• TƏHLİL

    17:15 9 aprel 2020

Azərbaycan İranla səmimi qonşuluğa və dostluğa sadiqdir - TƏHLİL

Azərbaycan xarici siyasətində bütün qonşuları ilə (işğalçı Ermənistan istisna olmaqla) mehriban qonşuluq və balans siyasəti yürüdür.

Rəsmi Bakının daim həmrəylik nümayiş etdirdiyi ölkələrdən biri də İran İslam Respublikasıdır. Azərbaycanın koronavirus pandemiyası ilə əlaqədar olaraq İran İslam Respublikasına maddi və mənəvi dəstək nümayiş etdirməsi də buna bir sübutdur.

Koronavirus pandemiyası ilə əlaqədar olaraq dünyanın bir sıra ölkəsində sosial-iqtisadi vəziyyət ağır olaraq qalmaqdadır. Böhran Avropa Birliyi ölkələrini daha ağır duruma salıb. Pandemiyadan daha çox əziyyət çəkən İtaliyanı AB təkbaşına buraxdı və ona heç bir yardım etmədi. Pandemiyanın yaratdığı böhran isə davam edir. Məhz bu tip böhranlı dövrlər dövlətlər arasında mehriban qonşuluq və dostluq əlaqələrinin nə dərəcədə reallığa uyğun olduğu nümayiş etdirir. Son həftələrdə bir sıra qərb dövlətlərinin tibbi ləvazimatlar uğrunda bir-biri ilə rəqabət aparması, hətta qonşu ölkələrə məxsus xilasedici avadanlıqların müsadirə edilməsi “müttəfiqlik prinsiplərinin” çeynəndiyini ortaya qoyur. Təəssüflə qeyd edək ki, pandemiyadan ən böyük zərər çəkən ölkələrdən biri də qonşu İran İslam Respublikasıdır. Koronavirusun yayılma tendensiyasının kəskinləşdiyi dövrdə (mart ayında) ağır vəziyyətə düşən qonşu dövlətə yardım edən ölkələrdən biri də Azərbaycan oldu. Nazirlər Kabinetinin 07 mart 2020-ci il tarixli sərəncamına əsasən, İran İslam Respublikasında koronovirus xəstəliyi ilə mübarizə aparılması və xəstəliyin qarşısının alınması üçün dövlət büdcəsinin Ehtiyat Fondundan 5 000 000 (beş milyon) ABŞ dolları həcmində humanitar yardımın ayrılması qərara alındı. Aprelin 7-də isə Heydər Əliyev Mərkəzinin binası üzərində İran İslam Respublikasının bayrağı videoproyeksiya olundu. Belə ki, “COVID-19” pandemiyasının yayılmasına qarşı Azərbaycanın həmrəyliyinin ifadəsi olaraq virusdan zərərçəkən dövlətin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə nümayiş etdirilir. Son həftələrdə atılan addımlar, rəsmi Bakının “COVID-19” epidemiyasından əziyyət çəkən İran dövlətinə və onun xalqına dəstəyini, hörmət və ehtiramını ifadə edir. Eyni zamanda, Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dostluq və mehriban qonşuluq münasibətlərini zədələməyə çalışan anti-Azərbaycan qüvvələrin qeyri-adekvat fikirlərinin uydurma olduğunu bir daha sübut edir.

Azərbaycan hər zaman böhranlı anlarda İran İslam Respublikasına yardım edib və dost ölkə olduğunu əməldə nümayiş etdirib.

Rəsmi Tehran da Bakı ilə münasibətlərinə xüsusi önəm verir. İran və Azərbaycanı eyni mədəniyyət, din və dil amili birləşdirir. Buna baxmayaraq, təəssüf ki, İİR-in bəzi siyasi dairələri bu münasibətləri pozmağa yönələn addımlar atırlar. Lakin Azərbaycan bir dövlət olaraq İranla daha sıx əməkdaşlıqda maraqlıdır. İran da bir dövlət olaraq Azərbaycanla münasibətlərini qorumağa çalışır.

Azərbaycan İranla ticarət həcmini artırmaq üçün irimiqyaslı layihələri inkişaf etdirməkdədir. Məsələn, "Şərq-Cənub" layihəsində çoxtərəfli münasibətlər nəzərdə tutulub. Bu layihəyə əsasən, Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri yük daşıma vaxtını qısaldacaq. Bakı və Tehranın qarşılıqlı maraqları daha geniş əməkdaşlığa zəmin yaradır. İndiyədək sanksiyalar altında olan İrandan daha fəal iqtisadi fəaliyyət gözləmək olmur, lakin iki ölkə münasibətlərini daha sıx əməkdaşlıq müstəvisinə qaldıra bilər. Məsələn, energetika və nəqliyyat sahələrində Azərbaycan-İran layihələrinin böyük potensialı mövcuddur. İran və Azərbaycan münasibətlərini strateji əməkdaşlıq ranqına qaldırmağa mane olan amillərdən ən başlıcası Qarabağ münaqişəsi və Ermənistanın yürütdüyü işğalçılıq siyasətidir. İran Qarabağ münaqişənin Azərbaycanın ərazi bütövlüyü prinsipə çərçivəsində həllinə dəstək verir, lakin Bakı arzu edir ki, Tehran Ermənistana daha çox təsir etsin.

Söz yox ki, İran strateji və iqtisadi baxımdan çox perspektivli müttəfiqdir. Lakin məsələ ondadır ki, Azərbaycan-İran əlaqələrinin inkişaf etməsinə baxmayaraq, İranın bəzi dairələrinin erməni işğalı altında olan Dağlıq Qarabağ ərazisində mədəniyyət mərkəzləri açması bu münasibətlərə təsir göstərməyə bilməz. Azərbaycan və İran arasında önəmli iqtisadi layihələr var, hər hansı bir neqativ fikir o layihələrə zərər gətirə bilər. Unutmamalıyıq ki, önəmli iqtisadi layihələr İran üçün də eyni önəmi daşıyır. Digər tərəfdən, İran şirkəti Qərb şirkətləri ilə birlikdə “Şahdəniz-2” layihəsində iştirak edir. ABŞ sanksiyalarının qüvvədə olduğu dövrdə İran Azərbaycana “Şimal-Cənub” dəmiryolu marşrutunun “Astara (İran)-Rəşt” hissəsinin tikintisini davam etdirməyi təklif etdi. Azərbaycan bu təklifi qəbul etdi. İran siyasi elitası da Azərbaycanla münasibətlərin yüksək səviyyədə davam etməsində maraqlıdır. Ümumiyyətlə, Azərbaycan heç bir qonşusu ilə ədavətin və düşmənçiliyin tərəfdarı deyil. Azərbaycan və İran dostluqda maraqlıdır. Lakin bəzən bu, bir sıra qrupları qıcıqlandırır, onlar Azərbaycan daxilində dini zəmində qarşıdurmalar yaratmaq üçün bəzi media təxribatlarına cəhd edirlər. Bütün bu kiçik təxribat cəhdləri isə mənasızdır. Çünki Bakı və Tehran münasibətləri qarşılıqlı maraq və praqmatizm müstəvisində formalaşıb…

APA Analitics

ONA

Teqlər:

SON XƏBƏRLƏR