Çoxəsrlik tolerantlıq ənənələrinə malik Azərbaycanda tarix boyu müxtəlif xalqların və dinlərin nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayıb. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır.
Müasir dövrümüzdə buna nail olmaq asan deyil. Belə ki, son onilliklərdə informasiya-kommunikasiya texnologiyalarının misli görünməmiş inkişafı informasiyanın əldə olunması, hazırlanması, yayılması ilə bağlı çox böyük imkanlar yaratdığı kimi yeni çağırışlar, təhdidlər də meydana gətirib və bu baxımdan, Azərbaycanın belə təhdidlərə qarşı duruş gətirməsi dünya tərəfindən qəbul edilir.
Xüsusən dini ekstremist ideyaların yayılması və ona qarşı mübarizə Azərbaycanda əsas təsisatlardan biri kimi nəzərdən keçirilir. Bu, ilk növbədə onunla şərtlənir ki, dini ekstremist ideologiyalar və cərəyanların ideoloqları çox asanlıqla kütləvi auditoriyaya çıxış imkanları əldə ediblər. Ötən əsrdə buna nail olmaq üçün çox böyük resurslar tələb olunurdusa, hazırda insanlara, geniş auditoriyaya xitab etmək olduqca asanlaşıb. Sosial şəbəkələrin meydana gəlməsi, KİV-in sayının kəskin artması yeni tribunalar yaradıb. Dini ekstremizm və etnik separatizmin ideoloqları müxtəlif vasitələrlə bir çox halda sosial şəbəkələri, KİV-i, vətəndaşları bu ideyaların ötürücüsünə, yayımçısına çevrilməsinə çalışırlar.
Azərbaycanda dini etiqad azadlığı mövcuddur, bu, bəzən dini ekstremizm ideoloqları tərəfindən məharətlə istifadə edilir. Reytinq, auditoriyanın diqqəti uğrunda sərt rəqabət, amansız mübarizə KİV-in bu və ya digər hadisə ilə əlaqədar reaksiyası və davranışı üçün müəyyən şablonlar yaradır, dini-ekstremist cərəyanların ideoloqları da bundan yararlanırlar.
Başqa ciddi problem peşəkarlığın azalması və redaksiya siyasətinin reytinq mübarizəsi şərtləri ilə formalaşmasıdır. Sosial şəbəkələrdən istifadə edənlərin sayının çoxalması, informasiyanın ötürülməsi və yayımlanmasının yeni texniki vasitələrinin meydana gəlməsi peşəkarlıq amilini arxa plana keçirib. Bu amil də dini ekstremizm ideoloqları üçün imkanlar yaradır. Tədqiqatçılar qeyd edirlər ki, dini ekstremist cərəyanlar, terrorçular öz fəaliyyətlərini planlaşdırarkən məhz bu iki amili nəzərə alırlar. Bu cür fəaliyyətlər üçün ilk növbədə ictimai diqqəti çəkmək əsas vəzifədir. Terrorizmin tanınmış tədqiqatçılarından biri Yan Hartman qeyd edir ki, terror aktının publikliyi terror strategiyasının əsas başlıca elementidir. Terror aktı ictimaiyyətdə informasiya rezonansı yaratmırsa, bu, sosial münaqişə aləti kimi faydasız olur.
Analoji strategiya dini ekstremist cərəyanlara da aiddir. Dini ekstremist cərəyanlar, onların ideoloqları ictimai dini zəmində ayrı-seçkilik, təfriqə yaradan zorakılığı təbliğ edən konkret məsələlərə kökləməyə çalışır və mümkün qədər böyük informasiya rezonansına nail olmağa səy göstərirlər. Eyni zamanda, konkret dinin, dini cərəyanın, yaxud sektanın üstün olması barədə KİV və jurnalistlərdən istifadə edərək, rəy yaratmağa, tolerantlıq, multikultralizm mədəniyyətinin əsaslarını sarsıtmağa çalışırlar.
