• TƏHLİL

    18:34 13 aprel 2021

Azərbaycan Prezidentinin münaqişədən sonra inkişaf və əməkdaşlıq mesajları - TƏHLİL

Aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda iştirak edərək dünyanın tanınmış beyin mərkəzlərinin ekspertlərinin suallarına cavab verib. Prezident 3 saat ərzində dünyanın diqqət mərkəzinə regiondakı reallıqları çatdıraraq Ermənistana və beynəlxalq aktorlara mühüm ismarıclar ünbvanladı.

Xarici qonaqlardan ibarət konfrans iştirakçılarının Prezident İlham Əliyevə verdiyi sualların çoxluğu tədbirə böyük diqqətin olduğunun göstəricisi idi. Hər dəfə olduğu kimi, bu dəfə də dövlət başçısının Azərbaycanın baxış bucağını qəti və açıq şəkildə bəyan etməsi ölkəmizin postmüharibə dövründə mövqeyini gücləndirdi və beynəlxalq ictimaiyyətin Qafqazdakı sülh dövrünün reallıqlarını daha yaxşı anlamasına gətirib çıxartdı.

Ali Baş Komandan çıxışında Ermənistanın müharibəyə qədər, müharibə zamanı və müharibədən sonra atdığı addımları, hazırda sülhüm güclənməsinə mane olan məqamları və region qarşısında dayanan çağırışları beynəlxalq ekspertlərin diqqətinə çatdırdı.

Azərbaycan sülhə hazırdır

Hazırda postmüharibə dövründə sülhün möhkəmləndirilməsinin vacibliyindən danışan Prezident Azərbaycanın sülhə hazır olduğunu, gələcəyə baxmağın zəruriliyini, lakin Ermənistan rəhbərliyinin sülh razılaşmasının mümkünlüyü barədə hələ də bəyanat vermədiyini qeyd edib. O qeyd edib: “Biz hesab edirik ki, münaqişə səhifəsi artıq geridə qalıb. Ermənistan tərəfi ilə sülh razılaşmasının mümkünlüyü barədə biz qarşı tərəfdən bununla bağlı hər hansı mesaj almamışıq. Ermənistan Baş naziri sakitdir, Ermənistan xarici işlər naziri aqressivdir”.

Prezident həm də ATƏT-in Minsk qrupunun postmüharubə dövründə oynaya biləcəyi roldan danışıb. O, münaqişənin artıq həll edildiyini, bundan sonra regionda yaranmış yeni vəziyyətdə bu təşkilatın regionda əməkdaşlığın möhkəmləndirilməsi üçün ata biləcəyi addımlardan söhbət açıb. Dövlət başçısı qeyd edib ki, ATƏT-in Minsk qrupunun regionda dinc həyatın daha da nizamlanması üzrə öz təkliflərini təqdim edəcəyinə ümid edir. “Ermənistanlla sülh razılaşmasından danışanda, - əgər Ermənistan bu variantı nəzərdən keçirəcəksə, - burada beynəlxalq aktorlar üçün çoxlu fəaliyyət sahələri yarana bilərdi - demarkasiya, delimitasiya, qarşılıqlı fəaliyyət. Ümidvaram ki, Minsk qrupunun nümayəndələri tezliklə Azərbaycana bir sıra təkliflərlə gələcəklər və biz bu təklifləri diqqətlə öyrənəcəyik”, - deyə dövlət başçısı qeyd edib.

Ermənistana xəbərdarlıq

Prezident Ermənistandakı revanşist qüvvələrə toxunaraq onlara xəbərdarlıq edib. Eyni zamanda, bildirib ki, indiyə qədər ermənilər Azərbaycanı yaxşı tanımayıblar: “Bu, tamamilə yeni Azərbaycandır, Ermənistan bizi yaxşı tanımayıb. Onlar elə hesab edirdilər ki, 1992-ci ilin Azərbaycanı ilə döyüşürlər. Amma Azərbaycan artıq fərqlidir, xalq fərqlidir, cəmiyyət fərqlidir, motivasiya fərqlidir. Onlar düşünürdülər ki, biz unutmuşuq, zaman keçib, hər kəs yorğun olacaq, heç kəs müharibə istəmir”.

Doğrudan da, hazırda postmüharibə dövründəki çağırışlara nəzər yetirsək, Ermənistandakı revanşist qüvvələrin ilk növbədə cəmiyyətləri haqqında düşünmələri daha məqbul olardı. Hazırda dövlətçilikləri sual altına olan, 30 il ərzində öz evlərini və dövlətlərini, sərhədlərini özlərinin qoruya bilmədiyi dövlətin nümayəndələrinin “gücləndikdən və hazır olduqdan sonra” Azərbaycandan revanş alacaqları ilə bağlı çıxışları gülüncdür. Dolayısı yolla bu məsələyə toxunan Prezident bugünkü çıxışında ermənilərə belə bir sual verir: “Ermənistan öz statusuna aydınlıq gətirməlidir: dövlətdir, fort-post, yaxud quberniya?..”

