• TƏHLİL

    13:37 25 oktyabr 2023

Azərbaycan tarixinin İlham Əliyev epoxası: xüsusiyyətləri və əsas istiqamətləri - MƏQALƏ

ONA APA-ya istinadən AMEA Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürovun məqaləsini təqdim edir.

Prezident İlham Əliyevin 20 illik siyasi hakimiyyəti Azərbaycan tarixində epoxal bir hadisədir. Onun mahiyyətinin müəyyən edilməsi üçün bu epoxanın dövrləşdirilməsinə nəzərə salmaq lazımdır. Və ən vacibi odur ki, bu problemin həllinə doğru yolu dövlət başçısı özü göstərir. Dövlət başçısı aydın şəkildə, 20 ilin başlanğıcdan keçən 17 ilini (2003-2020) xüsusi dövr kimi ayırır.

Sonrakı dövrlər isə məntiqi cəhətdən özü müəyyənləşir: 2020, 27 sentyabr-10 noyabr - 44 günlük Vətən müharibəsi, Vətən müharibəsindən lokal antiterror tədbirlərinədək (2020, 10 noyabr-2023, 19 sentyabr); lokal antiterror tədbirindən Xankəndidə Azərbaycan bayrağının ucaldılmasınadək (2023, 19-20 sentyabr-15 oktyabr).

İlham Əliyev epoxasının dövrləşdirilməsinin xüsusiyyəti bununla bitmir. Dövlət başçısının ümumi dövrləşdirmənin ikinci mərhələsinin əvvəllərində, 16 noyabr 2020-ci ildə işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə əsası qoyulan və sonrakı dövrdə möhtəşəm proqrama çevrilən Böyük Qayıdış uğurla davam etdirilir.

Nəticədə, Böyük Qayıdış özü də dövryaratma amilinə çevrilir, ümumi dövrləşdirmənin tərkib hissəsi olmaqla bərabər, müstəqil istiqamət kimi də ayrılır.

İlham Əliyev epoxasının ümumi dövrləşdirilməsində ən əsas məsələ 20 ilin 17 ilinin xüsusi dövr kimi ayrılması ilə bağlıdır və yəqin ki, ən təcrübəli tarixçi də buna ehtiyatla yanaşardı. Prezident İlham Əliyevin yanaşması isə xüsusidir, qeyri-standartdır və həqiqətdir.

Dövlət başçısı işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri zamanı (2020, 23 noyabr) demişdir: “Mən son 17 il ərzində xalqa müraciət edərkən dəfələrlə deyirdim ki, biz daha güclü olmalıyıq, daha qüdrətli ordu qurmalıyıq... Biz son 17 il ərzində münaqişənin həlli üçün hüquqi baza yaratdıq... Mən bu 17 il ərzində daim deyirdim ki, biz iqtisadi sahəyə güclü təkan verməliyik, iqtisadi müstəqilliyimizi təmin etməliyik və təmin etdik. Bu gün biz iqtisadi cəhətdən heç kimdən asılı deyilik...²

Birinci dövrün 17 il davam etməsinin nəticəsi idi ki, sonrakı 3 il uğurlu dinamikası və tarixi baxımdan qısa davam etməsi ilə əlamətdar oldu. Prezident İlham Əliyev dövlətçilik fəaliyyətinin xüsusi mərhələsinə yüksəldi, Ali Baş Komandan kimi silahlı qüvvələrə rəhbərlik etməklə müharibə məsuliyyətini üzərinə götürdü və onu qələbə ilə başa çatdırdı. Beləliklə, Prezident İlham Əliyev dövlət xadimi ilə birgə, nəinki Azərbaycan, eləcə də dünya müharibələr tarixi salnaməsinin mahir hərbi xadimləri sırasına daxil oldu.

Xalqın, dövlətin tarixində müharibə qədər ağır bir hadisə yoxdur. Müharibə dövlət həyatının bütün sahələri üçün xüsusi sınaq olur. Bu müharibə İkinci Qarabağ müharibəsi kimi Birinci Qarabağ müharibəsində (1991-1994) olan ağır məğlubiyyətdən və uzunmüddətli işğaldan sonra baş verirsə, belə bir sınaq daha da ağırlaşır. Düşmən erməni kimi qəddar, elementar müharibə qanununa belə əməl etməyən millət olursa, bu sınaq çıxılmaz vəziyyətə çevrilir. Prezident İlham Əliyev məhz belə bir müharibədə dövləti və xalqı qələbəyə apardı.

Dövlət başçısı üçün onun siyasi həyatının ən məsuliyyətli anı müharibə xəbərini xalqa çatdırması, bununla eyni zamanda, onu qələbə ətrafında səfərbər etməsi bacarığıdır. Dövlət başçısı 2020-ci il 27 sentyabrdan-10 noyabra qədər müharibəni bütün istiqamətlərdə məharətlə idarə etdi. Vətən müharibəsi müasir savaşın indiyədək məlum olmayan yeni tərəflərini də aşkar etdi. İnsansız hava aparatlarının rolu və imkanları ortaya çıxdı. Digər tərəfdən, hazırkı uzaq məsafəli silahların tətbiqi nəticəsində, İkinci Dünya müharibəsindən, xüsusilə 1941-1945-ci illər müharibəsindən məlum olan arxa cəbhə anlayışı, demək olar ki, aradan qalxdı. Müharibə cəbhəsindən ən uzaq strateji obyektlər və dinc əhali də faktiki olaraq qanlı döyüşlərə cəlb edildi, nəticədə bütün ölkə vahid hərbi cəbhəyə çevrildi.

