• TƏHLİL

    16:10 5 fevral 2020

Dövlət başçısından mühüm mesajlar - TƏHLİL

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı ölkəmizin gələcək inkişafı üçün yaradılan imkanları geniş təhlil edib. 2019-cu ildə Azərbaycanın uğurlu inkişafına diqqət çəkən dövlət başçısı bəyan edib ki, ölkə ötən il ərzində də uğurlarını davam etdirib. Bildirib dünyanın ayrı-ayrı yerlərində münaqişələr, gərginlik müşahidə olunur, lakin Azərbaycan uzun illər ərzində sabitlik yolu ilə gedir. Ölkəmizdə mövcud olan sabitlik Azərbaycan xalqının iradəsi ilə təmin edilir və Azərbaycanda həyata keçirilən siyasət xalq tərəfindən dəstəklənir.

İqtisadi inkişaf, ciddi islahatlar yolunda

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan indi iqtisadi inkişaf, ciddi islahatlar yolundadır: “İslahatlar cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Çünki bu islahatlar insanların həyat səviyyəsini yaxşılaşdırır, ölkəmizin iqtisadiyyatını sürətləndirir, ölkəmizdə mövcud olan xoşagəlməz problemlərin həllində isə çox önəmli rol oynayır. Adətən çox köklü iqtisadi və siyasi islahatlar böyük problemlər də gətirir. Yəni, bu islahatlar bəzi hallarda, daha doğrusu, bir çox hallarda insanların həyat tərzinə mənfi təsir göstərir. Azərbaycanda isə islahatlar ardıcıl şəkildə aparılır. Bu, düşünülmüş siyasətdir. Sadəcə olaraq, biz indi islahatların yeni mərhələsinə qədəm qoymuşuq. Ona görə həm iqtisadi sahədə, həm siyasi sahədə aparılan islahatlar xalqımızın, dövlətimizin maraqlarına xidmət edir. Eyni zamanda, çox ciddi struktur və kadr islahatları aparılmışdır.

Bütün bunlar bir daha onu göstərir ki, bizim siyasətimizdə əsas məqsəd dövlətimizin möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsidir. Biz bütün bu məqsədlərə çatırıq. Keçən il əldə edilmiş iqtisadi və sosial nailiyyətlər bunu bir daha təsdiqləyir”.

Bənzərsiz artım tempi

Son 16 ildə ölkənin iqtisadi göstəricilərini açıqlayan dövlət başçısı 2003-cü ildən bu günə qədər bütövlükdə Azərbaycan iqtisadiyyatının 3,4 dəfə artdığını deyib: “Bu, dünyada rekord göstəricidir. Bütün statistik məlumatlar araşdırıla bilər, inanmıram ki, buna bənzər artım tempi olsun. Bu 16 il ərzində sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə artıb. Bizim valyuta ehtiyatlarımız 27 dəfə artıb. 2003-cü ildə valyuta ehtiyatlarımız 1,8 milyard dollar idi, keçən ilin yekunlarına görə 51, indi isə 52 milyard dollara çatıb. Yəni, bu, özlüyündə böyük bir göstəricidir. Yoxsulluq təxminən 50 faizdən 4,8 faizə düşüb. Bu da onu göstərir ki, neftdən əldə edilmiş gəlirlər düşünülmüş şəkildə və ədalətli bölünüb. Biz bu gəlirlərdən istifadə edərək ölkəmizin bütün əsas infrastruktur problemlərinin böyük hissəsini həll etdik, eyni zamanda, vətəndaşların rifah halını yaxşılaşdırdıq. Son 16 ildə orta əməkhaqqı 11 dəfə, orta pensiya 8 dəfə artıb, 300 mindən çox məcburi köçkünə, 6700 şəhid ailəsinə evlər, mənzillər verilib. Yəni, bu böyük sosial proqramlar böyük vəsait tələb edir. Təsəvvür edin, 300 min insan üçün evlər, mənzillər tikilib. Biz bu illər ərzində təxminən Sumqayıt, yaxud Gəncə boyda şəhər tikmişik. Bunu etmək üçün həm siyasi iradə, düşünülmüş siyasət, eyni zamanda, imkanlar olmalı idi”.

