar olaraq ilin əvvəlindən başlayaraq Azərbaycan dövləti bütün gücünü ölkə vətəndaşlarının sağlamlığının qorunmasına, onların sosial rifahının yaxşılaşdırılmasına yönəltdi. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq koronavirus pandemiyasının qarşısının alınması üçün qətiyyətli və çevik addımlar atıldı. Ümumilikdə, dövlətimiz tərəfindən virusun yayılmasının qarşısının alınması, ölkə iqtisadiyyatının dayanıqlılığının təmin edilməsi, vətəndaşların ayrı-ayrı təbəqələrinə sosial qayğı, dövlətin ən az zərərlə bu çətin mərhələni başa vurması, insanların maarifləndirilməsi və s. kimi strateji hədəflər istiqamətində mühüm addımların atılmasının şahidi olduq.

Bu dövrdə ölkəmiz təkcə daxildə deyil, bütün dünyada COVID-19-la mübarizəyə öz töhfəsini verdi. Təsadüfi deyil ki, COVID-19 başlar-başlamaz ölkəmizin pandemiyaya qarşı gördüyü tədbirlər, ayrı-ayrı ölkələrə humanitar yardımlarımız, BMT, ÜST və ayrı-ayrı dövlətlər tərəfindən yüksək qiymətləndirildi və örnək olunası siyasət kimi təqdim edildi.

Burada xüsusilə, Prezident İlham Əliyevin “Qoşulmama Hərəkatının” sədri kimi verdiyi təklif əsasında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının çağırılması üzərində dayanmaq lazımdır. Qəribə səslənsə də, fakt budur ki, pandemiyaya qarşı dünyanın birlikdə mübarizə aparmalı olduğu bir vaxtda Prezident İlham Əliyevin təklifinə qədər dünya liderləri birgə toplantı, iclas haqqında heç düşünmürdülər. Qlobal iqtisadi böhranın aybaay dərinləşməsi, ümumiyyətlə, bəşəriyyətin həyat tərzində inqilabi dəyişikliklərə gətirib çıxaran pandemiya dövründə Prezident İlham Əliyevin Xüsusi Sessiyanın keçirilməsinin zəruriliyi haqqında çıxışı dünyanın sadə vətəndaşlarından tutmuş problemlərin həllində maraqlı olan siyasətçilərə qədər, hər kəsdə böyük rəğbət hissi doğurdu.

Dünyanın üzləşdiyi bu universal bəlaya qarşı həmrəy olmağın zəruriliyi ilk dəfə olaraq Prezident İlham Əliyev tərəfindən Qoşulmama Hərəkatının videokonfransı zamanı qeyd edildi. BMT-nin 130-a qədər üzv dövləti, BMT Baş Katibi Antonio Quterreş tərəfindən Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi, beynəlxalq ictimaiyyətin ölkəmizə böyük etimadının, Azərbaycanın ildən-ilə artan beynəlxalq nüfuzunun göstəricisidir.

Türkdilli dövlətlərin zirvə toplantısı

Bu ilin 10 aprel tarixində Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü baş tutdu. Yeri gəlmişkən, Türk Şurasının zirvə toplantısının videobağlantı şəklində görüntüsü dünyada dövlət başçılarının bu şəkildə ilk toplantısı idi. Burada xüsusilə qeyd etmək lazımdır ki, müstəqillik illərinin əvvəlindən indiyə qədər hər zaman Azərbaycan və Türkiyə türk dünyası arasında münasibətlərin inkişafı üçün müstəsna xidmətlər göstərib. Biz bu illər ərzində dəfələrlə türkdilli dövlətlər arasında müxtəlif sahələrdə inteqrasiyanın gücləndirilməsi istiqamətində Azərbaycan tərəfinin atdığı addımların effektivliyini görmüş olmuşuq.

