ABŞ Prezidenti Co Bayden hələ seçki təbliğatı zamanı bəyan etmişdi ki, Prezident seçiləcəyi təqdirdə 1915-ci ildə Anadoluda baş vermiş hadisələrin “soyqırım” kimi tanınması haqqında qətnaməni dəstəkləyəcək. ABŞ-da seçkiqabağı bu cür vədlər vermək ənənəvi hal alsa da, bəzi ekspertlər düşünürlər ki, 24 apreldə ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı səsləndirəcəyi müraciətdə “soyqırımı” ifadəsini işlədəcəyi ehtimalı var.
Bu ehtimala artıq Türkiyədən ən yüksək səviyyədə reaksiyalar gəlib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, qondarma “erməni soyqırımı” yalanına və siyasi hesablarla bu böhtana arxa çıxanlara qarşı həqiqətləri müdafiə edəcəklər.
Xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, beynəlxalq hüquqa hörməti varsa, ABŞ Prezidenti “erməni soyqırımı” ifadəsini işlətməkdən çəkinməlidir. Nazir onu da qeyd edib ki, ABŞ Prezidenti 24 apreldə hüquqi əsası olmayan “erməni soyqırımı” ifadəsini səsləndirərsə bu, Türkiyə-ABŞ münasibətlərinə xələl gətirə bilər: “Amma biz cənab Bayden nə deyəcək əndişəsini də çəkməməliyik, çünki bu tarixi həqiqətləri və erməni iddialarının əsassız olduğunu dəyişmir”.
Qeyd edək ki, amerikalı konqresmenlər vasitəsilə Co Baydenə təzyiqlər artıb və ondan “erməni soyqırımı” ifadəsini işlətməyi tələb edirlər. Lakin araşdırmaçılar onu da qeyd edirlər ki, ABŞ-ın sabiq prezidenti Barak Obama da erməni lobbisinə söz vermişdi ki, müraciətində “erməni soyqırımı” ifadəsi işlədəcək, lakin 8 illik prezidentliyi dönəmində Obama bunu etmədi. Ermənipərəst konqresmenlərin təzyiqləri qarşısında “erməni faciəsi” ifadəsi ilə vəziyyətdən çıxa bildi.
Türkiyə mediası Baydenin “erməni soyqırımı” ifadəsi işlədə biləcəyini vurğulasa da, bunun Ankara üçün böyük fəlakət anlamına gəlmədiyini yazır. Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu bəyan edib ki, Bayden belə bir ifadə işlədərsə, Ankara bunu mənfi qarşılayacaq, lakin bundan böyük faciə düzəltmək lazım deyil: “Ona qalsa, bəzi Qərb ölkələrinin parlamenti “erməni soyqırımı”nı tanıyıb, bu, nəyi dəyişib ki?”
C. Baydenin bu ifadəni işlətməsi ilə ciddi bir şeyin dəyişməyəcəyi aydın olsa da, ABŞ siyasi dairələrində formalaşan fikrə görə, C. Bayden bu addımı ilə Türkiyə və Azərbaycanla münasibətlərə xələl gətirmiş olacaq, odur ki, onu belə yanlışa yol verməməyə çağıranların sayı az deyil. Belə ki, Vaşinqton üçün Türkiyə və Azərbaycanın önəmi böyükdür. Bu baxımdan, “soyqırım” ifadəsinin əvəzinə alternativ fikir səsləndirməklə, Bayden Birləşmiş Ştatların maraqlarına daha çox xidmət etmiş olar.
ABŞ siyasətçiləri özləri də bilirlər ki, “erməni soyqırımı” ilə bağlı deyilənlərin tarixi əsası yoxdur. Odur ki, Ankaranın strateji müttəfiqi sayılan ABŞ-ın Prezidentinin belə bir addım ata biləcəyi qətiyyən başa düşülən deyil. Buradan belə bir nəticə çıxır ki, son illər Türkiyənin müstəqil siyasət yürütməsi, iqtisadi cəhətdən daha da qüdrətlənməsi, regionda və dünyada nüfuzunun artması ABŞ-ı da ciddi şəkildə qayğılandırır.