Prezident İlham Əliyev məhz belə bir vəziyyətdə Azərbaycanı, onun xalqını, siyasi qüvvələrini, maddi və mənəvi resurslarını öz komandanlığı altında birləşdirməyə nail ola bildi. 44 günlük Vətən müharibəsində dövlət, xalq, ölkənin iqtisadi həyatı, 17 il ərzində görülən bütün tədbirlər, onların həyatiliyi və davamlılığı sınaqdan çıxdı.

Müharibənin strategiya və taktikasının hər bir tərkib hissəsi Ali Baş Komandan kimi İlham Əliyevi müharibə sənətinin hərbi dühaları sırasına çıxardı. Dünya hərb tarixinin həm Şərq, həm də Qərb xadimləri - Çingiz xan, Əmir Teymur, Nadir şah, Napoleon və başqaları meydan müharibələri qəhrəmanları idi. Azərbaycan lideri isə Ermənistan tərəfindən ölkənin işğal edilmiş 16 min kvadrat kilometrlik ərazisinin də az bir qismində döyüşlər verərək, yeniliklərə imza atdı. Müharibə tarixinin ən ağır və ən qanlı səhifələrini şəhər döyüşləri təşkil edir. Şuşa əməliyyatı hazırlanması, həyata keçirilməsi və nəticələrinə görə, şəhər döyüşlərinin yeni, orijinal bir modelini ortaya qoydu. Ağdam, Kəlbəcər və Laçının dinc yol ilə azad edilməsi hərbi-siyasi və diplomatik uğur idi.

Prezident İlham Əliyevin 10 noyabr (2020) Bəyanatından sonra apardığı siyasət yeni bir dövlətçilik fəlsəfəsi idi. Bir tərəfdən Ermənistanın kapitulyasiyasının nəticələrinin reallaşdırılması istiqamətində fəaliyyət genişləndi, digər tərəfdən Böyük Qayıdış proqramına start verildi.

Vətən müharibəsindən antiterror tədbirlərinədək olan dövrün təhlili (Laçın Sərhəd Buraxılış Məntəqəsinin açılışı (23 aprel 2023-cü il) və s.) göstərir ki, bu dövrdə həyata keçirilən siyasət böyük uğurla nəticələndi. Azərbaycan Ermənistanda olan revanşistlərin və onları dəstəkləyənlərin yeni müharibə arzusunun reallaşdırılmasına yol vermədi, Azərbaycanın yeni müharibəyə cəlb edilməsinin qarşısını aldı, strateji məqsədə lokal terror əməliyyatı ilə nail oldu.

Bu əməliyyat da hədəfinə 23 saatda çatdı. Beləliklə, Azərbaycanın öz ərazisi üzərində suveren hüquqları tamamilə bərpa olundu. Onun zirvəsi isə Xankəndidə Azərbaycan bayrağının yüksəldilməsi oldu.

Dövlət başçısının fəaliyyəti nəticəsində meydana gəlmiş yeni tarixi şəraitin ümumi dövrləşdirməsinin həm xronologiyası, həm də məzmununun zənginləşəcəyi təbiidir. Onun əsas yekunu isə Azərbaycanın şərtləri və mənafeyini nəzərə alan sülh müqaviləsinin imzalanması olacaqdır. O zaman Prezident İlham Əliyevin memarı olduğu Böyük Qayıdış proqramı əsas istiqamətə çevriləcəkdir.

Bu proqram işğaldan azad edilmiş ərazilərin bərpa və inkişafı, məcburi köçkünlərin doğma torpaqlarına qayıtması və s. bu kimi məsələləri özündə əks etdirir. Bununla eyni zamanda, Azərbaycanın hüdudları ilə məhdudlaşmayaraq, qlobal əhəmiyyətə malikdir. Böyük Qayıdış epopeyası Azərbaycan dövlətçiliyinin yeni qələbəsidir. Bu proqram ilə dünya şahid oldu ki, Azərbaycan dövləti qurucu, yaradıcı dövlətdir, öz suveren ərazilərinin tam sahibi, vaxtilə bu ərazilərdən məcburi köçkünə çevrilmiş insanlarının hamisidir.

Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilmiş rayonlarına səfərləri əyani şəkildə nümayiş etdirir ki, Böyük Qayıdış dövlətin ən mühüm prioritetidir və onun iradəsi ilə tam şəkildə reallaşdırılacaqdır. Prezidentin işğaldan azad edilmiş ərazilərə səfərlərinin təhlilindən məlum olur ki, o, bu ərazilərdəki şəhər və rayonlara səksən dəfədən çox səfər etmişdir. Bunlar isə sadəcə səfər deyil, yeni-yeni yaşayış məskənlərinin, sosial və iqtisadi obyektlərin əsasının qoyulması, nəqliyyat strukturunun qurulması və s. deməkdir. Şəhər günlərinin qeyd edilməsi isə bugünkü və gələcək nəsillərə unudulmaz qələbə töhfəsidir.

Azərbaycan tarixinin yeni epoxasının simvolu olan Prezident İlham Əliyevin obrazı çox mühüm bir xüsusiyyətə də malikdir. Təqdim olunan epoxanın dövrləşdirilməsindən aydın olur ki, onun əldə etdiyi uğurların heç biri demək olar ki, tale işi, yaxud bir və ya iki amilin uğurlu birləşməsindən əmələ gələn xoşbəxt sonluq deyil, gərgin dövlətçilik fəaliyyətinin, siyasi və hərbi arenada aparılan mübarizənin nəticəsidir.

Azərbaycan tarixinin 2003-cü ildən başlayan İlham Əliyev epoxasının illəri artdıqca onun tarixi salnaməsi daha da zənginləşir, səhifələrinə yeni-yeni zəfərlər yazılır. Azərbaycan daha da inkişaf edir, qüdrətlənir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR