• TƏHLİL

    17:16 15 may 2020

Donald Trampın Azərbaycan Prezidentinə göndərdiyi məktubdakı ştirixlər - TƏHLİL

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə təbrik məktubu göndərib.

Məktubda Birləşmiş Ştatların Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəklədiyi qeyd olunub: “Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq ediblər. Bu sahələrdə Azərbaycanın mühüm töhfələrini dəyərləndirir, dəstəklənməsinə söz verdiyimiz demokratik idarəetməni təşviq edən, habelə hüquq və azadlıqları qoruyan bütün addımların atılmasına həvəsləndiririk. Koronavirus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır. Biz Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakımızı davam etdirəcəyik”.

Məktubun məzmunundan da göründüyü kimi, dünyanın ən nəhəng dövlətlərindən biri Azərbaycana, onun suverenliyi və müstəqilliyinə güclü dəstəyini ifadə edir. D. Trampın məktubu belə bir ifadə ilə başlayır: “Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir”. Bu, dünyanın əsas siyasi güc mərkəzlərindən birinin Azərbaycana açıq dəstəyidir. Məktubda həmçinin bildirilir ki, Vaşinqton Azərbaycanla beynəlxalq təhlükəsizliyi gücləndirmək fikrindədir. D. Tramp Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək istiqamətində səylərdən danışır və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq etdiyini qeyd edir.

Məktubda beynəlxalq hüququn dövlətlərarası münasibətləri tənzimləyən təməl norma və prinsiplərinə vurğunun olması təsadüfi hesab edilməməlidir. Azərbaycanın uğurlu diplomatiyası nəticəsində Bakı bölgənin ən əsas oyunçularından birinə çevrilib və Birləşmiş Ştatlar prezidentinin ölkə rəhbəri İlham Əliyevə ünvanlandığı məktub bu faktın ən yüksək səviyyədə etirafının xəbərçisidir.

Məsələ ondadır ki, Beynəlxalq hüquqda suverenlik konsepsiyası müəyyən ərazi hüdudlarında dövlətin hakimiyyətinin aliliyinin tanınması kimi qəbul edilir. ABŞ prezidenti Donald Trumpın Prezident Əliyevə məktubu Birləşmiş Ştatların Azərbaycanın müstəqilliyi və suverenliyi, beləliklə də ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına güclü dəstək kimi xarakterizə olunmalıdır. Bu məktub Azərbaycanın son dərəcə ağır geosiyasi durumda nə qədər çevik manevr edə bilməsinin ifadəsidir. Ən əsası isə Vaşinqton növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə açıq və net dəstək mesajı vermiş oldu.

Prezident Trampın məktubunda bir məqam da diqqəti çəkir. Birləşmiş Ştatlar prezidenti beynəlxalq təhlükəsizliyin gücləndirilməsində Azərbaycanı əsas tərəfdaşı hesab edir. Digər tərəfdən, məktubda o da vurğulanır ki, Avropanın enerji marşrutlarının və mənbələrinin şaxələndirilməsində Azərbaycanın rolu böyükdür.

Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın beynəlxalq sülh, sabitlik və qlobal inkişafa verdiyi töhfələr artıq hər kəs tərəfindən etiraf edilir. Adıçəkilən məktub dövlətimizin beynəlxalq səviyyədə nailiyyətlərinə ABŞ-ın dövlət başçısı tərəfindən verilən yüksək qiymətdir.

Əslində, D. Trampın məktubunda vurğulanan tezislər bir gerçəklikdir. Məsələ ondadır ki, beynəlxalq təhlükəsizlik məsələsində Azərbaycan onilliklər ərzində mühüm rol oynayıb. Belə ki, Azərbaycan beynəlxalq terrorçuluq, dini radikalizm, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlığa qarşı həmişə ciddi mübarizə aparıb. Azərbaycan Əfqanıstan da daxil olmaqla dünyanın həssas bölgələrində çoxtərəfli sülhməramlı əməliyyatlara dəstək verib, qlobal inkişafa yardımını əsirgəməyib, enerji infrastrukturlarının genişləndirilməsi kimi istiqamətlər üzrə ABŞ-la sıx əməkdaşlıq edib.