Azərbaycanın dünyadakı mövqeyi

Xoş haldır ki, Azərbaycanın dünyadakı nüfuzu ilbəil artmaqda davam etməkdədir. Bütün bunlar dövlət başçısının apardığı rasional və praqmatik daxili və xarici siyasətlə bağlıdır. Təsadüfi deyil ki, bugünlərdə dünyanın bir sıra nüfuzlu nəşrləri Azərbaycan Prezidenti İlham Əliyevi “İlin siyasətçisi” adlandırırlar. Ölkə daxilində də il ərzində aparılan sosioloji sorğular bir daha göstərir ki, Prezident İlham Əliyevə xalq tərəfindən verilən dəstək birmənalıdır, Azərbaycan cəmiyyəti Prezidentin apardığı daxili və xarici siyasət kursunu dəstəkləyir və onun yanındadır. Daxili və xarici siyasət dedikdə, əslində, çox mürəkkəb proseslər başa düşülməlidir. Bu gün Azərbaycan dövlətçiliyinin daha da inkişaf etməsinin şahidiyik. Bu gün Azərbaycan coğrafi baxımdan kiçik ölkə olmasına baxmayaraq böyük, qlobal layihələrlə məşğuldur. Bu qlobal layihələrin həyata keçirilməsi kənardan asan görünsə də, olduqca çətin prosesdir. Xüsusilə qeyd edilməlidir ki, bu proseslərdə beynəlxalq güclərin, dünyadakı qrupların, elitaların rəyləri vacibdir. Təsadüfi deyil ki, son illər ərzində Prezident İlham Əliyevin iradəsi ilə reallaşan Bakı-Tbilisi-Qars, Şimal-Cənub, TAP, TANAP və digər qlobal layihələr Azərbaycanı istəməyən qüvvələr, o cümlədən ümumdünya erməniləri tərəfindən ciddi qıcıqla qarşılandı. 2020-ci il ərzində də həmin qüvvələr tərəfindən Azərbaycanın başçılıq etdiyi, başda TAP kimi Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli layihə olmaqla, müxtəlif enerji və nəqliyyat layihələrinin reallaşmasına ciddi şəkildə əngəl törədilməyə çalışılsa da, buna nail ola bilmədilər.

Bundan başqa, son 1 il ərzində məhz Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində apardığı informasiya siyasəti nəticəsində artıq dünya Ermənistanı və erməniləri “yazıq və əzabkeş xalq” kimi deyil, əksinə, təcavüzkar və terrorçu, faşist obrazında tanımağa başlayıb.

Bu günlərdə məhz prezident İlham Əliyevin müxtəlif kürsülərdə Ermənistanın işğalçılıq siyasətini ifşa edən çıxışları sayəsində dünya həqiqətləri gördü. Müharibə dövründə dünyanın ən mötəbər 26 media qurumlarına müsahibə verən Prezident Ermənistanın hərbi əməliyyatlar zamanı Azərbaycanla bağlı bütün yalanlarını alt-üst etməyi bacardı.

Ermənistanın işğalçı olmasına dair qəbul edilən sənədlər

Aparılan diplomatik və informasiya sahəsindəki uğurlu siyasət bu il də bir neçə təşkilatın münaqişə ilə bağlı Azərbaycanın lehinə bəyanatlar, qətnamələr qəbul etməsi ilə nəticələndi. Bu ilin 10 iyun tarixində Avropa Parlamentinin üzvləri Ermənistandan Azərbaycanın işğal olunmuş rayonlarına yeni avtomobil yolunun çəkilişini tənqid etdi. Onlar bəyanat yayaraq yolun çəkilişinə sərt etirazlarını bildirdilər. Bu bəyanat Ermənistanın işğalı altında saxladığı Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətinin beynəlxalq səviyyədə ciddi tənqid və etirazla qarşılandığının, etiraf edilmiş olduğunun növbəti göstəricisi oldu.

İyulun 20-də isə ABŞ Konqresi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini rəsmiləşdirdi. ABŞ-ın Nümayəndələr Palatası respublikaçı Stiv Şabo və demokrat Stiv Koenin təqdimatları əsasında səsvermə nəticəsində “National Defence Authorisation Act” sənədinə düzəlişlər qəbul edildi. 2021-ci maliyyə ili üzrə “Milli Müdafiə Maliyyələşmə Qanunu”nun (National Defense Authorization Act – NDAA) kifayət qədər statuslu qanun olmasını onun ABŞ-ın Çinə və Rusiyaya qarşı sanksiyalarının həm də bu akt vasitəsilə reallaşdırılmasında görmək olar. Məsələn, Çinin “Huawey” şirkətinin ABŞ-da fəaliyyətinin məhdudlaşdırılması, Rusiyanın Almaniyaya çəkdiyi “Şimal axını 2” layihəsində şirkətlərə qoyulmuş sanksiyalar da NDAA çərçivəsində qəbul edilib. Bu son qərar isə bölgədə işğalçı və işğala məruz qalan dövlətləri təsbit etmiş oldu.