Təbii ki, biz bu illər ərzində Cənubi Qafqazdakı münaqişənin donmuş vəziyyətdə niyə qaldığının, bu gün Qarabağdakı proseslərdən kimin hansı məqsəd güddüyünü yaxşı bilirik. Bu ritorik sual faktiki olaraq Azərbaycanın postmüharibə dövründə kimlərin maraqları ilə qarşı-qarşıya olduğunu yaxşı bildiyinin göstəricisidir. Bu gün biz həm də onu görürük ki, postmüharibə dövrü olmasına baxmayaraq, dövlət borcu 8 milyard dolları keçən, özünü dövlət sayan Ermənistan indiki halda ordusunun modernləşməsindən daha çox daxildəki sosial-iqtisadi vəziyyət haqqında düşünməkdənsə, yenə də, forpost rolunun iştirakçısı kimi müxtəlif dövlətlərin Qafqazdakı maşaları rolunda çıxış etməkdə davam edir.

Ermənistan və Rusiya əlaqələrinin Qafqazdakı proseslərə təsiri

Ermənistan ordusunun son vaxtlar yenidən formalaşdırılması məsələsinə toxunan Prezident qeyd edib ki, “Ermənistan ordusunun Rusiya ilə birlikdə modernləşdirilməsi planları suallar doğurur. Biz öz mövqeyimizi rusiyalı tərəfdaşlarımıza bildirmişik. Bu, nə üçün edilir? Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq”.

Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Prezidenti ilk dəfə deyil ki, postmüharibə dövründə Rusiyanın Ermənistan ordusunu modernləşdirməsini açıq şəkildə yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Təbii ki, üçtərəfli Bəyanatda qarant rolunu oynayan, münaqişə tərəflərinə neytral mövqe bəsləməli olan Moskvanın işğalçı Ermənistanı yenidən silahlandırması və iki ölkə arasında silahlı qüvvələrin inteqrasiyasının genişləndirilməsi Azərbaycan ictimaiyyətində bir sıra suallar doğurur. Nə qədər qəribə səslənsə də, indiki halda mühüm qlobal güclərin İran və Rusiya ətrafında sabitsizlikdə və hər iki dövlətin qonşuları ilə münasibətlərinin pozulmasında maraqlı olduğu bir zamanda şimaldakı bəzi qüvvələrin Xankəndi məsələsindən tərəflərə geosiyasi təzyiq vasitəsi kimi istifadə etmə cəhdləri, ilk növbədə Rusiyanın daralan xarici siyasət davranışı üçün məqbul hesab edilə bilməz.

Ermənistan ordusunu silahlandırmaqla, modernləşdirməklə oradakı revanşist qüvvələri ruhlandıran müəyyən dairələr unutmamalıdırlar ki, 30 il ərzində də bu dövlət müxtəlif şəkildə, müxtəlif vasitələrlə silahlandırılırdı. Nəticə isə göz qabağındadır. Bu gün Ermənistan ordusunun istifadəsində olan hərbi texnikalar artıq Bakıdakı Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.

Ermənistan və Rusiya tərəfindən hərbi ticarət haqqında danışarkən son həftələrin aktual mövzularından olan “İsgəndər-M” raketləri ilə bağlı məsələni də qeyd etmək lazımdır. Prezident İlham Əliyev beynəlxalq ekspertlərin diqqətinə Ermənistanın müharibə vaxtı hərbi əməliyyatların getdiyi ərazilərdən uzaqda yerləşən yaşayış məntəqələrinə raketlər atmasını və bunun cinayət olduğunu qeyd edib. Prezident Şuşada “İsgəndər-M” raketinin qalıqlarının tapıldığını və Azərbaycanın bu məsələdə Rusiyanın cavabını gözlədiyini bəyan edib. “Mən öz xalqımdan heç nəyi gizlətmirəm, hesab edirəm ki, Azərbaycan xalqı hər şeyi bilməlidir. Biz Rusiya Prezidenti Vladimir Putinlə “İsgəndər-M” raketi ilə bağlı məsələni müzakirə etmişik. Mənim tapşırığımla Azərbaycan Müdafiə Nazirliyi fotolarla birlikdə sübutların olduğu rəsmi məktub göndərib. Lakin hələlik biz heç bir cavab almamışıq”.