Belə bir nüansı da nəzərdən qaçırmayaq. Avropa qitəsinin enerji təminatının gücləndirilməsi üzrə həyati vacib layihələrdən biri olan Cənub Qaz Dəhlizinin uğurla reallaşdırılmasında Bakının payı az deyil.

Prezident Trampın adıçəkilən məktubunda diqqəti çəkən məqamlardan biri də ABŞ və Azərbaycan nəzərdə tutularaq, “iki böyük xalq və dövlət ” ifadəsindən istifadə olunmasıdır. ABŞ-ın dövlət başçısı səviyyəsində Azərbaycanı nüfuzlu və güclü dövlət olaraq qəbul etməsi rəsmi Bakının qazandığı diplomatik uğurlardandır. Bu, Azərbaycan və ABŞ arasında yaxın tərəfdaşlıq münasibətlərinin təsdiqi kimi səciyyələndirilməlidir. Birləşmiş Ştatlar Azərbaycanı özünün tərəfdaşı hesab edir və bərabər ranqlı əməkdaşlıq təklif edir.

Onu da qeyd edək ki, D. Trampın məktubunda COVİD-19 pandemiyası mövzusuna da toxunulub. ABŞ-ın Azərbaycan xalqının yanında olduğu vurğulanması faktı da sıradan bir məsələ deyil. Xüsusilə qeyd etmək lazımdır ki, COVİD - 19 pandemiyası ilə mübarizədə Azərbaycan dövlət başçısının atdığı təxirəsalınmaz addımlar və çevik siyasəti nəticəsində ölkəmiz bu qlobal bəlanın ağır fəsadlarından ən az əziyyət çəkən dövlətlər sırasında oldu. Bu istiqamətdə ölkəmizin nailiyyətləri Ümumdünya Səhiyyə Təşkilatı və digər dövlətlər tərəfindən təqdir edilir. Bütün dünyada pandemiyaya qarşı “Azərbaycan nümunəsi”ni öyrənirlər. Digər tərəfdən, dünya üçün belə çətin vaxtlarda ABŞ kimi Azərbaycan da xarici ölkələrə və təşkilatlara yardımını əsirgəmir və cənab Trampın məktubunda bu fakt da öz əksini tapır. Dövlətlərimizin qlobal səviyyədə gerçəkləşdirdiyi humanitar missiya pandemiyaya qarşı mübarizəyə böyük töhfədir və bu, artıq bütüm ölkələr tərəfindən qəbul edilir. Koronavirus pandemiyası dövründə Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq səviyyədə COVİD-19-la mübarizəyə verdiyi mühüm töhfələr dünya liderləri tərəfindən qəbul və təqdir edilir. Ölkəmizin bu sahədə təcrübəsi, irəli sürdüyü təşəbbüslərin beynəlxalq aləmdə dəstəklənməsi, habelə Azərbaycanın koronavirusla mübarizə ilə bağlı dünyada həmrəyliyin və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi sahəsində gördüyü işlər ölkəmizin nəinki dostları, hətta düşmənləri tərəfindən də etiraf edilir.

Burada olduqca mühüm bir məqama da diqqət yetirmək lazım gəlir.

D. Trampın Azərbaycan prezidentinə ünvanlandığı məktubda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunulur. D.Tramp ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın münaqişənin sülh yolu ilə dayanıqlı həlli üzrə aparılan danışıqlara dəstəyini davam etdirəcəyini bəyan edir. Bu məqam münaqişənin həlli üzrə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyinə dəstək verməklə yanaşı, destruktiv hərəkətləri ilə danışıqlar prosesinə xələl gətirən təcavüzkar Ermənistanın hazırkı rəhbərliyinin ünvanına ciddi mesajları özündə ehtiva edir. D. Tramp danışıqlara dəstək ifadə etməklə ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan ABŞ-ın Ermənistanın danışıqlar formatının dəyişdirilməsi cəhdlərini rədd edir. Habelə, məktubda münaqişəsinin sülh yolu ilə həllinin vacibliyinə vurğu edilir. Bu fakt Azərbaycanın tarixi torpaqlarının işğalının qəbuledilməzliyi kimi səciyyələnməlidir. Bir sözlə, ABŞ prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə məktubu diplomatik dildə rəsmi Bakıya hərtərəfli dəstəyin verilməsi anlamına gəlir.

APA Analitics

ONA

Teqlər:

SON XƏBƏRLƏR