• TƏHLİL

    17:38 30 aprel 2021

Dağlıq Qarabağın azərbaycanlı və erməni icması anlayışı da tarixə qovuşub - TƏHLİL

“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi fəaliyyətini dayandırıb.

Bununla bağlı təşkilat yaydığı müraciətində bildirir ki, artıq “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi və onun statusu anlayışı yoxdur. Çoxmillətli və multikultural ölkəmizdə yaşayan bütün milli azlıqlar kimi ermənilər də Azərbaycanda fərdi vətəndaşlar olaraq sərbəst şəkildə yaşayacaqlar. Vətən müharibəsindən sonra yaranmış yeni reallıqda “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” və “Dağlıq Qarabağ bölgəsinin erməni icması” anlayışları öz aktuallığını və ictimai əhəmiyyətlərini itirib.

Həqiqətən də, 44 günlük savaş yeni reallıqlar yaradıb və hər kəs bu reallığı qəbul etməlidir. Artıq Qarabağ münaqişəsi arxada qalıb, Dağlıq Qarabağın statusu məsələsi də müzakirə predmeti deyil. Bölgədə yeni siyasi konfiqurasiyalar qurulur və bu mərhələdə Dağlıq Qarabağın azərbaycanlı icmasına da ehtiyac qalmır. Erməni separatçılarının uzun illərdir qələmə verdiyi uydurma “Qarabağ xalqı” anlayışını da 44 günlük Vətən savaşı yaddaşlardan birdəfəlik silib. Artıq belə bir problem mövcud deyil, odur ki, Dağlıq Qarabağda yaşayan və yaşayacaq Azərbaycan vətəndaşlarından söhbət gedə bilər, artıq icmalararası müzakirələrin heç bir önəmi qalmayıb. “Qarabağ xalqı” deyilən bir anlayışı da reanimasiya etmək mümkün deyil. Odur ki, icmalararası dialoqa da ehtiyac qalmır. Qarabağda yaşayacaq hər bir vətəndaş Azərbaycan qanunlarına tabe olmalıdır, heç bir sosial təbəqəyə xüsusi imtiyazlar verilə bilməz. Bu rakursdan təhlil etdikdə icmalar və onlara ayrılan rolların müasir dövrün tələbatına cavab vermədiyini söyləmək mümkündür. Əslində, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları barədə müzakirələr problemi yenidən əski müstəviyə transfer edə bilər. İcmanın bundan sonra görə biləcəyi bir iş qalmayıb. Azərbaycan qanunları hər kəsə şamil olunduğundan və ərazinin statusu məsələsi müzakirə predmeti olmadığından icmanın saxlanılması düzgün deyildi.

Onu da qeyd edək ki, Dağlıq Qarabağın fiziki-coğrafi mövqeyinə görə bölünməsi və ona siyasi status verilməsi ideyası keçmiş SSRİ dövründə reallaşıb. İndi isə nə SSRİ, nə DQMV, nə də Dağlıq Qarabağ münaqişəsi var.

İndi əsas məqsəd böyük qayıdışın baş tutmasıdır. “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin buraxılaraq, yeni yaradılan “Qarabağa dönüş” İctimai Birliyinin də əsas fəaliyyət istiqaməti işğaldan azad edilmiş ərazilərə qayıdış üçün çalışmaq, bu prosesə dəstək vermək olacaq.

Çünki artıq qarşıda duran strateji məqsəd insanların öz doğma torpaqlarına qayıdışını təmin etməkdir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, qarşıda növbəti ciddi mərhələ dayanır - bərpa-quruculuq işləri, doğma torpaqlara qayıdış...

Azərbaycan hakimiyyəti, Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, qanunlara əməl edən erməni vətəndaşları üçün də hər cür şərait yaradılacaq. Bu baxımdan, Qarabağda yaşayan və yaşayacaq azərbaycanlı da, erməni də eyni hüquqlu vətəndaşdır və Azərbaycan hakimiyyəti onların rifahı üçün hər şey edəcək.

APA Analytics

ONA

Teqlər:

SON XƏBƏRLƏR