Etiraf etmək lazımdır ki, ABŞ-da qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı başlanmış məkrli kampaniyanın 30 ildən artıq tarixi var. 1978-ci ildə ilk dəfə sabiq ABŞ prezidenti Cimmi Karter 1915-ci ildə Osmanlı Türkiyəsində baş vermiş hadisələrlə bağlı çıxış edib. Bill Klintonun prezidentliyi (1993-2001-ci illər) dövründən isə bu, hər il aprelin 24-də təkrarlanan “ənənəyə” çevrilib. Konqresə qədər qondarma “erməni soyqırımı”nın ABŞ-ın 42 ştatında tanınmasını da vurğulamaq lazımdır. Doğrudur, seçkiqabağı kampaniya zamanı verdikləri vədlərə baxmayaraq, hələlik ABŞ-ın heç bir prezidenti ingilis dilində “erməni soyqırımı” ifadəsini işlətməyib. Lakin ermənilər qarşısında müəyyən öhdəliklər götürmüş Barak Obama Administrasiyası bu məsələdə nisbətən irəli getmişdi. 2009-cu il aprelin 24-də ABŞ Prezidenti “erməni soyqırımı” sözünü işlətməsə də, “erməni faciəsi” ifadəsi işlədib. Odur ki, erməni lobbisinin bütün ümidləri Baydenədir. Lakin unutmaq olmaz ki, ABŞ-ın Yaxın Şərqdəki maraqları Türkiyə ilə uzlaşır. Hazırda yeni bir dünya nizamı formalaşır və Türkiyənin narazı salınması bu dünya nizamında ABŞ-ın planları ilə ziddiyyət təşkil edir. Dərin strateji əməkdaşlıq fonunda ABŞ Prezidentinin “soyqırım” ifadəsi işlətməsi rəsmi Vaşinqtonun özünə ziyan olardı. Belə ki, uydurma “soyqırımı” ilə bağlı Co Bayden xoşagəlməz addım atarsa, bu hadisə ABŞ-ın təkcə Türkiyə ilə deyil, Azərbaycanla da əlaqələrini ciddi şəkildə dəyişə bilər. Co Bayden sələflərindən fərqli addım atacaqsa, özünə, ABŞ-ın milli maraqlarına, bölgədəki siyasətinə və nüfuzuna zərbə vurmuş olacaq, Türkiyə və Azərbaycanla münasibətlərinə kəskin mənfi təsir göstərəcək.
Rüsvay olmuş prezident kimi tarixə keçmək isə Baydenin komandasına sərf etməz. Türkiyənin də ABŞ-ın böyük siyasi oyunlarına susqun qalmayacağı ehtimalı az deyil. Bayden belə yanlış hərəkətə yol versə, Türkiyənin ABŞ-la əzəli münasibətlərində soyuqluq yarana bilər. Vaşinqtonda onu da yaxşı anlayırlar ki, Azərbaycan hazırda regionun əsas oyunçularındandır və “soyqırımı” ifadəsi Bakı ilə münasibətləri də gərginləşdirə bilər.
Bu gün dünyanın nüfuzlu tarixçiləri, etnoqraf və şərqşünasları dərin tədqiqat əsərlərində sübut ediblər ki, ermənilər türklər tərəfindən heç bir “soyqırımına” məruz qalmayıb. Baş verən hadisələr 1914-1920-ci illərdə erməni millətçiləri tərəfindən qızışdırılan və Osmanlının arxa cəbhəsində ermənilərin apardığı vətəndaş müharibəsinin nəticəsi idi. Bu problemi tədqiq edən Amerika alimləri C.Makkarti və K.Makkarti tarixi sənədlərə əsaslanaraq yazırdılar: “Soyqırımı, həqiqətən olubmu? Osmanlıların hərəkətinə görə çətin inanmaq olar ki, soyqırımı barədə hər hansı bir əmr olsun. Bəs onda İstanbulda, İzmirdə yaşayan on minlərlə erməni əhalisi niyə soyqırımına məruz qalmayıb? Şərqi Anadoluda Türkiyə hökumətinin təşkil etdiyi heç bir soyqırımı olmayıb”.
Zaman-zaman dünyanın iri dövlətlərində yaşamaq statusu qazanan ermənilər həmin dövlətlərin məmurlarını, dövlət və iş adamlarını, ictimai-siyasi xadimləri, müxtəlif alimləri və hətta dövlət və hökumət rəhbərlərini aldadaraq “erməni soyqırımı”na onları inandırmağa və hətta parlamentlər tərəfindən qəbul etdirməyə çalışıb, bəzi hallarda istəklərinə nail ola biliblər. Lakin dünyanın bütün ölkələri, dövlət və hökumət rəhbərləri bilməlidirlər ki, başqa dövlətlərin ərazilərini işğal etmək yolu ilə dənizdən-dənizə “Böyük Ermənistan” yaratmaq erməni siyasətinin ən avantürist niyyətidir.
Bu gün dünya ictimaiyyətinə artıq məlumdur ki, ermənilərin uydurduqları bütün yalanların məqsədi nədir və onlar nə istəyirlər. Bu baxımdan, ABŞ Prezidenti Baydenin də bunu anlaması bütün tərəflərin, ilk növbədə isə Vaşinqtonun özü üçün faydalı olardı.
C. Baydenin qondarma “erməni soyqırımı” ifadəsini işlətməsi həm onun özünün, həm də ABŞ-ın erməni lobbisinin təsiri altında olduğunu, özünü superdövlət adlandıran ABŞ-ın əslində hansısa maraqlı qüvvələrin əlində alətə çevrildiyini göstərəcək. Bir qrup erməninin və ermənipərəstin girovuna çevrilmək, onların əlində oyuncaq olmaq isə nə ABŞ-a, nə də ABŞ Prezidentinə yaraşar.
APA Analytics