Heç kim 8 saatdan artıq işləməməlidir

Prezident bununla yanaşı, vətəndaşları maraqlandıran və gələcək inkişafa yönəlik bir sıra vacib məsələlərə də toxunub, mühüm mesajlar verib. Cənab Əliyev ölkədə aparılan vergi siyasəti barədə danışarkən bildirib ki, sahibkarlar vergini tam verməlidirlər: “Çünki onların vergisi ölkəmizin yaşamasıdır, xalqımızın yaşamasıdır. Əlbəttə ki, vergi orqanlarında aparılan islahatlar da sahibkarlara böyük kömək göstərir. Çünki sahibkarlar indi bilirlər qaydalar nədən ibarətdir. Qaydalar da çox sadədir. Fəaliyyətini qanunvericiliyə uyğun qurmalıdırlar, əmək müqavilələri bağlamalıdırlar, işçiləri istismar etməməlidirlər. Çünki mənə verilən məlumata görə, bəzi hallarda işçiləri vaxtından çox işlədirlər. Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir. Amma daha çox pula qənaət etmək üçün 10 saat, 12 saat, ondan da çox işlədirlər. Buna son qoyulmalıdır və Nazirlər Kabineti buna nəzarət etməlidir. Xüsusi müşavirə keçirilsin ki, bu məsələlər müzakirə olunsun və əgər belə hallara yol verilirsə, o sahibkar cəzalandırılacaq. İşçilərə də müraciət edirəm. Siz də əmək müqaviləsi olmadan işləməyin. Mən bilirəm ki, bəzi hallarda sizi məcbur edirlər. Amma bilin ki, əgər əmək müqaviləsi olmasa, sabah pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Ona görə sahibkarlar vergisini ödəməli, bütün qanuni tələblərə riayət etməli və məsuliyyətli olmalıdırlar. İmkanlı sahibkarlar, əlbəttə ki, öz sosial məsuliyyətini də dərk etməlidirlər. Eyni zamanda, əsassız olaraq işçiləri ixtisar etməməlidirlər. Çünki ixtisar edilən hər bir iş yeri bir ailəni çörəksiz qoyur. Buna getmək olmaz”.

Sahibkarlara çağırış

Dövlət başçısı müşavirədə sahibkarların vəziyyəti, sahibkarlığın inkişafı məsələləri üzərində xüsusi dayanıb. Prezident bildirib ki, dövlət müxtəlif addımlar atır, lakin sahibkarlar da fəal olmalı, təşəbbüs göstərməlidirlər: “Misal üçün meyvəçilikdə. 240 milyon dollarlıq meyvə ixrac olunub, artım 11 faiz. Amma bu meyvənin içində fındıq da var. 125 milyon dollarlıq fındıq ixrac olunub, artım 33 faiz. Nəyin hesabına? Dövlətin hesabına. Mən o vaxt göstəriş verdim ki, fındıq bağları salınsın. Bizim 30 min hektar sahədə fındıq bağımız var idi. İndi biz bunu 80 min hektara çatdırmışıq. Kim edib? Dövlət edib. Bəs, sahibkar özü niyə gedib əkmir? Yaxşı, baramanı da dövlət edib, pambığı da dövlət edib, nə vaxta qədər? Sahibkar da gedib etsin. İndi pambıqdan, fındıqdan böyük pul əldə edir, çox yaxşı, qoy, daha da varlansın. Amma özü də bir təşəbbüs göstərsin. Biz bu işləri onsuz da aparacağıq. Çünki bu, dövlətimiz üçün lazımdır, sahibkar da bizim vətəndaşımızdır. Sahibkar da onlarla, yüzlərlə, bəlkə də minlərlə işçini saxlayır, ona maaş verir. Ona görə burada bu birliyin, bu konfransların məqsədi nədir?! Burada oturanların bir hissəsi yerli icra başçıları, mərkəzi icra orqanlarının rəhbərləri və sahibkarlardır. Bu konfransın ikinci hissəsində açıq söhbət aparılmalıdır. Daha şüarlar, hansısa bəyanatlar lazım deyil. Açıq söhbət olmalıdır, problem nədir, həlli yolu nədir, sahibkar desin. Dövlət nümayəndəsi də ona desin ki, o, harada pozuntulara yol verir, dostcasına desin ki, “get bunu düzəlt, bax, son dəfə sənə deyirəm, düzəltməsən, onda özündən küs”. Bu gün burada, bax, bu məsələlər müzakirə olunmalıdır. Elə etməliyik ki, 2020-ci ildən başlayaraq, bütün bu bicliklər, manipulyasiyalar, saxtakarlıqlar, kassadan kənar ödəmələr qıraqda qalsın. Bəyan edilməmiş yüklərin gətirilməsi, yükün içində bir məhsul ola-ola başqa məhsulun bəyan edilməsi - bütün bunları dövlət orqanları bilir və bilirdi. Sadəcə olaraq, bəziləri göz yumurdular, sövdələşirdilər. Daha bu dövr bitdi. Mən sizə bunu deyirəm, qurtardı. Ona görə mən dediyim kimi işləməlisiniz, vəssalam”.