Qeyd edək ki, ABŞ parlamentarizm tarixində bu dəyişikliklər erməni diasporuna və Ermənistana vurulmuş ən böyük zərbədir. Təsadüfi deyil ki, bu qanuna dəyişikliklərin edilməsindən sonra ABŞ-dakı erməni diasporu və lobbist qruplar ciddi şəkildə parlamentə təzyiqlərini artıraraq etirazlarını davam etdirdilər. NDAA-ya dəyişikliklər nəticəsində Ermənistan növbəti sənəddə bir daha işğalçı dövlət kimi qeyd olunur və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıdışı tələb olunur. Ukrayna, Moldova, Gürcüstan və Azərbaycan kimi ölkələrdə işğal olunmuş ərazilərdən köçkün düşmüş və o ərazilərdə qətlə yetirilmiş vətəndaşlar barədə həmin dövlətlərin hesabatının Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim edilməsi barədə 296 saylı düzəliş Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü təsdiqləyir.

2020-ci ilə qədər və 2020-ci ildə qəbul edilən, Azərbaycanın torpaqlarının işğal olunmasını sübut edən sənədlər sözsüz ki, 44 günlük müharibədə qələbə qazanmağımızda mühüm rol oynadı. BMT Təhlükəsizlik Şurasının qətnaməsindən tutmuş ayrı-ayrı dövlətlərin və beynəlxalq təşkilatların münaqişə ilə bağlı Azərbaycanın lehinə qəbul etdikləri qərar və qətnamələr, verilən bəyanatlar İkinci Qarabağ müharibəsinə qədər sülh danışıqlarında rəsmi Bakının mövqeyini möhkəmləndirməklə yanaşı, həm də Bakıya işğal altındakı torpaqları müharibə yolu ilə geri qaytarmaq hüququnu verirdi.

Qarabağ

Nəhayət, 30 il ərzində sülh danışıqlarının nəticəsiz qalması, Ermənistanın isə ilbəil işğalçılıq siyasətini genişləndirmək istəyi və bu istiqamətdə təxribatları regionda müharibənin başlamasına gətirib çıxardı. Sentyabrın 27-si başlayan və 44 gün davam edən müharibə Azərbaycanın qələbəsi, Ermənistanın kapitulyasiyası ilə nəticələndi.

Beləcə, 2020-ci ildə Azərbaycan xalqı tarixinin ən əlamətdar günlərini yaşadı. Ali Baş Komandanın başçılığı altında xalqımız yaxın keçmişindəki qara səhifələri ilə vidalaşaraq gələcəyimiz üçün yeni tarix yazmağa müvəffəq oldu. Azərbaycan 2021-ci ilə bəlkə də dünənə qədər təsəvvür edə bilmədiyi reallıqla daxil olur: İşğal altındakı torpaqların azad olunması.

Bununla da, ermənilərin və onların havadarlarının 1828-ci ildən başlayaraq Azərbaycan xalqına qarşı apardığı mənfur siyasətə son qoyuldu. Düz 200 ilə yaxın idi ki, geosiyasi güclər erməni məsələsi adı altında öz dövlət maraqlarını həyata keçirməkdə, ermənilər isə “dənizdən-dənizə” ideologiyalarını reallaşdırmaqla məşğul idilər. Artıq bütün bunlara son qoyuldu. Ali Baş komandanın rəhbərliyi altında ordumuz regionun siyasi xəritəsini dəyişəcək bir tarixi, bölgədə gələcək proseslərin istiqamətini dəyişəcək bir tarixi, əsrlərdir qələbəyə həsrət qaldığımız bir tarixi yazdı.

Beləliklə, Azərbaycan dövləti və xalqı 2021-ci ilə qalib kimi daxil olur.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov

ONA

Teqlər:

SON XƏBƏRLƏR