“Zəngəzur dəhlizinə qayıdırıqsa, İrəvana niyə qayıtmayaq?”

Prezident İlham Əliyev, çıxışı zamanı bir daha Ermənistanın diqqətinə onların kimin tarixi torpaqlarında oturduqlarına diqqəti çəkib. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları qaldığı və yeni müharibə ehtimalı haqqında danışan qüvvələr üçün bu çıxış bir dərs olmalıdır. Prezident bu çıxışıyla ermənilərin yaddaşlarını təzələyərək onların “qırmızı xətti” keçəcəkləri halda, qarşılaşa biləcəkləri vəziyyətə işarə edib: “Azərbaycan tarixini silmək istəyənlər belə öyrədilib ki, guya onlar qəhrəmandırlar, əslində isə cinayətkardırlar. Azərbaycanlıları qətlə yetirən, soyqırımı törədən Şaumyan və digərləri və başqa misallar var. Beləliklə, biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilsin”.

Zəngəzurun qədim Azərbaycan ərazisi olduğunu vurğulayan Prezident İlham Əliyev deyib: “Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. Mən Göyçə deyərkən, onlar hazırda Sevan gölü adlandırırlar. Bu, bir həqiqətdir. 20-ci əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Siz oraya baxarkən Sevan görməyəcəksiniz. Siz orada Göyçəni görəcəksiniz. İrəvanla bağlı da eyni məsələdir. Onlar İrəvanın tarixi hissəsini dağıdıblar. Bu, aydın faktdır, mənim əcdadlarım daxil olmaqla, azərbaycanlılar orada yaşayıblar”.

Dövlət başçısı qeyd edib ki, bu, faktdır, lakin bu o demək deyil ki, bizim ərazi iddialarımız var: “Mən demişəm, bəli, biz oraya qayıdacağıq. Mən deməmişəm ki, biz oraya tankla qayıdacağıq. Mən demişəm biz qayıdacağıq. Bu o deməkdir ki, niyə də yox. Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə, niyə də biz İrəvana qayıtmayaq? Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm”.

Yenidənqurma işləri

İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri haqqında danışan Prezident İlham Əliyev Azərbaycanın Qarabağda əsas infrastruktur layihələrini 3 il ərzində başa çatdırmağı planlaşdırdığını qeyd edib. O, Qarabağın Azərbaycan iqtisadiyyatında, qeyri-enerji sektorunda, eləcə də nəqliyyat sahəsində mühüm yerlərdən birini tutacağını bildirib.

Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın reytinqinin yüksəldiyini beynəlxalq ekspertlərin diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Biz 28-ci yerdəyik. Beləliklə, biznes iqlimi inkişaf edir. Bizim ideyaları yaradan, gələcəyə ümid olan təhsilli insanlarımız və gənc nəslimiz var. Müharibə zamanı dediyim kimi, mən hakimiyyətə gələrkən müharibənin ən böyük yükü uşaqların çiyinlərində idi. Beləliklə, bizim iqtisadiyyatımızı əlavə ehtiyatlarla qidalandıracaq əsas neft və qaz boru kəmərlərini başa çatdırmağa kömək edə bildik. Biz xarici yardımdan asılı deyilik. Bizim xarici borclarımız ÜDM-in təqribən 18 faizidir. Qarşıya dünyada ən yaxşı nəticələrdən birini – xarici borcu ÜDM-in 10 faizinədək azaltmağı hədəf qoymuşam. Bizim yoxsulluq ilə bağlı çox aşağı göstəricilərimiz var. Təqribən 5 faizdir. Mən bu vəzifəyə gələrkən 49 faiz idi. Beləliklə, biz strateji baxışla bağlı bütün planlarımızı həyata keçirə biləcəyik”.

Prezident İlham Əliyev bugünkü çıxışı və suallara verdiyi cavabları ilə bir daha beynəlxalq ictimaiyyəti, dünyanın 15 ölkəsinin nüfuzlu ekspertlərini regiondakı son durumla bağlı məlumatlandırdı, Azərbaycanın sülhə və yeni əməkdaşlığa hazır olduğunu qeyd etdi. Ermənistanın ölkəmizə qarşı informasiya müharibəsinin davam etdiyi bir vaxtda Bakıdakı konfrans dünya ictimaiyyətinin, ələlxüsus iştirakçı ölkələrinin siyasi elitalarının və ictimaiyyətlərinin bölgə reallıqlarını daha yaxşı dərk etmələrinə kömək edəcək.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov

ONA

Teqlər:

SON XƏBƏRLƏR