Banklara xəbərdarlıq

Ölkə rəhbəri bank sektorunda aparılan siyasətdən də söz açıb: “Bank sektorunda sağlamlaşdırma prosesi davam etdirilir və davam etdirilməlidir. Biz banklara çox böyük dəstək vermişik. Bütün əmanətlər sığortalanıb və bu prosesi uzatmışıq. Hesab edirəm və tam əminəm ki, artıq böhranlı dövr arxada qalıbdır. Ancaq əhalinin banklara inamının artırılması üçün dövlət bu məsələni yenə də öz üzərinə götürür. Azərbaycan nadir ölkələrdəndir ki, bütün bank əmanətləri dövlət tərəfindən sığortalanır. Bu, banklara verilən böyük dəstəkdir, edilən güzəştdir, eyni zamanda, onların məsuliyyətini artırır”. Bu yerdə dövlət başçısı diqqətçəkən məqama toxunub, banklara xəbərdarlıq edib. Prezident təbii olaraq, bu prosesin sonsuz ola bilməyəcəyini xatırladıb, bankları məsuliyyətli olmağa çağırıb: “Əgər banklar tərəfindən, özəl banklar tərəfindən hər hansı bir sürpriz olarsa, onlar özlərindən küssünlər. Mərkəzi Banka verilən yeni səlahiyyətlər çərçivəsində nəzarət daha güclü olmalıdır ki, sağlamlaşma prosesi uğurla başa çatsın”.

Dövlət başçısı onu da diqqətə çatdırıb ki, iqtisadiyyat artdıqca, iqtisadi vəziyyət yaxşılaşdıqca, uçot dərəcəsi də aşağı düşür: “Bu il də aşağı düşübdür, təqribən 7 faizdən bir qədər çoxdur. Əlbəttə ki, özəl banklar da faiz dərəcələrini aşağı salmalıdırlar. Çünki Mərkəzi Bank tərəfindən artıq qərar qəbul edildi, keçən il və bu il uçot dərəcəsi müntəzəm olaraq aşağı düşür. Bu proses davam etdirilir”.

Prezident özəl banklar qarşısında hansı vəzifələrin qoyulduğunu da açıqlayıb. Bildirib ki, özəl banklar bütövlükdə iqtisadi inkişafımıza təkan verməli, onların işi ancaq oturub pul qazanmaq olmamalıdır.

“Onlar öz məsuliyyətini dərk etməlidirlər. Dövlət onlara fəaliyyət göstərmək üçün imkan yaradıb, lisenziya verib. Əgər o banklarda hansısa problemlər olarsa, bu lisenziya ləğv ediləcəkdir. Son vaxtlar bir çox bankların lisenziyası ləğv olundu. Onlar bu imkanlardan məhrum olacaqlar. Ona görə məsuliyyətli yanaşmalıdırlar. Heç bir sürpriz olmamalıdır. Onlar biznes-kreditlərə üstünlük verməlidirlər. Mən bunu ilin yekunlarına həsr edilmiş müşavirədə qeyd etdim. Yenə də bu meyl görünməkdədir. İstehlak kreditlərinə üstünlük verilir. Əlbəttə, bu, çox asandır. İstehlak kreditini verir, sonra da faizini alır. Amma bank krediti ölkə iqtisadiyyatı üçün, real sektor üçün, iş yerlərinin yaradılması üçün lazımdır. Ona görə burada mən bir daha göstəriş verirəm. Mərkəzi Bank və aidiyyəti nazirliklər, o cümlədən Nazirlər Kabineti bunu nəzarətə götürsün və mənə müntəzəm olaraq məlumat verilsin ki, biznes-kreditlərinin pay faizi nə qədərdir. İstehlak kreditləri və monitorinq daimi olmalıdır”, - deyə ölkə başçısı qeyd edib.

