• TƏHLİL

    14:48 30 may 2019

Azərbaycandan "5"-ə layiq final

Avropa Liqasında 2018/19 mövsümünə Bakıda yekun vuruldu. Azərbaycanın ən böyük idman qurğusu olan Bakı Olimpiya Stadionunda təşkil olunan finalda iki İngiltərə təmsilçisi “Çelsi” və “Arsenal” qarşılaşdı. Bütün dünyanın diqqətini cəlb edən qarşılaşmada 5 qol vuruldu. Qolların sayı həm də finalın layiq olduğu qiyməti əks etdirir desək, yanılmarıq. İlk dəfə Azərbaycanda keçirilən avrokubokun həlledici görüşü bütün mənalarda məhz “beş”ə layiq oldu.

Ən böyük sınaq

Avropa Liqasının finalı Azərbaycanın təşkil etdiyi ən böyük idman tədbiri kimi tarixə düşdü. İdman ölkəsi imicini çoxdan qazanan və bunu dəfələrlə möhtəşəm təşkilatçılığı ilə sübuta yetirən ölkəmiz indiyədək bir sıra sanballı yarışlara da ev sahibliyi edib. Azərbaycanda Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, “Formula-1” yarışları, həmçinin müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatları baş tutub. Lakin bu yarışlar nə qədər nüfuzlu, nə qədər sanballı olsa da, Avropa Liqasının finalının, “Çelsi” - “Arsenal” qarşılaşmasının yeri başqadır. Hər halda, futbolun idmanın şahı olduğu heç kimə sirr deyil. Avropa Liqası isə qitənin ikinci dərəcəli klub turniridir. Finalda qarşılaşan İngiltərə klublarının ayrı-ayrılıqdakı nüfuzu isə hətta bəzi idman növlərindən belə üstündür. Bu səbəbdən də finalın Azərbaycan üçün ən böyük idman tədbiri olduğu şübhə doğurmur. Ölkəmiz isə bu sınaqdan üzüağ ayrıldı, idman ölkəsi olduğuna şübhə edənləri mat qoydu.

İki illik hazırlıq, mükəmməl təşkilatçılıq

Bakı Olimpiya Stadionu Avropa Liqasına ev sahibliyi hüququnu 2 il əvvəl UEFA-nın İcraiyyə Komitəsinin iclasında əldə edib. Yarışın Əməliyyat Komitəsinin bu müddətdə qitə futbol qurumu ilə əməkdaşlığı finalın yüksək səviyyədə təşkili ilə nəticələnib. Avropa və digər qitələrdə də canlı yayımlanan oyun təkcə təşkilatçı ölkə və finalda təmsil olunan İngiltərənin deyil, az qala dünyanın diqqət mərkəzində olub. İki il ərzində görülən işləri nəzarətdə saxlamaq üçün tez-tez Bakıya gələn UEFA nümayəndələri hər dəfə Azərbaycandan məmnun ayrılıblar. Final ərəfəsində Bakı Olimpiya Stadionunun ot örtüyünü dəyərləndirən UEFA arenanı ən yüksək qiymətə - “5”-ə layiq görüb. Təşkilatçılıq baxımından təhlükəsizliyin ideal olmasını da vurğulamaq zəruridir. Qonaq getdikləri ölkələrin az qala hamısında qalmaqal yaşadan ingilis fanatların Bakıda olduqları bir neçə gündə ciddi insident baş vermədi. Finalda darmadağın olan hansısa İngiltərə klubu azarkeşlərinin matçdan sonra sakit dayanması ağlasığmaz görünsə də, Bakıda bu hal yaşanmadı. Digər maraqlı məqam turistlərin Azərbaycanın qonaqpərvərliyinə heyran qalması, özlərini çox rahat hiss etmələrini söyləmələri idi. Bunu istər şəhərin mərkəzində, istərsə də stadionda olan qonaqlarla söhbətdə müşahidə etdik.

Futbol bayramı

Bir sözlə, Azərbaycanda ilk dəfə bu səviyyədə futbol matçının keçirilməsi əsl bayram abı-havası yaratdı. Yüzlərlə, minlərlə fanatın “Çelsi” və “Arsenal” forması ilə arenaya axınının şahidi olduq. İngiltərədən gələn turistlər çoxluq təşkil etsə də, digər ölkələrdən, xüsusilə qonşu Rusiya və Asiya ölkələrindən olan fanatların sayı diqqət çəkdi. Yerli azarkeşlər isə təkcə bu iki komanda deyil, öz sevimli klublarının geyimlərində arenanı doldurdular. Stadiona gedən yolda bütün azarkeşlərə Azərbaycan bayraqlarının bir tərəfində “Tofiq Bahramov 1966”, digər üzündə “Baku” yazılan brelokların, həmçinin yarışın loqosu olan baş geyimlərinin paylanmasını da qeyd etmək yerinə düşər. Möhtəşəm atəşfəşanlıqla müşayiət olunan açılış mərasimi isə bayrama xüsusi rəng qatdı.

Final qarşılaşması

Oyuna gəlincə, azarkeşlər Premyer Liqa klublarının ifasında əsl ingilis futbolu izlədilər. Düzdür, italiyalı hakim matçın əvvəlində bir az tempi aşağı salsa da, dünyanın ən güclü liqasının təmsilçiləri baxımlı futbolları ilə göz oxşadılar. İlk yarıda qol qeydə alınmasa da, artıq fasiləyədək hər iki qapıçının xeyli işi oldu. Qolun olmamasını sönük oyun kimi qəbul edən azsaylı azarkeşlərin həsrətinə isə fasilədən sonrakı qol yağışı ilə son qoyuldu. Bol qollu görüşün ardınca təşkil olunan mükafatlandırma mərasimi də tamaşaçıların gözünü oxşadı.

Növbəti möhtəşəm oyunlara bir il qalır

Azərbaycanın növbəti uğurunun, daha bir möhtəşəm idman tədbirini yüksək səviyyədə təşkil etməsinin müəyyən həsəd hissi ilə qarşılanması da təbiidir. Söhbət finala az azarkeşin gəlməsini qabardanlardan gedir. 51 min 370 tamaşaçı toplayan qarşılaşma neytral meydanlarda təşkil olunan UEFA kuboku və Avropa Liqası finalları arasında 5 ən yüksək göstəricidən biridir. İndiyədək təşkil olunan 21 finaldan yalnız dördündə daha çox seyrçi qeydə alınıb.

“Çelsi”nin “Arsenal” üzərində 4:1 hesablı qələbəsi ilə başa çatan görüş göstərdi ki, iki il əvvəl avrokubokların finallarının meydan sahiblərini müəyyənləşdirən UEFA-nın İcraiyyə Komitəsi Avropa Liqası deyil, Çempionlar Liqasının həlledici matçını da Bakıya versəydi, yanılmazdı. Əminliklə söyləmək olar ki, paytaxtımız Madridin “Metropolitano” stadionuna uduzmasaydı, “Tottenhem” - “Liverpul” matçını da belə yüksək səviyyədə edərdi.

Növbəti daha böyük sınağa çox qalmayıb. Gələn il AVRO-2020-nin dörd matçı ölkəmizdə keçiriləcək. Qrup mərhələsinin üç oyunu və 1/4 finalın bir matçını qəbul edəcək Bakı Olimpiya Stadionunda yarışın yarımfinalçısı bəlli olacaq. Bu isə heç şübhəsiz Azərbaycanın idman ölkəsi olduğunu təsdiqləyən yeni, növbəti və daha böyük səhifə kimi tarixə düşəcək.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR