• TƏHLİL

    18:56 26 dekabr 2023

Bakıdan Parisə sarsıdıcı zərbə - Azərbaycan Fransa diplomatlarını niyə “persona-non-grata” elan etdi? - TƏHLİL

Diplomatlar fəaliyyət göstərdikləri ölkələrdə toxunulmazlığa malikdir, onlar yerli qanunlarla cinayət məsuliyyətinə cəlb oluna bilməzlər. Amma diplomatik missiyanın fəaliyyət göstərdiyi ölkə qanunları pozan, fəaliyyəti diplomatik statusuna uyğun gəlməyən və cinayət başında yaxalanan diplomatları ölkəsindən çıxara, diplomatiya dili ilə desək, “persona-non-grata”, yəni latıncadan “arzuolunmaz şəxs” elan edə bilər.

Bu gün Azərbaycan Xarici İşlər Nazirliyi Fransa səfirliyinin iki əməkdaşını diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə “persona-non-grata” elan edib.

Bu barədə nota XİN-ə çağırılan Fransa səfiri Ann Buayona təqdim edilib.

Həmin şəxslər 48 saat ərzində Azərbaycan ərazisini tərk etməlidirlər.

Baş verən hadisə tək diplomatik deyil, eyni zamanda siyasi, hərbi və regional təhlükəsizlik baxımından da önəmlidir.

İlk növbədə, qeyd olunmalıdır ki, Fransa son illər, xüsusən 2020-ci ildə Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi konfiqurasiyada öz yerini tutmağa çalışırdı. Paris ilk vaxtlar regionda nüfuzunu siyasi-diplomatik yolla yaymağa, Azərbaycan-Ermənistan normallaşmasına yardım edəcək arbitr ölkələrdən biri olmağa cəhd edirdi. Amma Fransa lideri Emmanuel Makronun, xarici işlər naziri Katrin Kolonnanın və digər rəsmilərin Qarabağ məsələsində qərəzli mövqe tutmaları, rəsmi Bakıya uydurma ittihamlar, İrəvanın ünvanına isə difiramblar səsləndirmələri real mənzərəni ortaya qoydu.

Digər tərəfdən, Fransanın BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı yönəlmiş qətnamələr qəbul etdirmək cəhdləri oldu. Lakin bu cəhdlər heç bir dəstək qazanmadı və məsələ müzakirə mərhələsində qaldı. Bu şərtlər altında Fransanın Azərbaycanla Ermənistan arasında vasitəçi olmaq şansı sıfıra bərabər idi. Təbii ki Paşinyan hökuməti hər vəchlə Fransanın regionda möhkəmlənməsində, Avropa İttifaqı ilə yanaşı, Fransanın danışıqlarda 4-cü tərəf kimi iştirak etməsində, vasitəçi olmasında maraqlı idi. Amma rəsmi Bakı bu cəhdlərin qarşısını ustalıqla almağa nail oldu. Qərəzli mövqeyinə görə, Azərbaycan Fransanın normallaşma prosesində iştirakını blokladı, onun Cənubi Qafqazda möhkəmlənmək cəhdini puça çıxardı və Parisə hələ də vidalaşa bilmədiyi kolonial simasını xatırlatdı.

İndi isə Azərbaycana qarşı siyasi-diplomatik cəbhədə uğursuzluğa düçar olan, Cənubi Qafqazda təsirini itirən Fransanın diplomatiya pərdəsi altında hərbi-kəşfiyyat metodlarına əl atdığı ortaya çıxır. Məqsəd regional hadisələr, siyasi proseslər barədə kəşfiyyat yolu ilə məlumatlar almaq, bundan siyasi müstəvidə istifadə etmək olub.

Dekabrın 21-də Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa edildi. Azərbaycan xüsusi xidmət orqanları tərəfindən istintaq olunan cinayət işi üzrə Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini həyata keçirən bir sıra şəxslər həbs olunub, bəzilərini isə istintaq altına alınıb.

Bu, Fransa kəşfiyyatının son illərdə uğradığı ən böyük uğursuzluq, Azərbaycan xüsusi xidmət orqanlarının isə növbəti peşəkar qələbəsi idi. Casus şəbəkəsinin ifşası göründüyü kimi, təkcə Azərbaycanla bağlı deyil, regional miqyasda bir çox ölkələrə qarşı rəsmi Parisin apardığı məkrli siyasət faş edilib. Bu gün Fransanın iki diplomatının “persona-non-grata” elan edilməsi də böyük ehtimalla həmin hadisə ilə birbaşa bağlıdır. Azərbaycan həmin əməliyyat zamanı Fransa rezidenturasına aid fakt və dəlillər ələ keçirdiyi üçün səfirlikdə diplomatik korpus nümayəndəsi kimi təqdim edilən xüsusi xidmət orqanlarının nümayəndələrini asanlıqla ifşa edə bilib.

Xatırlatmaq yerinə düşər ki, Qərb mediası Prezident Makronun Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad etməsini Azərbaycan xüsusi xidmət orqanlarının bu uğurlu əməliyyatı ilə əlaqələndirib.

Beləliklə, faktları konstatasiya etsək, Fransanın Cənubi Qafqaza nüfuz sızması, geosiyasi dividendlər qazanması cəhdləri uğursuzluğa düçar oldu. Azərbaycana qarşı BMT TŞ, Avropa İttifaqı və s. platformalar vasitəsilə sanksiya və təzyiq cəhdləri Parisin diplomatik fiaskosu, Azərbaycan-Ermənistan normallaşmasından kənarlaşdırılması regional siyasətinin, Azərbaycan xüsusi xidmət orqanlarının Fransanın casus şəbəkəsini ifşa etməsi isə onun kəşfiyyat xətti ilə uğursuzluğu deməkdir.

Bakıda Fransa kolonializmini ifşa edən və əzilən bir çox xalqların ayağa qalxmasına stimul verən beynəlxalq konfrans Fransanın qlobal siyasətdə də yeri və rolunu şübhə altına alır.

Sadalanan faktlar liderlər səviyyəsində Azərbaycan Prezidenti İlham Əliyevin fransalı həmkarı Emmanuel Makronu siyasət səhnəsində məğlub etdiyini də tam əsasla deməyə haqq verir.

Digər tərəfdən, Fransa uğursuz xarici siyasi kursuna görə Afrikada qısa zamanda Niger, Qabon, Mərkəzi Afrika Respublikası, Burkino-Faso və Mali kimi keçmiş müstəmləkələrində sonuncu təsir imkanlarını da itirib, Rusiya-Ukrayna danışıqlarında vasitəçilik cəhdləri ilk başdan rüsvayçılıqla üzləşib. Bu fonda Azərbaycanın Fransanı Ermənistanla normallaşma prosesindən kənarlaşdırması, casus şəbəkəsini ifşa etməsi və diplomatlarını “persona-non-grata” elan edərək ölkədən çıxarması bu ölkənin Cənubi Qafqazda siyasi nüfuzunun sarsılması və tam iflası deməkdir.

Bu situasiyada dərs çıxarmalı olan əsas tərəf isə Ermənistan olmalıdır. İrəvan anlamalıdır ki, Fransa Azərbaycanla sülh sazişi imzalamasına mane olmaq yolu tutub. Ermənistanı silahlandırır, revanşist əhval-ruhiyyənin artmasına çalışır. Bunun nəticəsi isə Ermənistana yaxşı heç nə vəd edə bilməz. Ermənistanın Fransa, ABŞ, eləcə də digər qüvvələrin təsirindən yaxa qurtarıb, Azərbaycanla danışıqlara getməkdən başqa çıxış yolu yoxdur.

APA Analytics

ONA

Teqlər:

SON XƏBƏRLƏR