Prezident İlham Əliyev müşavirədə rayon və kənd yerlərində təklif olunan girov əmlakların bir çox halda banklar tərəfindən girov kimi qəbul edilməməsini də tənqid edib: “Onlar Bakıda girov əmlak istəyirlər. Buna son qoyulmalıdır. Burada heç bir ayrı-seçkiliyə yol vermək olmaz. Ona görə aidiyyəti qurumlar bu məsələ ilə də ciddi məşğul olsunlar”.

Qeyri-neft sektoru – prioritet sahə kimi

Dövlət başçısının müşavirədəki çıxışına nəzər saldıqda o da aydın olur ki, qeyri-neft sektorunun inkişafı qarşıya əsas məqsəd kimi qoyulub. Bundan əvvəl də Prezident Əliyev çıxışlarında, müsahibələrində qeyri-neft sektorunun inkişafının zəruriliyini dəfələrlə vurğulayıb, bu istiqamətdə addımlar atıldığını söyləyib. Sonuncu müşavirədə də dövlət başçısının nitqində qeyri-neft sektorunun inkişafı əsas istiqamətlərdən biri kimi vurğulanıb. Dövlət başçısı qeyd edib ki, bizim əsas prioritetimiz olan qeyri-neft sektoru ötən il 14 faizdən çox artıb.

“İqtisadiyyatımız 2,2 faiz artıb. Hesab edirəm ki, bu, yaxşı nəticədir. Neftin qiyməti sabitdir, ancaq Azərbaycanda neft hasilatı bir qədər aşağı düşüb. Ümumi daxili məhsulun 2,2 faiz artması, hesab edirəm ki, yaxşı nəticədir. Xüsusilə nəzərə alsaq ki, qeyri-neft sektorunda artım 3,5 faizdir. Sənaye istehsalı 1,5 faiz artıb. Bunun da səbəbi məhz neftin hasilatı ilə bağlıdır. Ancaq bizim əsas prioritetimiz olan qeyri-neft sektoru 14 faizdən çox artıb. Burada, əlbəttə ki, keçən il istismara verilmiş nəhəng sənaye müəssisələrinin fəaliyyətə başlaması, eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması xüsusi rol oynayıb. Biznes mühitinin yaxşılaşdırılmasını Dünya Bankı da qeyd edir. “Doing Business” hesabatında Azərbaycan keçən il 20 ən islahatçı ölkə sırasına daxil edilib. Əlbəttə ki, bütün biznes qurumları bunu görür, hiss edirlər. Vergi və gömrük inzibatçılığı, biznes dairələrinə göstərilən dövlət dəstəyi, əlbəttə ki, qeyri-neft sənayesində də özünü büruzə verir”, - deyə Prezident bildirib.

Prezident Əliyevin çıxışını təhlil edən ekspertlər də bu nitqi Azərbaycanın yeni inkişaf proqramı və strateji yol xəritəsi adlandırırlar. Prezident öz nitqində qeyri-neft sektorunun inkişafının vacibliyini növbəti dəfə vurğulamış oldu. Ölkə başçısının qarşıya qoyduğu məqsədlər aydındır - qeyri-neft ixracını illik 15 faiz artırmaq.

Dünya Bankının hesablamalarına görə, dəyər zəncirində iştirakın 1 faiz artması hər nəfərə gəliri 1 faizdən də çox artırır, hansı ki standart ticarətdə bu göstərici 0,2 faizdir. İxracda e-ticarət və e-kommersiya önə çıxır. Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyanın (ESCAP) hesablamalarına görə, kağızsız ticarət və ticarətin asanlaşdırılması kriteriyalarına görə Azərbaycan Cənubi Avropadan başlamış Çinə qədər geniş bir coğrafiyada lider ölkədir. Azərbaycan eyni zamanda standart ticarət imkanlarından geniş yararlanır.

Prezident Əliyev Azərbaycanın qlobal dəyər zəncirlərinə qoşulanda məhsulun istehsalının bütün mərhələlərini deyil, rəqabət üstünlüyü olan mərhələsində fokuslanmasının önəmini bildirib. Ölkə rəhbəri post-neft dövrünün əsas sektorlarını göstərib - turizm, aqrobiznes, nəqliyyat-logistika, neft-qaz kimyası, İKT və metallurgiya.

Ölkə başçısı xidmət ixracının da əhəmiyyətini qeyd edib və vurğulayıb ki, ötən il xarici turistlər Azərbaycanda 4,3 milyard manat pul xərcləyiblər. Yəni, turizm neftdən sonra ikinci ən gəlirli sahədir: “Mən turizmi də ixrac növü hesab edirəm. Çünki keçən il xarici turistlər Azərbaycanda 4,3 milyard manat pul xərcləyiblər. Yəni, əgər bunu ixrac növü kimi hesablasaq, neftdən sonra ikinci sahə turizmdir. Məhz ona görə mən turizmin inkişafı üçün kompleks tədbirlərin görülməsini təmin etdim, son illər Azərbaycanda turistlərin sayı artıb və bu gün də artır. Əminəm ki, bu, belə də davam edəcək. Ancaq hər şeyin vaxtı var. Misal üçün biz 10 il bundan əvvəl bu haqda fikirləşsəydik, bəlkə də düzgün olmazdı. Çünki turistlər hara gələcəkdilər – yol yox, işıq yox, otel yox. Hara gələcəkdilər? İndi isə hər şey var. Ən müasir nəqliyyat infrastrukturu – Heydər Əliyev Beynəlxalq Aeroportu, dediyim kimi, beşulduzlu aeroportdur. Bundan başqa turistlərin daha çox gəldikləri yerlərdə də 5 beynəlxalq aeroport var. Həmçinin gözəl otellər var. Azərbaycanda dünyanın bütün aparıcı otellərinin brendləri fəaliyyət göstərir. Onlar nəyə görə buraya gəliblər? Niyə başqa ölkələrə getmirlər? Çünki ölkəmizdə sabitlik var, inam var, vəziyyət proqnozlaşdırılandır və investisiya mühiti, kredit reytinqlərimiz yaxşıdır. “Doing Business”dəki yerimiz yaxşıdır. Onlar görür, arayışa baxır. Dünyanın aparıcı brendi kortəbii olaraq gəlib burada otel tikər? Əlbəttə ki, yox. İqlim gözəldir, 9 iqlim zonamız var, xalqımızın qonaqpərvərliyi, tarixi abidələr, mətbəximiz və əlbəttə ki, sabitlik və təhlükəsizlik. Ona görə turizm sahəsində bu işlər görülür. Keçən il UNESKO-nun Ümumdünya İrs Komitəsinin sessiyasında Şəki Xan Sarayı Dünya İrs Siyahısına daxil edilib. Qobustan və İçərişəhərdən, Qız qalasından, Şirvanşahlar sarayından sonra bu, bizim növbəti böyük uğurumuzdur. Harada ki, boşluqlar var, biz öz turizm imkanlarımızı gərək səfərbər edək. Məsələn, keçən il Yanardağ tamamilə yenidən quruldu, çox gözəl şərait yaradıldı və demək olar ki, Bakıya gələn turistlərin böyük əksəriyyəti oranı ziyarət edir. Bizim palçıq vulkanlarımız var. Amma oraya heç yol da yoxdur. Hətta yol olsa belə, oraya gedib, bir stəkan çay içmək üçün yer də tapmaq mümkün deyil. Ona görə göstəriş vermişəm ki, bizim Turizm Agentliyimiz bu il bu məsələ ilə ciddi məşğul olsun. Necə ki, bu gün Yanardağa, yaxud da ki, Qobustana hər kəs gedir, palçıq vulkanlarına da hər kəs gedəcək. Çünki biz palçıq vulkanlarının sayına görə dünyada birinci yerdəyik.

Bizim tarixi yerlərimizi, tarixi kəndlərimizi turizm zonasına çevirmək üçün praktiki addımlar atılır. Qış turizminin inkişafı, Şahdağ xizək kompleksinin gələcək inkişafı ilə bağlı göstəriş verilmişdir. Onu da bildirməliyəm ki, bu gün mənə məlumat verildi, bu ilin yanvar ayında 2019-cu ilin yanvar ayı ilə müqayisədə turistlərin sayı 18 faiz artıb. Özü də turistlər üçün o qədər də cəlbedici olmayan yanvar ayında. Keçən il 11 faiz, ondan əvvəl 4 faiz, ondan əvvəl 24 faiz, ondan əvvəl 22 faiz, ardıcıllıqla. İndi ancaq yanvar ayında 18 faiz. Ona görə hesab edirəm ki, əgər keçən il ölkəmizə 3 milyon 170 min turist gəlmişdisə, bu il daha çox gələcək”.

Qeyd edək ki, 2020-2023-cü illərdə turizmdə artım tempi 30 faizdən çox olacağı proqnozlaşdırılır ki, bu da xidmət ixracının daha da artmasına zəmin hazırlayacaq. Bu gün Azərbaycan rezidentləri turizmlə yanaşı, informasiya-kommunikasiya, nəqliyyat-logistika, təhsil, səhiyyə, maliyyə-bank, tikinti, kosmik xidmətlər sahəsində ixrac imkanlarını daha da genişləndirə bilərlər.

Bir sözlə, Prezident Əliyevin qeyri-neft ixracı ilə bağlı qarşıya qoyduğu əsas məqsəd ixracın daha çox mənfəət gətirməsi, regionlarımızın ixraca qoşulması, ixracın coğrafiyasının şaxələndirilməsi və ixraca daha çox Kiçik və Orta Biznes subyektlərinin cəlb olunmasıdır.

Azərbaycanda polimerdən məhsullar istehsal oluna bilər

Dövlət başçısı müşavirədə iqtisadi inkişafla bağlı çox vacib olan daha bir məqama da toxunub, bəyan edib ki, SOCAR Polymer zavodunun istehsal etdiyi polimerlərin əsasında klaster yaratmalıyıq.

“SOCAR Polymer zavodu istifadəyə verildi və indi biz polimerləri xaricə ixrac edirik. O ölkələrə ixrac edirik ki, həmin ölkələr ondan hazır məhsul istehsal edir, bizə satır. Ona görə biz özümüz burada klasterləri yaratmalıyıq və lazım olarsa, dövlət dəstək göstərəcək ki, polimerdən məhsullar Azərbaycanda istehsal olunsun, pul ölkəmizdə qalsın. Ona görə bu məsələyə də diqqət yetirmək lazımdır”, - deyə Prezident söyləyib.

Azərbaycan SOCAR Polymer zavodunu istifadəyə verməklə qabaqcıl istehsal sahəsi yaradıb. Məlumatlara görə, burada illik 300 min ton məhsul istehsal olunacaq və məhsulun 70 faizi xarici bazarlara ixrac ediləcək. Göründüyü kimi, Azərbaycan xammaldan məhsul istehsalına keçməklə daha çox dəyəri ölkədə saxlayır. Digər tərəfdən, SOCAR Polymer ölkədə bir sıra sənaye sahələrinin inkişafını təmin edə bilər. Ötən il Azərbaycanın ixracının artmasında SOCAR Polymer və SOCAR Karbamid kimi zavodların əhəmiyyətli rolu olub. SOCAR Polymer layihəsinin 6,6 milyard dollar gəlir gətirməsi proqnozlaşdırılır. Bu gəlirin də təxminən 30 faizi xalis mənfəətdir. Buradan bizim büdcəyə 400 milyon dollar mənfəət vergisi gələcək və 450 milyon dollar da əlavə dəyər vergisi gəliri təmin olunacaq.

Heç kim cəzadan yaxa qurtara bilməyəcək

Ölkə rəhbəri müşavirədə onu da qeyd edib ki, valyuta ehtiyatlarımızı, hətta bizim üçün ən ağır illərdə artıra bilmişik: “Amma investisiya xərclərini azaltdıq, beləliklə, bu layihələrdə iştirakı nəzərdə tutulan insanlar işsiz qaldılar. Ona görə mənim göstərişimlə ödənişli ictimai iş yerləri yaradıldı. Ancaq əfsuslar olsun ki, bu sahədə bölgələrdə pozuntulara yol verildi və bu pozuntulara yol verən şəxslər cəzalandırıldı. Əgər bu biabırçı faktlar təkrarlanarsa, heç kim cəzadan yaxa qurtara bilməyəcək. Çünki kasıb təbəqə üçün nəzərdə tutulan iş yerlərinin pulunu mənimsəmək böyük vicdansızlıqdır. Ona görə çox ciddi nəzarət var. Əminəm ki, belə hallar təkrarlanmayacaq. Amma yenə də ciddi nəzarət olmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verilib ki, bütün iş yerləri qeydiyyatdan keçsin və nəzarət güclü olsun. Baxmayaraq ki, işsizliklə bağlı vəziyyət ötən il yenə də böyük dərəcədə yaxşılaşdı, amma əhali artır. Biz bunu nəzərə almalıyıq. Ona görə bu il də dövlət xətti ilə təxminən 40 minə yaxın iş yeri yaradılacaq”.

Böyük sosial paket

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın iqtisadi imkanları daha da yaxşılaşır: “Düzgün iqtisadi siyasət aparmaqla biz əlavə gəlirlər əldə etdik. Bu gəlirləri, ilk növbədə, sosial problemlərin həllinə yönəltdik. Bu il 4 milyon 200 mindən çox Azərbaycan vətəndaşı - əhalinin təxminən 40 faizdən çoxu böyük sosial paketlə əhatə olunub. Maaşlar, pensiyalar, müavinətlər, tələbə təqaüdləri, problemli kreditlərin həll edilməsi - bütün bunlar böyük vəsait tələb edir. Biz bu işlərə milyardlarla manat vəsait yönəltmişik və çox düzgün addım atmışıq. Çünki bu, lazım idi. Sosial təminat bizim üçün ən başlıca vəzifədir. Buna nail olmaq üçün bizim iqtisadi imkanlarımız olmalıdır. Ona görə iqtisadi inkişaf nə qədər yüksək templərlə artsa, sosial təminat da bir o qədər yaxşılaşacaq, maaşlar, pensiyalar artacaq. Ona görə bu gün ölkəmizdə aparılan islahatlar bu məqsədi güdür. İlk növbədə, sosial sahədə daha böyük nailiyyətlərə nail olmaq üçün biz iqtisadi sahədə düzgün prinsiplər əsasında işimizi qurmalıyıq. Şəffaflıq, dürüstlük, korrupsiya və rüşvətxorluqla mübarizə, iqtisadi islahatlar, struktur islahatları - bütün bunlar ölkəmizə böyük canlanma gətirir. Builki iqtisadi göstəricilərimiz çox müsbətdir. Əldə edilmiş bütün əlavə gəlirləri biz sosial sahəyə yönəltdik. Bugünkü bu gözəl, 96 mənzildən ibarət binanın açılışı bunun bariz nümunəsidir".

Kölgə iqtisadiyyatına qarşı mübarizə

Prezident Əliyev müşavirədə rüşvətxorluğa qarşı mübarizdən də danışıb, bəzi məmurlara xəbərdarlıq edib: “Potensial rüşvət verənlərə deyirəm ki, dayandırın bunu. Əgər kimsə sizdən əsassız nəsə tələb edirsə, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, mərkəzi icra orqanlarına dərhal məlumat verin. Bu, qətiyyən yolverilməzdir. Çünki sahibkarlığın inkişafının qabağını alan bir çox hallarda məmur özbaşınalığıdır. Məmurlar görən kimi haradasa iş başlayır, bəzi hallarda dərhal cumurlar ora, öz payını tələb edirlər, yaxud da ki, nəsə qoparmaq istəyirlər. Buna son qoyulmalıdır”.

Vurğulayaq ki, müşavirədəki çıxışı ilə ölkə rəhbəri korrupsiyaya qarşı mübarizənin həllini istiqamətində sərt addımlar atacağını nümayiş etdirib. Prezident Əliyev kölgə iqtisadiyyatını məhv edəcəyini və vergi siyasətinin gücləndiriləcəyini bəyan edib.