Qanunvericilik və peşə davranış qaydalarının tələbləri
Bu cür fəaliyyətlərin, strategiyaların qarşısının alınması üçün dövlətlər, beynəlxalq təşkilatlar, jurnalist təşkilat və birlikləri, həmçinin redaksiyalar qanunvericilik islahatları həyata keçirir, peşə standartları və etik davranış qaydalarını, nəzarət mexanizmlərinin yeni reallıqlara cavab verməsinə səy göstərirlər. İlk növbədə təkmil normativ baza vacib şərt sayılır. Normativ baza redaksiyalar və jurnalistlər üçün əsas orientr rolunu oynamalıdır. İctimai rezonansa səbəb ola biləcək, ələlxüsus, dini eksterimizm, terrorizmlə bağlı məsələlərin işıqlandırılması məsələləri qanunvericiliyin, peşə standartlarının tələbləri nöqteyi-nəzərindən dəyərləndirilməlidir.
Bu sahədə Azərbaycan qanunvericiliyi müasir çağırışları kifayət qədər nəzərə alır. “KİV haqqında” qanunun 10-cu maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri, habelə yayılması qadağan edilən digər informasiyanı yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla çevirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədaləti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir.
Sözügedən qanunun 11-ci maddəsində ayrıca qeyd olunur ki, dini ekstremizmə qarşı mübarizə haqqında” qanununun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına yol verilmir.
“Dini ekstremizmə qarşı mübarizə haqqında” qanununun 9.3-cü maddəsi dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılması ilə bağlı və xüsusən dini ekstremizmə bəraət qazandıran və ya onun təbliğinə xidmət edən məlumatların yayılmasını qadağan edir.
Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydalarının 3.11-si maddəsində göstərilir ki, jurnalist cinayət əməlləri, zorakılıq, qəddarlıq və intihar halları barədə reportajlarda belə əməllərin təşviqi və ya əsassız olaraq sensasiyalı formada təqdim olunmasından çəkinməlidir. Jurnalist zorakılığı təşviq edən, təhrik etməyə səy göstərən və ya belə hallara əl atan şəxslər tərəfindən vasitə kimi istifadə olunmamalı, əksinə, öz reportajlarında belə şəxslərin fəaliyyəti barədə müvafiq məhdudiyyətləri tətbiq etməli və yalnız müvafiq informasiyanın ictimai əhəmiyyət kəsb etməsi şübhə doğurmadıqda bu barədə reportajlar hazırlamalıdır.
Sözügedən qaydaların 3.12-ci maddəsində qeyd olunur ki, jurnalist və redaksiya terror hadisəni şişirdən, terrorçuların məqsədinə xidmət edən qorxu effekti yaradan, terroru oyən və terror hərəkətinə bəraət qazandıran reportajlar verməməlidir.
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda qeyd olunur ki, internet informasiya ehtiyatının və onun domen adının sahibi “terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədi ilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terrorçuluğa açıq çağırışlar; Zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar barədə informasiya yerləşdirməməlidir.
Ekspertlərin fikrincə, cəmiyyətin dini eksterimizmə qarşı mübarizədə rolu ilə bağlı aşağıdakı məsələlər xüsusilə önəm kəsb edir. Dini ekstremist cərəyanlar və onların ideoloqlarına onların imkanların, ən başlıcası isə nüfuz və reputasiyasından istifadə etməyə imkan verilməməsi; insanların həyatı və təhlükəsizliyinin bütün məsələlərdən öndə olmasının qəbul edilməsi; dini eksterimizm fəaliyyət barədə əldə olunan məlumatların dərhal hüquq-mühafizə orqanlarına verilməsi; informasiya qaynaqlarına xüsusi həssaslıqla yanaşılması, hər bir məlumatın kütləvi ajiotaja səbəb ola biləcəyinin diqqətdə saxlanılması; baş vermiş hadisələrin hər hansı dinlə əlaqələndirilməsinin yol verilməzliyinə nail olmaq. Bütün bu sadalanan problemlərin həlli istiqamətində rəsmi Bakı müsbət dönüş yarada bilib. Bakı Dünya Dini Liderlərinin Zirvə Görüşlərinə, sivilizasiyalar və mədəniyyətlərarası dialoq forumlarına və digər bu kimi mötəbər tədbirlərə ev sahibliyi edir.
Bir sözlə, bütün dünya “Azərbaycan təcrübəsi”ndən yararlanır.
APA Analitics