Ölkə başçısı açıq xəbərdarlıq edib - özəl şirkətlərdə gəlirlər gizlədilməsin və vergilər tam şəkildə ödənsin: “Sahibkarlardan tələbimiz var, onlar dürüst olsunlar, təmiz işləsinlər, əyri yola getməsinlər, vergiləri gizlətməsinlər. Vergiləri tam ödəsinlər, vergilərdən başqa heç kimə, heç bir quruma, heç bir şəxsə bir manat pul verməsinlər”.

Dövlət başçısının çıxışında “vergidən yayındırılan pullar kiminsə cibinə gedirdi və bu pullardan Azərbaycan vətəndaşı məhrum idi” xəbərdarlığı ilə Azərbaycanda kölgə iqtisadiyyatını yox edəcəyini açıq bildirib. Prezident Əliyevin müşavirədə Ağstafanın və Yevlaxın sabiq icra başçısının həbsini yada salması da təsadüfi deyil. Prezident bu kimi halların birdəfəlik aradan qaldırılması üçün müşavirədə son xəbərdarlığını da etdi: “Hər kəs qiymətini də, mükafatını da, cəzasını da öz əməlinə görə alacaq”.

Azərbaycan Dördüncü Sənaye İnqilabında lider olmalıdır

Dövlət başçısı müşavirədə daha bir mühüm məsələyə də toxundu - Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılması. Prezident vurğuladı ki, ölkəmizin əhəmiyyətini, rolunu və bizə olan münasibəti əks etdirən son hadisə Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Davos Forumu ilə Azərbaycan arasında Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılması hadisəsidir: “Bu, çox əlamətdar hadisədir. Çünki Davos Ümumdünya İqtisadi Forumu dünyada bir nömrəli Forumdur, bundan yuxarı yoxdur. Bu, həm siyasi, həm iqtisadi sahədə nömrə birdir və bu bölgədə, Cənubi Qafqazda, Orta Asiyada Azərbaycanı mərkəz kimi seçmək, əlbəttə, böyük hadisədir, mən və Forumun prezidenti niyyət protokolunu imzaladıq, indi işlər başlanacaq və Dördüncü Sənaye İnqilabında Azərbaycan lider olmalıdır. Necə ki, Davos Forumu bizi lider kimi görür, biz də lider olmalıyıq. Ona görə ki, bu, gələcək inkişafımız deməkdir. Biz elmi tərəqqini, inkişafı təmin etməliyik, ölkəmizi gələcəyə aparmalıyıq, müasirləşdirməliyik. Beləliklə, hesab edirəm ki, bu hadisə bizim növbəti uğurumuzdur, növbəti qələbəmizdir. Əminəm ki, bundan sonra qələbələrimizin sayı çox olacaq”.

İslahatlar davam edəcək

Beləliklə, İlham Əliyev cəmiyyətə mesaj verdi. Ölkə başçısı islahatları davam etdirmək fikrindədir. Bundan başqa, qarşıya qoyulan hədəfləri açıqlayan Prezidentin bu hədəflərə çatmaq üçün iradə nümayiş etdirəcəyi şübhə doğurmur. Odur ki, hər kəs üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməlidir. Dövlət başçısının ölkədə baş verən hər şeydən xəbərdar olduğu verdiyi mesajlardan da aydın görünür. Müşavirədə bəzi məmurların əməllərindən xəbərdar olduğunu açıqlayan Prezident Əliyev nümayiş etdirdi ki, o özünə əmin, xalqa arxayındır. Prezident icra strukturları ilə bağlı verdiyi mesajında məmurların, xüsusilə bilavasitə əhali ilə işləyən və səfərbərlik sxemlərinə cəlb edilən məmurların iqtidarın populyarlıq miqyasına mənfi təsir göstərdiyini dedi.

Əslində, ölkə başçısının proqram xarakterli çıxışı yeni və olduqca ciddi kadr və struktur islahatlarının xəbərçisi idi. Prezident Əliyev heç kəsə güzəşt etməyəcəyini ən sərt formada nümayiş etdirdi. İndi qalır bu mesajlardan dərs çıxarmaq...

APA Analytics

ONA

Teqlər:

SON XƏBƏRLƏR